Məhkəmə qərarları › İş №2-1(120)-858/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-858/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-858/2023 21.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 21 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Masallı şəhər İstehlak Cəmiyyətində mühasibat işi üzrə təcrübəçi, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Masallı şəhər İstehlak Cəmiyyətində mühasib, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək X12 İstehlak Cəmiyyətində mühasib, xx.xx.1984-cü ildən xx.xx.1994-cü ilədək X10 İstehlak Cəmiyyətində baş mühasib, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “İskopbank” X3 baş mühasib, xx.xx.1997-ci ildən xx.xx.2000-ci iiədək Masallı rayon İstehlak Cəmiyyətində kommersiya üzrə ötürücü, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək Masallı rayon İstilik Təsərrüfatı İdarəsində nəzarətçi-operator işlədiyi nəzərə alınmaqla ona xx.xx.2021-ci ildə təyin edilmiş sosial müavinətin yaşa görə əmək pensiyasına dəyişdirilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və arada olan fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “onun işlədiyi illərin, texnikumda təhsil aldığı illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cı ildə anadan olmaqla xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Bundan öncə isə 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, 1976-1978-ci illərdə orta ixtisas üzrə əyani təhsil almışdır. xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Masallı şəhər İstehlak Cəmiyyətində mühasibat işi üzrə təcrübəçi, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Masallı şəhər İstehlak Cəmiyyətində mühasib, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək X12 İstehlak Cəmiyyətində mühasib, xx.xx.1984-cü ildən xx.xx.1994-cü ilədək X10 İstehlak Cəmiyyətində baş mühasib, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək «İskopbank» X3 baş mühasib, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək Masallı Rayon İstehlak Cəmiyyətində kommersiya üzrə ötürücü, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək Masallı rayon İstilik Təsərrüfatı İdarəsində nəzarətçi-operator vəzifəsində işləmişdir. Lakin ona xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinət təyin olunmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın hüququnun yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin ödənilməsi barədə cavabdehə müraciət etsə də, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26 iyul 2022-ci il tarixli məktubundan görünür ki, işlədiyi dövrlər tam nəzərə alınmamış və ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Halbuki, qeyd olunan dövr ərzində işləməyi əmək kitabçası ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasıınn 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısım itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Ona 2021-ci ilin sentyabr ayının 18-dən pensiya təyinatı həyata keçirilməklə həmin vaxt sosial pensiya təyin edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən pensiya təyinatı həyata keçirilərkən 25 ildən artıq stajı var idi. Bu isə onu göstərir ki, pensiya təyinatı həyata keçirilərkən yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, əsassız olaraq ona sosial pensiya təyin edilmişdir. Cavabdeh qurum ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən son işlədiyi müəssisələr olan «İskopbank» X3, Masallı Rayon İstehlak Cəmiyyətində və X4 İdarəsində işlədiyi dövrdə əmək haqqı almağı barədə sənəd olmamasına istinad etmişdir. Qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbacan Respublikası Qanunu qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən işlədiyi dövrə dair əmək kitabçasında müvafıq qeydlər olduğundan həmin dövrlər sığorta stajına daxil edilməli idi. Ancaq cavabdeh qurum bunu nəzərə almamaqla qanunvericiliyin tələbini və onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qanunvericiliyə uyğun olaraq ona pensiya növünün dəyişdirilərək yaşa görə əmək pensiyasınin təyin edilməsi və pensiyanın hüququnun yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin ödənilməsi barədə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat tələbini təmin etməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022ci il tarixdə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********4 nömrəli cavab məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən onun 19 il 09 ay sosial sığorta stajı mövcuddur. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sirvan İnzibati Məhkəməsinə müraciət etmisdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən əmək kitabçasının, hərbi biletin, təhsil haqqında diplomun surətlərinə və arxiv arayışlarına əsasən iddiaçının sosial sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək iddiaçının hərbi xidmətdə olduğu dövr və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 19 il 9 ay təşkil edir. Bundan əlavə, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildirirlər ki, təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh orqanın 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası “İskoopbank” X3, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Masallı rayon İstehlak Cəmiyyətində və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 İdarəsindəki əmək fəaliyyəti zamanı iddiaçıya əməkhaqqı hesablanmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən əmək haqqı alınmayan müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və ümumi sığorta staiı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan iddiaçıya yaşa gorə əmək pensivasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə Masallı Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Masallı raonunun Oncakələ kəndində doğulmuş və Masallı rayonunun Öncəqala kəndində yaşayır. İş materiallarında olan 13 noyabr 1974-cü il tarixli, HZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 11 ay 21 gün hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 5 iyul 1978-ci il tarixli, Я 048181 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Kooperativ Texnikumunda 1 il 10 ay 4 gün təhsil almışdır. İş materiallarında olan xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı məxsus 05 fevral 1979-cu il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Masallı şəhər İstehlak Cəmiyyətində 4 ay 25 gün mühasibat işi üzrə təcrübəçi, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Masallı şəhər İstehlak Cəmiyyətində 2 il 6 ay 29 gün mühasib, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək X12 İstehlak Cəmiyyətində 2 il 8 ay 10 gün mühasib, xx.xx.1984-cü ildən xx.xx.1994-cü ilədək X10 İstehlak Cəmiyyətində 10 il 3 ay 18 gün baş mühasib, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “İskoopbank” X3 3 il 1 ay 23 gün baş mühasib, xx.xx.1997-ci ildən xx.xx.2000-ci iiədək Masallı rayon İstehlak Cəmiyyətində 2 il 4 ay 3 gün kommersiya üzrə ötürücü, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək Masallı rayon İstilik Təsərrüfatı İdarəsində 5 il 7 ay 18 gün nəzarətçi-operator vəzifələrində işləmiş və bu müddət ərzində 27 il 1 ay 6 gün iş stajı toplamışdır. İş materiallarında olan Masallı Rayon Dövlət Arxivinin 22 fevral 2022-ci il tarixli, 48 nömrəli və 18 oktyabr 2022-ci il tarixli, 370 nömrəli arayışlarına əsasən Masallı rayon İstilik Təsərrüfatı İdarəsinin sənədləri (əmr kitabları, əməkhaqqı sənədləri və s.) arxivə təhvil verilməmişdir. İş materiallarında olan “Azərittifaq”ın 03 dekabr 2021-ci il tarixli, AAŞ-İHA123/48 nömrəli məktubuna əsasən “Azərittifaq”ın tabeliyində olan “İskoopbankın sənədləri həmin təşkilatın arxivinə təhvil verilməmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci tarixli, **********428600 nömrəli “məlumatın verilməsi haqqında” məktubuna əsasən uçot-baza məlumatlarında Masallı rayon İstilik Təsərrüfatı İdarəsinin xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınması və xx.xx.2011-ci il tarixdə ləğv olunması barədə məlumatlar mövcuddur. İş materiallarında olan “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 26 iyul 2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosiai İnnovasiyalar üzrə X6 “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının, hərbi biletinizin, təhsil haqqında diplomunuzun surətlərinə vəarxiv arayışlarına əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz dövr və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığınız illər nəzərə alinmaqla) 19 il 9 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nətcəsinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası “İskoopbank” X3, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Masallı rayon İstehlak Cəmiyyətində və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X4 İdarəsindəki əmək fəaliyyətiniz zamanı sizə əməkhaqqı hesablanmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində göstərilən əməkhaqqı almadığınız müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən “İskoopbank”ın Masallı filialının müdiri vəzifəsində işləmiş və İddiaçı onunla bərabər 1994-cü ildən 1997-ci ilədək filialın baş mühasibi vəzifəsində işləmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı hərbi xidmət (1 il 11 ay 21 gün), təhsil (1 il 10 ay 4 gün) və əmək kitabçasında qeyd olunmuş iş illəri (26 il 1 ay 6 gün) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 30 il 11 ay sığorta stajı toplamış, yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh hərbi xidmət, təhsil və əmək kitabçası üzrə xx.xx.1978-xx.xx.1994-cü illər nəzərə alınmaqla iddiaçının qanunla tələb olunan minimum 25 il əvəzinə 19 il 9 ay iş stajına malik olduğunu, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası “İskoopbank” X3, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Masallı rayon İstehlak Cəmiyyətində və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X4 İdarəsindəki ümumilikdə 11 il 1 ay 14 gün təşkil edən əmək fəaliyyəti üzrə həmin təşkilatların sənədlərinin müvafiq orqanlara təhvil verilməməsi səbəbindən araşdırma aparılmasının mümkün olmadığını, bununla əlaqədar qeyd olunan iş illərinin iddiaçının sığorta stajına daxil edilmədiyini bildirərək ona yaşa görə pensiya təyinatından imtina etmişdir. “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 26 iyul 2022-ci il tarixli, **********4 nömrəli məktubundan və məhkəməyə təqdim olunmuş iddiaya qarşı etirazdan göründüyü kimi, iddiaçının hərbi xidmət, təhsil və əmək kitabçasına əsasən xx.xx.1978-xx.xx.1994-cü illər üzrə topladığı 19 il 9 ay sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilməyərək təsdiq olunmuş, yalnız əmək kitabçasına əsasən xx.xx.1994-xx.xx.2005-ci illəri əhatə edən əmək fəaliyyəti dövründə topladığı ümumilikdə 11 il 1 ay 14 gün təşkil edən iş stajı yuxarıda adları qeyd olunan təşkilatlar tərəfindən sənədlərin müvafiq orqanlara təhvil verilməməsi, bununla əlaqədar həmin dövr üzrə araşdırma aparılmasının mümkün olmaması səbəbindən qeyd olunan iş illəri iddiaçının sığorta stajına daxil edilməmiş, nəticədə ona yaşa görə pensiya təyinatından imtina olunmuşdur. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlillri əsassız hesab edir. Belə ki, işdə olan İddiaçı məxsus 05 fevral 1979-cu il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, onun xx.xx.1994cü ildən xx.xx.1997-ci ilədək “İskoopbank” X3 3 il 1 ay 23 gün baş mühasib, xx.xx.1997-ci ildən xx.xx.2000-ci iiədək Masallı rayon İstehlak Cəmiyyətində 2 il 4 ay 3 gün kommersiya üzrə ötürücü, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək Masallı rayon İstilik Təsərrüfatı İdarəsində 5 il 7 ay 18 gün nəzarətçi-operator vəzifələrində işləməsi, bu müddət ərzində topladığı 11 il 1 ay 14 gün iş stajı həmin müəssisələrin müvafiq əmr və möhürləri ilə təsdiq olunmuşdur. Beləliklə, İddiaçı hərbi xidmət, təhsil və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə 30 il 11 ay sosial sığorta stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, “İskoopbank” X7, Masallı rayon İstehlak Cəmiyyətinin və X4 İdarəsinin sənədlərinin müvafiq orqanlara təhvil verilməməsinin məsuliyyətinin iddiaçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçının 30 il sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1956-cı ildə doğulmuş və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş İddiaçı əmək kitabçasına, hərbi biletinə və diplomuna əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri, texnikumda təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri, texnikumda təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar