Məhkəmə qərarları › İş №2-1(120)-86/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-86/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-86/2020 09.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin nümayəndəsi X1 (Göyçay şəhəri, Atatürk küçəsi, ev 104-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən qeyri-yaşayış binasına dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi əsasında onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən qeyri-yaşayış binasına dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi əsasında onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər Kürdəmir rayon Xırdapay bələdiyyəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri və X6 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, üçüncü şəxslər Kürdəmir rayon Xırdapay bələdiyyəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin və X4 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən qeyri-yaşayış binasına dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsinin əldə olunması səbəbi ilə qanunvericiliyə uyğun olaraq itmə barədə arayış və elan olunmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi müraciətinin icrasından 22.05.2019-cu il tarixli məktubla imtina etmişdir. Eyni zamanda həmin qeyri-yaşayış sahəsinə dair 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsinin mövcudluğu barədə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi tərəfindən ona 27.05.2017-ci il tarixli arayış da verilmişdir. Odur ki sözügedən qeyri-yaşayış binasına müvafiq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, iddiaçının müraciət ərizəsinə Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış binasına dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsinin itməsi ilə bağlı mətbu nəşrdə dərc edilmiş elan, tapıntı ilə bağlı məlumatın olmaması barədə Bakı şəhəri Baş Polis İdarəsinin müvafiq arayış əlavə edilmişdir. Həmin sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğu yoxlanılarkən, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsinin reyestr kitabında qeydiyyatının olmasına baxmayaraq arxiv qovluğunun aşkar olunmadığı, həmçinin sözügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasport ərizəyə əlavə edilmədiyindən isə zəruri olan inventarlaşdırma işlərinin aparılması mümkün olmamış və ona imtina bildirişi göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 27.05.2017-ci il tarixli, **********78 nömrəli arayışı, cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin 16.12.2019-cu il tarixli, **********28 nömrəli məktubu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.03.2020-ci il tarixli, **********88 nömrəli məktubu əlavə edilmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır.Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Kürdəmir rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibatiiqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə 14 noyabr 2019cu il tarixli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı Osmanov X2 rayonu, Köhnəbazar kəndində yerləşən qeyri-yaşayış binasına dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi əsasında onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan AZE 16703351 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.03.1982-ci il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində doğulmuş, Kürdəmir rayonu, Şıxımlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 27.05.2017-ci il tarixli, **********78 nömrəli arayışından görünür ki, İddiaçı adına tam mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən, 07.08.2003-cü il tarixdə 779 nömrə ilə qeydiyyata alınmış qeyri-yaşayış binası, ümumbirgə mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən 2,04 ha pay torpaq sahəsi və ümumbirgə mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin iddiaçıya ünvanladığı daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair 22.05.2019-cu il tarixli, **********20 nömrəli bildiriş məktubundan görünür ki, müraciət ərizəsində göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğu yoxlanılarkən göstərilən daşınmaz əmlakla bağlı heç bir məlumat aşkarlanmadığından, obyektin texniki pasportu təqdim edilmədiyindən isə zəruri olan inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin 16.12.2019-cu il tarixli, **********28 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Xırdapay kəndi (Köhnəbazar kəndi) ərazisində yerləşən qeyri-yaşayış binasına dair İddiaçı adına verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsinin ləğv edilmiş DTİMHQİ tərəfindən ərazi idarəsinə təhvil verilmiş reyestr kitabında qeydiyyatının olmasına baxmayaraq, ərazi idarəsində saxlanılan arxiv sənədlərində hər hansı bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.03.2020-ci il tarixli, **********88 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi və həmin vəsiqənin verilməsinə əsas olmuş sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan "xxxx" MMCnin arxivlərində mövcud deyil. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı onun adına tam mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən, 07.08.2003-cü il tarixdə 779 nömrə ilə qeydiyyata alınmış qeyri-yaşayış binasının olduğu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 27.05.2017-ci il tarixli, **********78 nömrəli arayış verilmişdir. İddiaçı həmin daşınmaz əmlaka dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi əsasında onun adına çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə müraciət etmiş, lakin iddiaçı tərəfindən təqdim olunmuş məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğu yoxlanılarkən göstərilən daşınmaz əmlakla bağlı heç bir məlumat aşkarlanmadığından, obyektin texniki pasportu təqdim edilmədiyindən isə zəruri olan inventarlaşdırma işlərinin aparılması mümkün olmamış və daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi və həmin vəsiqənin verilməsinə əsas olmuş sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan "xxxx" MMC-nin arxivlərində mövcud deyil. Göründüyü kimi iddiaçı 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi əsasında onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Ancaq məhkəmə araşdırması zamanı həmin qeydiyyat vəsiqəsinin mövcudluğu öz təsdiqini tapmamış, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (qeydiyyat vəsiqəsinin əslini və ya surətini) təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən qeyri-yaşayış binasına dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi əsasında onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən qeyri-yaşayış binasına dair Kürdəmir rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07.08.2003-cü il tarixli, 779 saylı qeydiyyat vəsiqəsi əsasında onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar