Məhkəmə qərarları › İş №2-1(120)-862/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-862/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-862/2023 21.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “soyadın sonluğunun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı daşıdığı “Əlixanoğlu” soyadının “Əlixanlı” soyadı ilə dəyişdirilməsi, eləcə də soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1993-cü il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində anadan olmuşdur. Ona XVİİİ-ЖГ №309917 nömrəli doğum haqqında şəhadətnamə verilərkən şəhadənamədə soyadı “Əlixanoğlu”, adı “Ravin” kimi qeyd edilmiş, ata adı isə göstərilməmiş və həmin şəhadətnamə əsasında 2010-cu ildə AZE №07339107 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə də soyadı “Əlixanoğlu”, adı “Ravin” kimi qeyd edilmiş, ata adı isə göstərilməmişdir. Yetkinlik yaşına çatdıqdan sonra sənədlərində ata adının qeyd edilməsi üçün 2019-cu ildə Cavabdehnə mürciət etmiş və onun müraciətinə rədd cavabı verildiyi üçün “Vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsi” barədə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 fevral 2020-ci il tarixli, 2(049)-407/2020 saylı qətnaməsi ilə tələbi təmin edilmiş, ərizəçi İddiaçı adına Cavabdehndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 21 sentyabr 1993-cü il tarixli, 63 nömrəli qeyddə düzəliş edilməsi həmin qeyddə soyad, ad və ata adı qrafasında yazılmış “İddiaçı” qeydinin “İddiaçı kimi” qeyd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında müvafiq düzəlişlər edilmiş və ona yeni doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi verilmişdir. Bundan sonra soyadının sonluğu ilə ata adının sonluğu eynilik təşkil etməklə tələffüz zamanı yaxşı səslənmədiyindən, eyni zamanda soyadı olmadığı üçün ərizə ilə Cavabdehnə soyadının sonluğunun dəyişdirilərək “Əlixanoğlu” soyadının “Əlixanlı” soyadı ilə əvəz edilməklə soyad sonluğunun dəyişdirilməsini xahiş etsə də qeydiyyat şöbəsi tərəfindən ona imtina verilərək soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir qeydi edilməklə məhkəməyə mürciət etməli olduğu bildirilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, “Əlixanoğlu” soyadı ona doğulduğu zaman verilmiş, həmin soyad sonluğu hazırki vaxta kimi dəyişdirilməmiş və onun dəyişdirilməsi üçün də heç bir müraciəti olmamışdır. Bu yaxınlarda qız övladı dünyaya gələcək və onun soyadı da onun soyadı kimi “Əlixanoğlu” kimi qeyd edilərsə onun soyadı da qız övladında soyadı oğlan kimi səslənəcəkdir. Bütün bunları Cavabdehndə bildirsə də şöbənin əməkdaşları və rəhbərliyi onu dəyişə bilməyəcəyini bildirərək soyad sonluğunun dəyişdirilməsindən ötrü məhkəməyə müraciət etməyi izah olundu. Ona görədə o, məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı daşıdığı “Əlixanoğlu” soyadının “Əlixanlı” soyadı ilə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 946 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarının 5.10-cu bəndinə (qeydiyyat şöbəsi və konsulluq tərəfindən soyad sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir) əsasən məhkəmə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-lı”, “-li”, “-lu”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi soyadın dəyişdirilməsi deyil, soyadın sonluğunun dəyişdirilməsi ilə bağlıdır, hansı ki, həmin sonluğu (“lı” sonluğu) Azərbaycan Respublikası Milli Məcəlisinin yuxarıda qeyd olunan qərarı mümkün sayır. Soyad sonluğunun ikinci dəfə dəyişdirilməsinə isə, qanunvericilik konkret şəkildə hər hansı məhdudiyyət qoymamışdır. Nəzərə alınmalıdır ki, hətta adı dəyişdirilməsinə yol verilməyən hallar da hazırkı iddiaçıya münasibətdə mövcud deyil (müvafiq sorğuya cavab məktubundan belə məlum olur). Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir şəxs müvafiq hallar istisna olmaqla, soyadın, habelə onun sonluğunun seçimində sərbəstdir və bu, onun istəyindən asılıdır. Müvafiq hallar isə qanunvericiliklə (Qaydaların 6.5-ci bəndi) konkret müəyyən edilmişdir və məhkəmə bir daha vurğulayır ki, məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər, Rayon Polis Şöbəsi sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçıya münasibətdə heç bir təqsirləndiriləci materialın olmadığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına tərtib olunmuş doğum akt qeydində onun soyadının “Əlixanoğlu”dan “Əlixanlı”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 14-cü, 23.1-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adına tərtib olunmuş doğum akt qeydində onun soyadının “Əlixanoğlu”dan “Əlixanlı”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar