Məhkəmə qərarları › İş №2-1(120)-866/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-866/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-866/2020 08.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdeh Dövlət Sosial X6 şəhər şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X6 şəhər şöbəsinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi təyin edilmiş 275 manat Prezident təqadünün 14 noyabr 2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi təyin edilmiş 275 manat Prezident təqadünün 14 noyabr 2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsi üçün Dövlət Sosial X6 şəhər şöbəsinə müraciət etmiş, lakin cavabdeh 27 fevral 2020-ci il tarixli, **********5 nömrəli məktubla imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi təyin edilmiş 275 manat Prezident təqadünün 14 noyabr 2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial X6 şəhər şöbəsi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup Prezident təqaüdü təyin edilmiş (275 manat) və hal-hazırda həmin müavinəti alır. Təqaüd təyin edildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial X6 şəhər şöbəsindən Prezident təqaüdü təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün həmin müavinəti almaq istəmişdir. Qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin şöbədən onun müraciətinə 27 fevral 2020-ci il tarixli məktubla cavab verilərək ona təyin edilmiş Prezident təqaüdünün əvvəlki 3 il üçün ödənilməsindən imtina edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Sosial X6 şəhər şöbəsinin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 05 may 2020ci il tarixli, **********6 saylı məktubunun və Dövlət Sosial X6 şəhər şöbəsinin 04 iyun 2020ci il tarixli, **********7 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi təyin edilmiş 275 manat Prezident təqadünün 14 noyabr 2019cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Dövlət Sosial X6 şəhər şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, ƏƏSMN-nin yanında DSMF-nun Şirvan şəhər şöbəsi Sizin xx.xx.2020-ci i tarixli, **********4 saylı müraciətnizə cavab olaraq bildirir ki, Sosial müavinətlərin təyin olunması və ödənilməsi Azərbaycan Respublikası “Sosial Müavinətlər haqqında” Qanuna uyğun olaraq aparılır. Sizə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlilliyin təyinat tarixi xx.xx.2019-cu il tarixdən qeyd olunub. Əlilliyə görə təyinat əlillik səbəbi təsdiq olunan tarixdən Azərbaycan Respublikası “Sosial Müavinətlər haqqında” Qanunun 9-cu maddəsinin 9.1.2 bəndinə uyğun olaraq aparılıb. Bu səbəbdən Sizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2ci dərəcəli əlilliyə görə təyinat xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilmişdir. İşdə olan Dövlət Sosial X6 şəhər şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin şöbəyə ünvanladığınız xx.xx.2020-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Sizə ƏƏSMN yanında DSMFnun Şirvan şöbəsi tərəfindən aşağıdakı təyinatlar aparılmışdır: (1) xx.xx.2015-ci il tarixdən ümumi səbəbdən 2-ci qrup əlilliyə görə əmək pensiyası, xx.xx.2019-cu il tarixdən əlilliyin səbəbində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədarqeyd olunmuşdur. Hazırda bu pensiyanın məbləği 230,46 (iki yüz otuz manat 46 qəpik) manatdır. (2) xx.xx.2019-cu tarxidən Azərbaycan Respublikası Prezdentinin sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyiniz üçün müharibə veteranı təqaüdü 80,00 manat təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə 2-ci qrup əlilliyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup Prezident təqaüdünüz təsdiq olunduğu üçün 80,00 manat dayandırılmışdır və aylıq məbləğiniz 230,00 (iki yüz otuz manat) manat olmuşdur. (3) xx.xx.2019-cu il tarixdən ARME əlillin övladlarının hər birinə 15,00 manat olmaqla cəmi 45,00 (qırx beş manat) sosial müavinət təyin olunmuşdur.Hazırda şöbəmizdən ümumilikdə 505,46 (230,46+230,00+45,00) manat sosial müavinət və əmək pensiyası alırsınız. İşdə olanAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 05 may 2020-ci il tarixli, **********6 saylı məktubunda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 şəhər şöbəsinə qarşı, “müharibə veteranı vəsiqəsini aldığı tarixdən üç il əvvəlki müddətə müharibə veteranı müavinətinin hesablanaraq” ödənilməsi tələbinə dair 2-1(120)866/2020 saylı iş üzrə aşağıdakıları nəzərinizə çatdırırıq: Müəyyən olunmuşdur ki, Ədilov X5 Şəhər Mərkəzi xəstəxanasının göndərişi əsasında xx.xx.2015-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında “Hipertoniya xəstəliyi İİ mər.Serebro-kardinal forma Vertebro-baziiyar hövzədə beyin qan dövranı pozğunluğu. Statik-koordinator pozğunluqlarla. Hipertenziv disssirkulyator ensefalopatiya. Qapalı kəlləbeyin travması, baş beynin silkələnməsi. Tez- tez vegetativ damar krizləri ilə” xəstəliyi ilə ilkin müayinə edilmiş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı ikinci dərəcə əlilliyi, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq mkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 6.1-ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 3254003AAFZL saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə müvafiq olaraq “Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, hüquq münasibətlərinin qüvvədə olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə müvafiq olaraq əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 1.6-cı bəndinə görə, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çemobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə uyğun olaraq əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Əmək pensiyaları haqqında” Azərbaycan Respbulikası qanunun 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi və onun aylıq məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Həmin Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnaməyə əsasən məcburi dövlət sosial sığortası, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiyaları və digər sosial ödəmələr sahəsində normativ hüquqi aktlarının tələblərinin özünün yerli orqanları tərəfindən yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək Fondun vəzifəsidir (bənd 3.1, 3.16.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli, 311 nömrəli Qərarı ilə təsdiqlənmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 1.1-ci bəndinə uyğun olaraq bu Bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla) sosial müavinətlərin, ayn-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qaydaların 1.4-cü bəndinə müvafiq olaraq birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Məhkəmə müəyyən etdi ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyinin barədə qərar verilmişdir. Bundan sonra İddiaçı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı xx.xx.2019cu il tarixdən şamil edilərək Prezident təqaüdü ilə təmin olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana Prezident təqaüdünün 14 noyabr 2019-cu il tarixdən əvvəlki 3 il üçün ödənilməsinə dair ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Yuxarıda qeyd olunanları hüquq normalarını və işin faktiki halarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil hesab olunduğundan ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin tarixdən verilə bilər. Başqa sözlə həmin təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin təyin edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarda həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddəti müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Dövlət Sosial X6 şəhər şöbəsinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi təyin edilmiş 275 manat Prezident təqaüdün 14 noyabr 2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial X6 şəhər şöbəsinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi təyin edilmiş 275 manat Prezident təqaüdün 14 noyabr 2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar