Məhkəmə qərarları › İş №2-1(120)-868/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-868/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-868/2022 17.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 17 may 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə X12 Şəxsin 10 saylı Regional Ərazi Filialının qanunsuz hərəkətlərindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il hərbi xidmət müddətinin, 1971-1975, 1977-1996-cı illərdə İmişli rayonunun Aranlı (Lenin adına) kolxozunda işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 10 saylı Regional Ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan Regional filialı əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan Regional filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. 1971-1975, 1977-1996-cı illərdə İmişli rayonunun Aranlı (Lenin adına) kolxozunda kolxozçu işləmişdir. Yerinə yetirilmiş adamgünləri minimum adamgünü normasından xeyli artıqdır. 27 il sığorta stajı vardır. DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi flialına ona yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh 28.07.2021-ci il tarixli məktubunda bildirir ki, guya o, əmək kitabçası təqdim etmədiyinə, sığorta stajı arxiv arayışı ilə təsdiq olunduğuna görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Cavabdehin həmin cavabı qanuna ziddir. Belə ki, qeyd etdiyi işlərdə işləməyi arxiv arayışı, hərbi xidmət sənədi ilə təsdiq olunur. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. “X1 haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya ış stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (bas direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 10.05.2021-ci ildə onun 65 yaşı tamam olmuşdur. Qeyd edilənlərə əsasən işlədiyi illər ona sığorta stajı kimi nəzərə alınmalı və yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İ.X.X8 Asan Xidmət Mərkəzinə ərizə ilə müraciət edərək, ona yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, müraciət edərkən stajını təsdiq edən sənəd kimi arxiv arayışı təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı (keçmiş 10 saylı regional ərazi filialı) tərəfindən verilən imtina məktubuna əsasən əmək kitabçası təqdim edilmədiyindən ona yaşa görə pensiya təyin edilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1.1-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a (X10) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən Milli Arxiv İdarəsi və dövlət arxivləri arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onların sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. İddiaçı 1971-1996-cı illərdə İmişli rayonu Aranlı (keçmiş “Lenin”) adına kolxozda işləməsinə dair imişli rayon Dövlət Arxivinin 08 iyul 2022-ci il tarixli, 59 saylı arxiv arayışını təqdim etmişdir. Bu səbəbdən həmin illər sığorta stajı hesablanan zaman nəzərə alınmamışdır. Beləliklə, hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yasa görə əmək pensiyası hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, 09 may 1975-ci il tarixdən 13 may 1977-ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş; İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda 1971-ci ildə 68 adam günü, 1972-ci ildə 271 adam günü, 1973-cü ildə 293 adam günü, 1974-cü ildə 299 adam günü, 1975-ci ildə 145 adam günü, 1977-ci ildə 202 adam günü, 1978-ci ildə 328 adam günü, 1979-cu ildə 342 adam günü, 1980-ci ildə 317 adam günü, 1981-ci ildə 338 adam günü; 1982-ci ildə 345 adam günü; 1983-cü ildə 364 adam günü; 1984-cü ildə 306 adam günü; 1985-ci ildə 311 adam günü; 1986-cı ildə 318 adam günü; 1987-ci ildə 331 adam günü; 1988-ci ildə 287 adam günü; 1989-cu ildə 271 adam günü; 1990-cı ildə 319 adam günü; 1991-ci ildə 315 adam günü; 1992-ci ildə 365 adam günü; 1993-cü ildə 302 adam günü; 1994-cü ildə 315 adam günü; 1995-ci ildə 361 adam günü; 1996-cı ildə 362 adam günü işləmişdir. İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda kişilər üçün 1971-1975-ci və 1976-1996-cı illərdə adam günləri minimum 260 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1971, 1975 və 1977-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan başqa, iş materiallarında olan НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 09 may 1975-ci il tarixdən 13 may 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 28.07.2021-ci il tarixli, **********7 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bildiririk ki, təqdim etdiyiniz sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, 1971-1996-cı illərdə İmişli rayon “Aranlı” (keçmiş Lenin) kolxozda işləməyiniz barədə iş stajınız arxiv arayışı əsasında təqdim etmisiniz və bu barədə müvafiq qeydlər aparılmış əmək kitabçası təqdim etməmisiniz. Bu səbəbdən Sizə yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1971-1975, 1977- 1996-cı illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda işlədiyi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli, 59 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda işlədiyi 1972-1974, 1978-1996-cı illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1971, 1975 və 1977-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdəki iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxx 1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 10.05.2021-ci ildə yaranmışdır. İddiaçının 1971-1975, 1977-1996-cı illərdə İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda işlədiyi müddət və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1971, 1975 və 1977-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X1» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli, 59 nömrəli arxiv arayışlarından müəyyən edilir ki, İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda 1971, 1975 və 1977-ci illərdə minimum adam günü norması kişilər üçün 260 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1971, 1975 və 1977-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırkı məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı İmişli rayon Dövlət Arxivinin 08.07.2021-ci il tarixli, 59 nömrəli arxiv arayışında göstərilən İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda işlədiyi 1972-1974, 1978-1996-cı illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1971, 1975 və 1977ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı İmişli rayon Dövlət Arxivinin 08.07.2021-ci il tarixli, 59 nömrəli arxiv arayışında göstərilən İmişli rayon sabiq “Aranlı” (keçmiş Lenin) adına kolxozda işlədiyi 1972-1974, 1978-1996-cı illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1971, 1975 və 1977ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar