Məhkəmə qərarları › İş №2-1(120)-87/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-87/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-87/2021 05.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri, H.Zərdabi prospekti ev 71 A, mənzil 15-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 01.07.1955-ci il tarixdə Lerik rayonunun Biləvər kəndində doğulmuş, Lerik rayonu, Biləvər kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 22 may 2020-ci il tarixli, **********3 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.07.1955-ci ildə Lerik rayonunun Biləvər kəndində doğulmuş, hal-hazırda həmin kənddə yaşayır. Yaşa görə ona 01.01.2020-ci ildə sosial müavinət təyin olunmuşdur. Yaşa görə ona sosial müavinət təyin olunmasına baxmayaraq 1972-1973-cü illərdə Biləsuvar rayonu “Kirov” adına kolxozda, 1981-1982-ci illərdə Neftçala rayonu “N.Əliyev” adına kolxozda, 01.08.1990-cı il tarixdən 03.03.2000-ci il tarixədək “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yollar sahəsinin əmək haqqı kitabları Lerik rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün işlədiyi dövr əmək stajına daxil edilməmişdir. Ona görə də sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə təqdim etmiş, lakin təqdim etdiyi arayışlarda və əmək kitabçasında göstərilən illərin iş stajı kimi hesab edilməsi üçün ona Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin ünvanladığı 22.05.2020-ci il tarixli, **********3 nömrəli arayışında əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi qeyd edilmişdir. Bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. 1972-1973-cü illərdə Biləsuvar rayonu “Kirov” adına kolxozda, 1981-1982-ci illərdə Neftçala rayonu “N.Əliyev” adına kolxozda işləmişdir. Lakin işlədiyi dövr ərzində ona əmək kitabçası yazılmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun rnUəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nm (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçının işlədiyini iddia etdiyi illər də daxil olmaqla, 1972-1973-ci il -- 1 il 2 ay (“Kirov” adına kolxozda- minimum əmək günü kişilər üçün 250 gün - 1972-ci il adam günü 125 gün + 1973-cü il adam günü 145 gün = (125+145):25Q_=1 il 2 ay); 1981-1982-ci il - 1 il 7 ay (“N.Əliyev” adına kolxozda - minimum əmək günü kişilər üçün 220 gün - 1981 -ci il adam günü 308 gün - 1 il, 1982-ci il adam günü 132 gün - 132:220= 7 ay); 20.07.1974- 19.11.1975= 1 il 3 ay 29 gün; 28.11.1975- 13.05.1977= 1 il 5 ay 15 gün (hərbi xidmət); 13.06.1977-30.12.1979= 2 il 6 ay 17 gün; 11.12.1982-02.04.1990= 7 il 8 ay 21 gün; 01.08.1990-03.03.2000= 9 il 7 ay 2 gün; 04.03.2000-29.12.2000= 9 ay 25 gün - ümumilikdə 26 il 2 ay 19 gün stajı vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. 1972-1973-ci il “Kirov” adına kolxozda; 1981-1982-ci il “N.Əliyev” adına kolxozda işlədiyini iddia etdiyi dövrlər yalnız arxiv arayışı əsasında təsdiq olunur, əmək kitabçasında qeyd olunmamışdır. Bu səbəbdən “Kirov” və “N.Əliyev” adına kolxozlarda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən mübahisələndirilərı dövr 2 il 9 ay təşkil edir. (1972-1973-ci il -1 il 2 ay; 1981-1982-ci il - 1 il 7 ay) İddiaçının ümumilikdə qeyd edilən 26 il 2 ay 19 gün sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 23 il 5 ay 19 gün sosial sığorta stajı mövcud olur. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 01.08.1990-ci il tarixdən 03.03.2000-ci il tarixədək “xxxx” Dövlət Şirkətinin Lerik 49 saylı yerli yollar sahəsində işlədiyi dövrlərə münasibətdə aşağıdakıları qeyd etmək lazımdır: “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi “xxxx” İnstitutu MMC-dən daxil olmuş 17.02.2021-ci il tarixli 33 №-li arayışda qeyd olunmuşdur ki, İnstitutun arxivinə “xxxx” Dövlət Şirkətinin 49 saylı Yollar Sahəsi tərəfindən 1990-2000-ci il tarixlərə dair heç bir sənəd təqdim edilməmişdir. “xxxx” Dövlət Şirkətinin 49 saylı Yollar Sahəsinin sənədləri Lerik rayon Dövlət arxivinə təhvil verilməmişdir. “xxxx” Dövlət Şirkətinin 49 saylı Yollar Sahəsinin sosial sığorta ödənişi barədə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lerik rayon filialı ilə (7 saylı regional ərazi filialı) heç bir hesabat olmamışdır. Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin strukturunun təsdiq edilməsi haqqında 24.01.2000-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin strukturu təsdiq edilmişdir. İddiaçının əmək kitabçasında 03.03.2000-ci il tarixdə işdən azad olunduğu qeyd olunsa da, 24.01.2000-ci il tarixli qərarda "xxxx" Dövlət Şirkətinin strukturuna daxil olan müəssisələr içərisində Lerik 49 saylı Yollar Sahəsi mövcud deyildir. Həmçinin 03.03.2000-ci il tarixdə işdən azad edilmə möhürü kiril qrafikalıdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25.12.1991 -ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Bu səbəbdən 03.03.2000-ci il tarixdə kiril qrafikalı möhürdən istifadə oluna bilməz. Bütün bunları nəzərə alaraq 01.08.1990-cı il tarixdən - 03.03.2000-cril tarixədək “xxxx” Dövlət Şirkətinin 49 saylı Yollar Sahəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən mübahisələndirilən dövr 9 il 7 ay 2 gün təşkil edir (01.08.1990-ci il tarixdən - 03.03.2000-cı il) iddiaçının ümumilikdə qeyd edilən 23 il 5 ay 19 gün sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 13 il 10 ay 17 gün sosial sığorta stajı mövcud olur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154- cü və Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı 2-1 (120)-87/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04994540 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.07.1955-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Lerik rayonu, Biləvər kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.07.1974-cü il tarixdən 29.12.2000-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin 29.11.2018-ci il tarixli, 324 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-1973-cü illərdə Biləsuvar rayonu «Kirov» adına kolxozunda işləmişdir. İşdə olan Neftçala rayon Dövlət Arxivinin 03.12.2018-ci il tarixli, 176 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1981-1982 ci illərdə Neftçala rayonunun «N.Əliyev» adına kolxozunda işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin iddiaçıya ünvanladığı 22.05.2020-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, 1972-1973cü illərdə Biləsuvar rayonu «Kirov» adına kolxozunda, 1981-1982 ci illərdə Neftçala rayonunun «N.Əliyev» adına kolxozunda işləməyi barədə əmək ktabçası olmadığı və 01.08.1990-cı il tarixdən 03.03.2000-ci il tarixədək “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yerli yollar sahəsinin əmək haqqı kitabları Lerik rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün əmək pensiyasının təyin etməkdən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lerik rayon Statistika İdarəsinin məhkəməyə ünvanladığı 20.07.2020-ci il tarixli, 45 nömrəli məktubundan görünür ki, 01.08.1990-cı il tarixdən 03.03.2000-ci il tarixədək və hazırda Lerik rayonu ərazisində “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yerli yollar sahəsi fəaliyyət göstərməmişdir və belə bir müəssisə qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 23.07.2020-ci il tarixli, **********934300 nömrəli məktubundan görünür ki, 23.07.2020-ci il tarixə baza və arxiv məlumatlarına əsasən “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yerli yollar sahəsi adlı hüquqi şəxsin və fəaliyyəti barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat mövcud deyildir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının məhkəməyə ünvanladığı 05.11.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı işləməsinə dair əmək kitabçasında qeyd olunmuş “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yollar sahəsinin sosial sığorta ödənişi barədə DSMF publik hüquqi şəxsin Lerik rayon filialı ilə heç bir hesabatı olmamışdır. İşdə olan Azərbaycan Avtomobil Yolları Dpvlət Agentliyi “xxxx” İnstitutu MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 17.02.2021-ci il tarixli, 33 nömrəliməktubunda qeyd edilmişdir ki, İddiaçı “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yollar sahəsində 01.08.1990-03.03.2000-ci illər üzrə əmək fəaliyyəti barədə sorğunun arxiv sənədləri əsasında araşdırılmışdır. Müəyyən olunmuşdur ki, sözügedən idarə tərəfindən institutun arxivinə 1990-2000-ci illərə aid heç bir sənəd verilməmişdir. Bu səbəbdən İddiaçı “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yollar sahəsində 01.08.1990-cı 03.03.2000-ci illər üzrə əmək fəaliyyəti faktını təsdiq etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə qeyd edir ki, iddiaçı 01.08.1990-cı il tarixdən 03.03.2000-ci il tarixədək “xxxx” dövlət şirkətinin Lerik 49 saylı yerli yollar sahəsində işlədiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin müəssisənin qeyd olunan illərdə fəaliyyətdə olması, həmçinin qeydiyyata alınması ilə barədə məlumatlar aşkar edilməmişdir. Odur ki, məhkəmə həmin hissədə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə olan halda isə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı 1972-1973-cü illərdə Biləsuvar rayonu «Kirov» adına kolxozunda, 1981-1982 ci illərdə Neftçala rayonunun «N.Əliyev» adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi iş illəri və 01.08.1990-cı il tarixdən 03.03.2000-ci il tarixədək «xxxx» dövlət şirkətinin Lerik 49 saylı yollar sahəsində işlədiyi müddəti sosial siğorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar