Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-87/2023 03.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı sərancamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı sərancamı ilə ona kiçik sahibkarlıqla məşğul olması üçün Ələt-Hacıqabul magistral avtomobil yolunun şimalından, yol oxundan 40 metr aralı olmaqla 1000 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. O, qeyd edilən 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan ona məxsus torpaq sahəsinin yolun mühafizə zolağında yerləşdiyini göstərərək mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, torpaq ayrılması barədə Sərancamda torpaq sahəsinin yol oxundan 40 metr aralıda yerləşdiyi qeyd edilmişdir. Qeyd etmək istəyir ki, inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən də hesab edir ki, inzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı sərancamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Nuriyeva X4 rayonu Pirssat qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Ərizə araşdırılan zaman torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə təqdim olunmuş yerquruluşu planında 20 metr fərq olduğu, torpaq sahəsinin M-2 magistral avtomobil yolunun hərəkət istiqaməti oxundan 15 metr məsafədə yerləşdiyi məlum olmuşdur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı ərizəsinin icrasından imtina edilmişdir. Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühsfizə) zolaqlarından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metrenində təsdiq edilib. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən “Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimli mühafizə zonaları yaradılır”. Eyni zamanda, Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə görə dövlət obyektlərinin yerləşdiyi ərazinin mühafizə zonalarının torpaqları dövlətin müstəsna mülkiyyətinə aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: araşdırma zamanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə təqdim edilmiş yerquruluşu planında 20 metr fərq olduğu, torpaq sahəsinin M-2 avtomobil yolunun hərəkət istiqaməti oxundan 15.0 metr, mərkəzi oxundan isə 22.0 metr məsafədə yerləşdiyi məlum olmuşdur. Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilib. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən “Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimli mühafizə zonaları yaradılır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005ci il tarixli, 20 saylı Sərancamının surətindən görünür ki, Hacıqabul rayonu, Pirsaat qəsəbə sakini İddiaçı ərizəsini nəzərə alaraq kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə Ələt- Hacıqabul magistral avtomobil yolunun şimalından, yol oxundan 40 (qırx) metr aralı olmaqla 1000 (min) kv.metr torpaq sahəsi ayrılmışdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Hacıqabul rayonu, Pirsaat qəsəbə sakini İddiaçı tərəfindən Hacıqabul Rayon İcra Hakimiyyətinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə Hacıqabul Rayon İcra Hakimiyyətində baxılmış və İddiaçı kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə Ələt-Hacıqabul magistral avtomobil yolunun şimalından, yol oxundan 40 (qırx) metr aralı olmaqla 1000 (min) kv.metr torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, araşdırma zamanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə təqdim edilmiş yerquruluşu planında 20 metr fərq olduğu, torpaq sahəsinin M- 2 avtomobil yolunun hərəkət istiqaməti oxundan 15.0 metr, mərkəzi oxundan isə 22.0 metr məsafədə yerləşdiyi məlum olmuşdur. Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilib. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən “Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimli mühafizə zonaları yaradılır. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı sərancamına əsasən İddiaçı kiçik sahibkarlıqla məşğul olmaq üçün ayrılmış 0,10 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi Ələt-Hacıqabul magistral avtomobil yolunun mühafizə zolağına düşürmü və yolun mühafizə zolağından hansı məsafədə yerləşir ? - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 12 aprel 2022-ci il tarixli, 10/2179 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı sərəncamına əsasən X1 sahibkarlıqla məşğul olmaq üçün ayrılmış 0.10 hektar torpaq sahəsinin hansı döngə kordinatlarında yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı tərəfindən iddia edilən və mütəxəssisə ərazidə göstərilən torpaq sahəsinin, GPS vasitəsilə ölçülərək hansı koordinatlarda yerləşməsi müəyyən edildi və bu mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında öz əksini tapır. Qərardadın ikinci sualı üzrə- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC Şirvan LTl-nin mütəxəssis rəyinə əsasən faktiki vəziyyətdə M-2 indeksli respublika əhəmiyyətli Bakı-Ələt- Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun hərəkət hissəsinin mərkəzi ilə iddiaçının özü tərəfindən iddia edilən və ərazidə göstərilən torpağa qədər məsafənin 51 metr olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli, 298 saylı qərarının tələblərinə görə, magistral avtomobil yolunun mühafizə zolağına düşmədiyi müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi kimi iddiaçının özü tərəfindən iddia edilən və ərazidə təqdim edilən torpaq sahəsin torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olundu. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 28 dekabr 2022-ci il tarixli, 10/8419 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 mütəxəssis rəyinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı sərəncamına əsasən İddiaçı kiçik sahibkarlıqla məşğul olmaq üçün ayrılmış 0,10 hektar torpaq sahəsinin naturada yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sıra X Y №-Si 1 333993.5654 4434493.2789 2 333991.0107 4434467.4047 3 333953.1946 4434471.1386 4 333955.7493 4434497.0128 Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı kiçik sahibkarlıqla məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin Ələt-Hacıqabul magistral avtomobil yolunun mühafizə zolağına düşmədiyi və yolun mühafizə zolağından 30 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı kiçik sahibkarlıqla məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halının elektron kadastr məlumat bazasında aşkarlanmadığı müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan formal mülahizələrə əsaslanaraq iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Belə ki, cavabdehin imtina üçün gətirdiyi dəlillər torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə təqdim edilmiş yerquruluşu planında 20 metr fərq olduğu, torpaq sahəsinin M-2 avtomobil yolunun hərəkət istiqaməti oxundan 15.0 metr, mərkəzi oxundan isə 22.0 metr məsafədə yerləşdiyinin məlum olduğunu bildirilsə də, iş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya ayrılmış 0,10 ha (1000 kv.m) torpaq sahəsinin Ələt-Hacıqabul magistral avtomobil yolunun mühafizə zolağına düşmədiyi və yolun mühafizə zolağından 30 metr məsafədə yerləşdiyini təsdiqləyir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya ayrılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı Sərancamı ilə Ələt- Hacıqabul magistral avtomobil yolunun şimalından ona ayrılmış 0,10 ha (1000 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 saylı Sərancamı ilə Ələt-Hacıqabul magistral avtomobil yolunun şimalından ona ayrılmış 0,10 ha (1000 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-87/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-87/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver