Məhkəmə qərarları › İş №2-1(120)-870/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-870/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-870/2023 13.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, XX katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “son 3 il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, Astara rayonu, Rüdəkənar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına son 3 il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi üçün müraciət etmiş, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 23 may 2022-ci il tarixli, **********1 nömrəli məktubla son 3-il üzrə fərqin müəyyən edilməsi və ödənilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı xx.xx.2023-cü tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 avqust 1958-ci ildə Astara rayonunda anadan olmuş, 14 yanvar 1977-ci ildə mərhum həyat yoldaşı X5 ilə rəsmi nikaha daxil olmuş, mərhum həyat yoldaşı X5 30 mart 1977-ci ildən 18 mart 1993-cü il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsində polis əməkdaşı xidmət etmişdir. Həyat yoldaşı Sehran Hüseynov 02 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Bundan sonra AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə görə müraciət etmiş, cavabdeh tərəfindən 1 dekabr 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Təyin olunan pensiyaya əlavə olaraq keçmiş müddət üçün hesablanmış 2091,70 manat fərq hissə-hissə ödənməyə başlamışdır. Ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdən əvvəl yaşa görə əmək pensiyası almışdır. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən şəxsin almadığı əvvəlki illərə görə pensiya məbləğləri ən çoxu 3 il müddətlə məhdudlaşdırılmışdır. Sadə riyazi hesablama apardıqda ona azından son 3 il üçün 12000-15000 manat ödənməli olduğu halda, cavabdeh son 3 il müddətə verməli olan pensiya məbləğinin fərqini düzgün hesablamayaraq 2091,70 manat müəyyən etmişdir. Bununla bağlı cavabdehə elektron qaydada müraciət edərək, son 3 il üçün illər üzrə fərqin müəyyən edilməsi və fərqin mənə ödənilməsi müraciət etmiş, çünki illər üzrə aldığı yaşa görə pensiya və mərhum həyat yoldaşının təminat məbləği dəyişib. Bundan əlavə 2018-ci ildə aldığı əmək pensiyası rəsmi arayışa əsasən 137 manat olmuşdur. Həyat yoldaşının təminat xərcliyini 500 manatdan götürəndə bu məbləğ illik olaraq təxminən 4500 manata yaxın məbləğ olacaqdır. Bu hal onu göstərir ki, cavabdeh son 1 il üçün azından 4500 manat ödəməli və bu fərq dəyişməz qaldıqda isə son 3 il üçün 12.000 manat ödəməli idi. Hətta 1 il üçün ödənilməli olan məbləğ cavabdeh tərəfindən kiçildilərək 2091,70 manat müəyyən edimişdir. Hazırkı iddianın hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq lazımi inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh müraciətə həmişəki kimi formal yanaşaraq şablon xarakterli cavab ünvanlamışdır. Pozulmuş hüquqlarının bərpasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 19 noyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixədək ödənildiyi qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 31,2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır. Bununla əlaqədar olaraq iddiaçının həyat yoldaşı X3 vəfat etməsi ilə əlaqədar iddiaçıya 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2ci maddəsinə əsasən 2021-ci ilin may ayında iddiaçıya mərhum Sehran Hüseynovun təminat xərcliyinin (929,65 manat) 80 faizi-743,72 manat məbləğində müəyyən edilmiş və 1 dekabr 2020-ci il tarixdən yenidən hesablanmışdır. Nəticədə ona ödənilməli olan 2091,70 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 2091,70 manat fərq məbləği xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissəhissə (hər ay 418,34 manat) ödənilmişdir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı “pensiya fərqin ödənilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 45.5.2-ci maddəsinə əsasən aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı son 3-il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əlövsət qızı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Astara rayonu, Rüdəkənar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1977-ci il tarixli, İ-ЖГ 257286 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 2 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2008-ci il tarixli, AZ-İ 317204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya 19 noyabr 2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubunda yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixinədək ödənildiyi qeyd edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq həyat yoldaşı X3 vəfat etməsi ilə əlaqədar 1 dekabr 2020-ci il tarixindən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən 2021-ci ilin may ayında mərhum Sehran Hüseynovun təminat xərcliyinin (929,65 manat) 80 faizi-743,72 manat məbləğində müəyyən edilmiş və 1 dekabr 2020-ci il tarixindən yenidən hesablanmışdır. Nəticədə ödənilməli olan 2091,70 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 2091,70 manat fərq məbləği xx.xx.2021-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1 -ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 418,34 manat) ödənilmişdir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın sizə ödənilməli olan hər hansı borc məbləği yoxdur. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-74,37 manat maddi yardım ödənilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, 038065 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı Əlövsət qızına 01 dekabr 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2091,70 manat və xx.xx.2021-ci il tarixdən 743,72 manat ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-19005/2023 nömrəli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə coxuşaqlı ana kimi yasa görə pensiya təyin edilmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il, tarixli **********1 nömrəli məktubunda iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının 30 noyabr 2020-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. İddiaçı 19 noyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. İddiaçının həyat yoldaşı X3 vəfat etməsi ilə əlaqədar ona 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Qanunda əmək pensiyasının növləri fərqləndirilməklə yanaşı, hər birinin təyin edilməsi üçün fərqli sərtlər müəyyən olunmuşdur. Qanunun 14.1.2-ci maddəsindən də görünür ki, ata, ana, ər, arvada ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatması sərt kimi müəyyən edilmişdir, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsi ilə tələb olunan yaşı (62 yaş) 2020-ci ildə tamamlandığından həmin vaxtdan, yəni hüququ yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Qanunda əmək pensiyasının növləri fərqləndirilməklə yanaşı, hər birinin təyin edilməsi üçün fərqli sərtlər müəyyən olunmuşdur. Qanunun 8-ci maddəsində nəzərdə tutulan şəxslərə münasibətdə Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddinin 5 il azaldılması həmin şəxslərə edilən güzəşt olmaqla, məhz yasa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün belə güzəşt nəzərdə tutulmadığından və birbaşa şəxsin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatması şərti irəli sürüldüyündən hesab edirik ki, iddiaçı tərəfindən verilmiş vəsatət əsassızdır və təmin olunmamalıdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Əlövsət qızına xx.xx.2008-ci il tarixdə coxuşaqlı ana kimi yasa görə pensiya təyin edilmişdir. İddiaçının həyat yoldaşı X3 vəfat etməsi ilə əlaqədar 01 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 2021-ci ilin may ayında iddiaçıya mərhum Sehran Hüseynovun təminat xərcliyinin (929,65 manat) 80 faizi-743,72 manat məbləğində müəyyən edilmiş və 01 dekabr 2020-ci il tarixdən yenidən hesablanaraq 2091,70 manat fərq məbləği xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ayların sayına bölünərək hissə-hissə (hər ay 418,34 manat) ödənilmişdir. İddiaçı iddia tələbində 01 dekabr 2020-ci il tarixdə Mərkəzi Filial tərəfindən ona təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının son 3 il üzrə fərqini istəsə də, qeyd edilən tarixə kimi onun tərəfindən yaşa görə əmək pensiyanın aldığı müəyyən edilmişdir ki, qeyd edilən hal iddiaçı və cavabdeh tərəfindən təsdiq edildiyindən mübahisələndirilməyən hal kimi qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq nüəyyən edilmiş pensiya yaşına çatması şərt kimi müəyyən edilmişdir ki, iş materiallarına əsasən İddiaçı qeyd edilən pensiyanı almaq üçün tələb olunan yaş həddi (62 yaşı) 2020-ci ildə tamamlanmış və hüququ yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində qeyd edilən “beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla” anlayışı yalnız yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, qeyd edilən hal bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “son 3-il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “son 3 il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar