Məhkəmə qərarları › İş №2-1(120)-876/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-876/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-876/2025 11.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “qərarın ləğv edilməsi və əlilliyin müddətsiz müəyyənləşdirilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “qərarın ləğv edilməsi və əlilliyin müddətsiz müəyyənləşdirilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin beş il müddətinə təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və əlilliyin müddətsiz müəyyənləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsi ilə əvəz edilmiş və Hacıqabul Rayon Mərkəzi Xəstəxansası adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Çernobıl qəzasının aradan qaldırılımasında hərbi qulluqçu kimi iştirak etmiş və həqiqi hərbi xidmət vəzifəsini yerinə yetirərkən xx.xx.1988-çi ildən xx.xx.1988-ci ilə kimi Çernobıl AES-də 30 km zonada baş verən qəzanın aradan qaldırılmasında iştirak edib 9.606 rentgen radiasiya şüası almış, xx.xx.2018-ci ildə tibbi sosial ekspert komissiyasının məlumatına əsasən Çernobıl qəzasının ləğvi ilə əlaqədar ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Təyinatda həqiqi hərbi xidmət vəzifəsini yerinə yetirərkən qeyd olunmadığı üçün Prezident təqaüdü təyin olunmamışdır. Bir ay sonra xx.xx.2018-ci ildə əlilliyin səbəbinə həqiqi hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlavə olunması üçün müraciət etdikdə əlilliyin səbəbini dəyişərək 5 illik həqiqi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlqədar İİ qrup əlillik təyin olunmuşdur. Çernobıl qəzasınının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, 1986-1990-cı illərdə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövürdə çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağrılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş X5 rəislə sıravi heyətinə bu qanun şamil edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 210 nömrəli qərarında göstərilmişdir ki, Hacıqabul RHK tərəfindən 1988-ci ildə hərbi toplanışa çağrılmış vətəndaş X1 1988-ci ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.1992-ci ildə xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: Radasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Radiasion anemiya. Neyrosirkulyator distoniya kardial tip. Qalxanabənzər vəzin hiperplaziyası (Azərbaycan Respublikası SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 5 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 35 nömrəli arayışı, xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 22 nömrəli ekspert rəyi, MN MHHK-nin həkim mütəxəsisinin və nevropataloqun rəyləri ilə təsdiq edilir), Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrinin (Xidməti Vəzifələrin) İcrası Zamanı Alınmışdır. Göründüyü kimi MN MHHK-nin xx.xx.2017-ci il trarixli 210 saylı qərarında da göstərilir ki, qeyd olunan xəstəliklər Çernobıl AES-də hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır. O, bununla əlaqədar 22 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi-vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin və 3-cü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçının cavabdeh orqana ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən (müraciət) görünür ki, o, həqiqi hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə kimi Çernobıl AES-də 30 km zonada baş verən qəzanın aradan qaldırılmasında iştirak edib 9.606 rentgen radiasiya şüası almış xx.xx.2018-ci ildə Tibbi Sosial Ekspert Komissiyasının məlumatına əsasən Çernobıl qəzasının ləğvi ilə əlaqədar “müddətsiz” 2-ci qrup əlillik təyin edilmişdir. Təyinatda həqiqi hərbi xidmət vəzifəsini yerinə yetirərkən qeyd olunmağı üçün Prezident təqaüdü təyin olunmamışdır. Bir ay sonra xx.xx.2018-ci ildə əlilliyin səbəbinə “həqiqi hərbi xidmət vəzifələrini yerinə yetirərkən” əlavə olunması üçün müraciət etdikdə əlilliyin səbəbini dəyişərək “5 illik” həqiqi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. O, 2022-ci ilədək müalicə pulu almışdır. 2022-ci ildə müalicə puluna imtina verilmişdir, tövsiyyə olunmuşdur ki, əlilliyin səbəbinin “Çernobıl AES-də həqiqi hərbi xidmət vəzifələrini yerinə yetirərkən” dəyişdirilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsin. Xahiş edir ki, Azərbaycan Respublikasının 06 Dekabr 1993-ci il 762 № li Qanunu və Nazirlər kabinetinin 19 may 2022-ci il qərarına əsasən əlilliyimin “müddətsiz” olaraq Çernobıl AES-də həqiqi hərbi xidmət vəzifələrini yerinə yetirərkən sözləri ilə əvəz olunmasına köməklik göstərilsin. Qeyd edir ki,xx.xx.2022-ci ildə **********3 ərizə nömrəsi ilə Sabirabad TSEK-ə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətlərinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, sizə xx.xx.2018-ci il tarixdən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən sonra əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. Bununla əlaqədar olaraq, hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbi ilə müddətsiz əlillik təyin edilmiş, daha sonra isə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2018-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbilə rəsmiləşdirilən 0334003AADFP nömrəli göndəriş əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, xxxxxxxQ00001 nömrəli qərarında xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır” kimi qeyd edilməsinə baxmayaraq vətəndaşa dair Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbilə xx.xx.2018-ci il tarixli, 0334003AADHE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbilə 5 il müddətinə (xx.xx.2023-cü ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarından müəyyən olunur ki, İddiaçı barəsində diaqnoz “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” kimi qeyd edilmişdir. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı barəsində Çernobıl AESdə qəzanın ləğvi ilə əlaqədar səbəbi ilə xx.xx.2018-ci il tarixli 0334003AADFP nömrəli göndəriş rəsmiləşdirilmişdir. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı barəsində Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar səbəbi ilə xx.xx.2018-ci il tarixli 0334003AADHE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iş materiallarında olan sənədlərdən müəyyən edir ki, Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarı ilə İddiaçı barəsində diaqnoz “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” kimi qeyd edilmişdir. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0334003AADFP nömrəli göndəriş əsasında (Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbi ilə) İddiaçı əlilliyi qiymətləndirilmiş və ona xx.xx.2018-ci il tarixdə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Daha sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0334003AADHE nömrəli yeni göndərişi əsasında (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar səbəbi ilə) əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2018-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu əlilliyin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş qərarla razı olmayaraq əlilliyin 5 il müddətinə deyil, müddətsiz təyin edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi-vəkili Vəkil müddətin bərpası ilə bağlı ərizə təqdim edərək 2018-ci ildə iddiaçıya əlillik müddətsiz təyin olunsa da, bir ay sonra dəyişdirilirək beş il müddətinə təyin olunduğunu, bundan sonra iddiaçı dəfələrlə müraciət etsə də müraciətlərinə cavab ala bilmədiyini bildirərək ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili izahatlarında həmin qərardan məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının ərizədə bildirdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş qərar 5 il qüvvədə olmuş və təyinata uyğun olaraq pensiya məbləği ödənilmişdir. Kifayət qədər uzun müddət keçmiş və həmin müddət ərzində iddiaçının ona təyin edilmiş əlillik dərəcəsi barədə qərardan xəbərsiz olması ağlabatan hesab edilə bilməz. Beləliklə də, iddiaçı ona 15 may 2018-ci il tarixdə əlillik dərəcəsi təyin edildiyi zaman həmin əlilliyin səbəbli əlaqəsini və müddətini mübahisələndirməli idi. Lakin iddiaçı qeyd olunan hüquqi müdafiə imkanından əlillik müddəti bitənədək, yəni 2023-cü ilədək yararlanmamışdır və bunun neqativ nəticələri onun məsuliyyət sferasına aid olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin beş il müddətinə təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və əlilliyin müddətsiz müəyyənləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar