Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-877/2020 09.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan) və Cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinin nümayəndəsi X1 (ali təhsilli, Dövlət Sosial X4 şəhər şöbəsinin Pensiya sektorunda baş məsləhətçi, ünvan 3 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı «müharibə veteranı vəsiqəsini aldığı tarixdən əvvəlki 3 il üçün veteranlıq müavinətinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 20 noyabr 2019-cu il tarixdə M/V 086950 saylı vəsiqə verilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki üç il üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 28 fevral 2020-ci il tarixli **********3 saylı məktubunda iddiaçının müharibə veteranı vəsiqəsini 20.11.2019-cu il tarixdə aldığını, 20.11.2019-cu il tarixdən ona prezident təqaüdü təyin olunaraq ödənildiyini və əvvəlki dövrün hesablanıb ödənilməsinin «Sosial müavinətlər haqqında» Qanuna əsasən mümkün olmadığını qeyd edərək, ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı vəsiqəsini aldığı tarixdən əvvəlki 3 il üçün veteranlıq müavinətinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı adının verilməsi barədə vəsiqə verilmişdir. Müharibə veteranlığı təyin edildikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 şəhər şöbəsindən müharibə veteranı vəsiqəsini aldığı vaxtdan əvvəlki 3 il üçün müavinətin verilməsi üçün müraciət etmişdir, cavabdeh onun müraciətinə baxaraq müharibə veteranlığına görə müavinətin müharibə veteranı kimi vəsiqə aldığı 20.11.2019-cu il tarixdən əvvəlki 3 il üçün təyin edilməsindən imtina etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildiyi 20.11.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Qanunvericilikdə təqaüdün əvvəlki dövr üzrə hesablanıb ödənilməsi nəzərdə tutulmadığından iddia tələbindən imtina edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 20.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən də təqaüd təyin olunaraq ödənilir. İddiaçı isə müharibə veteranı vəsiqəsini aldığı tarixdən əvvəlki 3 il üçün veteranlıq müavinətinin birdəfəyə ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 2.1 və 2.1.1-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı müharibə veteranı vəsiqəsini aldığı tarixdən əvvəlki 3 il üçün veteranlıq müavinətinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı «müharibə veteranı vəsiqəsini aldığı tarixdən əvvəlki 3 il üçün veteranlıq müavinətinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı «müharibə veteranı vəsiqəsini aldığı tarixdən əvvəlki 3 il üçün veteranlıq müavinətinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov