Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-879/2024 21.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan mənzilə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-879/2024 saylı qərardadı ilə, iddia tələbi üzrə X2 və X3 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-879/2024 saylı qərardadı ilə, İddia tələbinə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanına dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-879/2024 saylı qərardadı ilə, iddia tələbi üzrə Kürdəmir rayon Mənzil İstismar Sahəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1986-cı ildə XDS-nin İcraiyyə Komitəsinin qərarı ilə ona Kürdəmir şəhəri, Aran qəsəbəsi 28, ev 9, mənzil 1-də 3 nəfərlik ailə üzvləri ilə birlikdə 2 otaqdan ibarət, 32,6 kv. metr ölçüdə növbə əsasında yaşayış mənzili verilmişdir. Həmin vaxtdan hal-hazıra kimi ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayır. 2023-cü ilin aprel ayında yaşadığı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə DƏDKR-nin PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir və ilkin hüququmüəyyənedici sənədləri onlara təqdim etmişdir. 16 saylı Ucar Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubu ilə yaşadığı mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh imtinanın səbəbini yaşadığı mənzilə Orderin 2010-cu ildə verilməsini əsas kimi göstərmişdir. 1986-cı ildə onlara təqdim olunmuş Order itirildiyindən, müraciətləri əsasında yaşadıqları mənzilə Kürdəmir rayon Mənzil İstismar Sahəsi həmin mənzilə xx.xx.2010-cu il tarixli. 13 nömrəli yeni Order təqdim etmiş və həmin Orderin onlara verilməsi əsasını XDS-nin İcraiyyə Komitəsinin 23 dekabr 1986-cı il tarixli 208 nömrəli qərarını qeyd etmişdir. Bundan sonra yaşadığı mənzilin ona verilməsi barədə Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin 23 dekabr 1986-cı il tarixli 208 nömrəli qərarının əldə olunması sahəsində Kürdəmir rayon Dövlət Arxivinə, Maraqlı şəxs Başçısı Aparatına və Kürdəmir rayon Mənzil İstismar Sahəsinə müraciətlər etmiş, lakin, hər üç orqan sözügedən qərarın onların arxivində mövcud olmadığı barədə ünvanına rəsmi cavab vermişlər.Həmin mənzilin iddiaçıya mənsub olması və bu mənzildə yaşamağı barədə Kürdəmir rayon Mənzil İstismar Sahəsi ilə müqavilə də mövcuddur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, mübahisəli mənzili mərhum əri X1 adlı şəxsdən pul verərək almışdır, əvəzində alqı-satqı və ya digər sənədləşmə aparmamışdır, Dilşad adlı şəxsin soyadı və ya başqa məlumatlardan xəbərdar deyil, həmin şəxs yaşamağa çoxdan başqa ünvana çıxıb getmişdir, 30 ildir ki həmin mənzildə yaşayır, oğlu həmin mənzildə birinci sinfə getmişdir, 2010-cu il tarixdə orderi alan zaman Kürdəmir rayon Mənzil İstismar Sahəsinə yalnız şəxsiyyət vəsiqəsini təqdim etmişdir, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. - İş materiallarında olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-cı ildə ünvan 2 ünvanda qeydiyyatdadır. - İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2010-cu il tarixli, 13 nömrəli orderindən görünür ki, Kürdəmir rayon XDS İcariyyə komitəsinin 23 dekabr 1986-cı il tarixli 208 nömrəli qərarı əsasında İddiaçı Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 28/9-da mənzil sahəsi tutmağa ixtiyarı olduğu bildirilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin iddiaçıya ünvanladığı 12 aprel 2023-cü il tarixli 3-21-3-36/2-1308/2023 nömrəli məktubda göstərilmişdir ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina 28-də yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəyə ‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina 28-də yerləşən 9 nömrəli mənzilə dair hüquq müəyyənedici sənədlər araşdırılarkən bir sıra çatışmazlıqlar müəyyən olunmuşdur. Belə ki, hüquqların qeydiyyatı ilə bağlı təqdim edilmiş order Kürdəmir Mənzil İstismar Sahəsi tərəfindən 2010-cu il tarixdə verilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur.Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. -İş materiallarında olan Maraqlı şəxs məhkəməyə ünvanladığı 26 sentyabr 2023-cü il tarixli, 5-56-5/2-1253/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimafın 13.3.2. bəndinə əsasən rayon İcra Hakimiyyətinin arxivində 5 il müddəti ötmüş bütün sərəncam, əmr və digər daimi saxlanılan sənədlər saxlanılmaq üçün rayon Dövlət Arxivinə təhvil verilir.Qeyd olunanları nəzərə alaraq gələcəkdə 5 il müddəti ötmüş məlumatların əldə edilməsi üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət etmək xahiş etmişdir. - İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin məhkəməyə ünvanladığı 05 sentyabr 2023-cü il tarixli, 5-56-37/31 nömrəli məktubundan görünür ki, İddiaçı adına verilmiş xx.xx.2010 cu il tarixli, 13 nömrəli orderin və həmin icarə orderin sənədlərin əsli vətəndaşın özündədir. - İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin məhkəməyə ünvanladığı 10 oktyabr 2023-cü il tarixli, 5-56-37/33 nömrəli məktubundan görünür ki, Aran qəsəbəsi 28/9 saylı ünvan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin balansındadır. Həmin ünvanda yaşayan İddiaçı adına tərəfimizdən verilmiş xx.xx.2023 cü il tarixli, 2 saylı Forma arayış, arayış və müqavilə sənədlərin təsdiq olunmuş surətini göndərilmişdir. - İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli 14 nömrəli arayışdan görünür ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 28/9 nömrəli mənzildə yaşayan İddiaçı həqiqətən yaşadığı 3 otaqlı yaşayış sahəsi 32,6 kv.m olan mənzilinin balans dəyəri 0,22 manatdır. - İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 06 oktyabr 2023-cü il tarixli, 348-25RA/2-66/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına verilmiş Kürdəmir rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli qərarına aid olan sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 1986-cı il tarixə olan arxiv sənədləri arasında İddiaçı adı aşkar edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-13413/2023 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi 28 ünvanında yerləşən yaşayış binasında qeydiyyatda olan mənzillərin mülkiyyətçiləri haqqında məlumatın və müvafiq sənədlərin surətlərinin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən qeyd edilən ünvanda yerləşən yaşayış binasında dövlət reyestrində qeydiyyata alınmış mənzillərin mülkiyyətçilərinə dair məlumatları və müvafiq sənədlərin surətlərini təqdim etmişdir. -İş materiallarında olan Maraqlı şəxs məhkəməyə ünvanladığı 20 oktyabr 2023-cü il tarixli, 5-56-8/2-1395/2023 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi 28, 9 bina Kürdəmir rayon Mənzil İstismar sahəsinin balansındadır. Binanın balansda olmasını təsdiq edən sənədlər (sərəncam, müqavilə və s.) mövcud olmadığından təsdiqedici sənədlərin göndərilməsi mümkün olmamışdır. -İş materiallarında olan "xxxx" ASC 2 №-li Regional Sukanal İdarəsi Kürdəmir Sukanal sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-16-9-2/2-15/2024 nömrəli məktubda göstərilmişdir ki, ünvan 11 ünvanında yerləşən 1 nömrəli mənzilin abonenti İddiaçı haqqında istədiyi məlumat göndərilmişdir. -İş materiallarında olan Maraqlı şəxs məhkəməyə ünvanladığı 19 iyul 2024-cü il tarixli, 5-56/2-905/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimatın 13.3.2. bəndinə əsasən rayon İcra Hakimiyyətinin arxivində 5 il müddəti ötmüş bütün sərəncam, əmr və digər daimi saxlanılan sənədlər saxlanılmaq üçün rayon Dövlət Arxivinə təhvil verilir. Qeyd olunanları nəzərə alaraq gələcəkdə 5 il müddəti ötmüş məlumatların əldə edilməsi üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət etmək xahiş edilir. Müraciət araşdırılması üçün Kürdəmir rayon Dövlət Arxivinə göndərilmişdir. - İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin 02 mart 2023-cü il tarixli müqaviləsindən görünür ki, İddiaçı ilə Kürdəmir rayon Mənzil İstismar Sahəsi arasında iddiaçının və onun ailə üzvləri X5, X3 ilə birlikdə Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 28/9 nömrəli mənzildə yaşamaq məqsədi ilə müddətsiz icarə müqaviləsi bağlanmışdır. - İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin məhkəməyə ünvanladığı 20 avqust 2024-cü il tarixli, 19 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon X13 İcraiyyə Komitəsinin 23 dekabr 1986-cı il tarixli 208 saylı qərarına əsasən Kürdəmir şəhəri Aran qəsəbəsi 28, mənzil 9 İddiaçı verilmiş və o ailəsi ilə birlikdə həmin ünvanda hal-hazıra kimi yaşayır. Lakin İddiaçı ilə Mənzil istismar Sahəsi arasında bağlanmış 02 mart 2023-cü il tarixli icarə müqaviləsi həmin mənzilin özəlləşdirilməsi ilə əlaqədar DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmaq üçün tərtib olunmuşdur. Vətəndaş İddiaçı Aran qəsəbəsi 28/9-da yaşadığı mənzil Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 208 saylı qərarı əsasında verilmişdir və Kürdəmir Mənzil İstismar Sahəsi ilə bağlanmış xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi səhvən verildiyi üçün həmin müqavilənin əsassız hesab edilməsini xahiş etmişdir. - İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin məhkəməyə ünvanladığı 21 oktyabr 2024-cü il tarixli, 11 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanında yaşayan İddiaçı xx.xx.2024-cü il tarixli Kürdəmir rayon Mənzil İstismar Sahəsinə icarə müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə ünvanlanmış ərizəsinə baxılmışdır.Qərara alınmışdır ki, vətəndaş İddiaçı Aran qəsəbəsi 28/9-da yaşadığı mənzil Kürdəmir rayon XDS-nin İcariyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 208 saylı qərarı əsasında verilmişdir və bunu əldə əsas tutaraq Kürdəmir Mənzil İstismar Sahəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi əsassız hesab edilərək leğv edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-665/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı hazırkı tələblə bağlı ilkin müraciətinin və həmin müraciət əsasında aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətlərinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 2-1(116)-3267/2023 saylı sorğunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ünvan 1 ünvanında olan mənzildə uzun illərdir ki, ailəsi ilə birgə yaşadığını əsas gətirmiş və Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2010-cu il tarixli, 13 nömrəli orderini təqdim edərək, mübahisəli mənzilin qeydiyyatı ilə əlaqədar o, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 16 saylı Ucar ərazi idarəsinə müraciət edərək mülkiyyətin qeydiyyata alınmasıını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Cavabdeh orqan tərəfindən imtina verilərək bildirilmişdir ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina 28-də yerləşən 9 nömrəli mənzilə dair hüquq müəyyənedici sənədlər araşdırılarkən bir sıra çatışmazlıqlar müəyyən olunmuşdur. Belə ki, hüquqların qeydiyyatı ilə bağlı təqdim edilmiş order Kürdəmir Mənzil İstismar Sahəsi tərəfindən 2010-cu il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin ünvan 1 ünvanında olan mənzilə reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Lakin iş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında olan mənzilə İddiaçı adına Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2010-cu il tarixli, 13 nömrəli orderi verilmişdir, müvafiq orderin verilməsinə əsas olaraq Kürdəmir rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli qərarı göstərilmişdir. İddiaçı tərəfindən isə məhkəmə iş materiallarına Kürdəmir rayon X8 İcraiyyə Komitəsinin 646 nəfər vətəndaşa yaşadığı mənzilin adlarına sənədləşdirilməsi barədə xx.xx.1986-cı il tarixli 21 nömrəli qərarını təqdim etmişdir. Məhkəmə tərəfindən Kürdəmir rayon X8 İcraiyyə Komitəsinin 646 nəfər vətəndaşa yaşadığı mənzilin adlarına sənədləşdirilməsi barədə xx.xx.1986-cı il tarixli 21 nömrəli qərarının İddiaçı hər hansı bir aidiyyatı və ya səbəbli-əlaqəsinin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən müvafiq sorğular göndərilmiş, verilmiş sorğulara cavab olaraq Kürdəmir rayon X8 İcraiyyə Komitəsinin 1986-cı tarixdə verilmiş qərarlarında baxış keçirilmiş və İddiaçı adı aşkar edilməmişdir. İddiaçı G.Soltanova tərəfindən məhkəmə iclasında iddia ərizəsinə zidd izahat vermiş və bildirmişdir ki, mübahisəli mənzili mərhum əri X14 adlı şəxsdən pul verərək almışdır, əvəzində alqı-satqı və ya digər sənədləşmə aparmamışdır, Dilşad adlı şəxsin soyadı və ya başqa məlumatlardan xəbərdar deyil, həmin şəxs yaşamağa çoxdan başqa ünvana çıxıb getmişdir, 30 ildir ki həmin mənzildə yaşayır, oğlu həmin mənzildə birinci sinfə getmişdir, 2010-cu il tarixdə orderi alan zaman Kürdəmir rayon Mənzil İstismar Sahəsinə yalnız şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iş materiallaırndan göründüyü kimi İddiaçı iddia ərizəsində yazılan 1986-cı ildə XDS-nin İcraiyyə Komitəsinin qərarı ilə ona Kürdəmir şəhəri, Aran qəsəbəsi 28, ev 9, mənzil 1-də 3 nəfərlik ailə üzvləri ilə birlikdə 2 otaqdan ibarət, 32,6 kv. metr ölçüdə növbə əsasında yaşayış mənzili verilməsi, 1986-cı ildə onlara təqdim olunmuş order itirildiyindən, müraciətləri əsasında yaşadıqları mənzilə Kürdəmir rayon Mənzil İstismar Sahəsi həmin mənzilə xx.xx.2010-cu il tarixli. 13 nömrəli yeni Order təqdim etməsi və həmin Orderin onlara verilməsi əsasını XDS-nin İcraiyyə Komitəsinin 23 dekabr 1986-cı il tarixli 208 nömrəli qərarının qeyd eidlməsi barədə məlumatları təkzib etmişdir. İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin orderi xx.xx.2010-cu il tarixdir, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində qeyd edildiyi kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) order mövcud olmamışdır. Orderə əsas olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Təqdim edilən orderə əsas olan hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır. Aran qəsəbəsi 28/9 saylı ünvan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin balansındadır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsaslıdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 5-ci bəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edilməsi qeyd edilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 107-ci maddəsindən də müəyyən edilir ki, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17-ci maddəsinə əsasən, mənzil fondu-Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Məhkəmə tərəfindən qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilmədiyindən, iddiaçının tələbinin təmin edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia tələbində həmçinin, 30 ildən çoxdur ki, sözügedən mənzilə fasiləsiz və etirazsız faktiki sahiblik etdiyini bildirmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 28 dekabr 1999-cu il tarixli qanunda həmin Məcəllənin 178.6-cı maddəsinin geriyə qüvvəsi barədə norma olmadığına görə, həmin maddədə göstərilən müddətlərin axımı Mülki Məcəllənin qüvvəyə mindiyi vaxtdan, yəni 1 sentyabr 2000-ci ildən başlayır. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən mənzilə mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan mənzilə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan mənzilə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-879/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-879/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver