Məhkəmə qərarları › İş №2-1(120)-88/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-88/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-88/2020 03.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Sabirabad rayonu, Beşdəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977-1990-cı illərdə Sabirabad rayonu “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlarda işlədiyi illərin sığorta stajı kimi hesablanaraq çoxuşaqlı ana kimi yaşa görə əmək əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçıiddia tələbini dəyişərək, minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1977-1990-cı illərdə Sabirabad rayonu “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlardakı faktiki iş müddətini sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03.03.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 1977-1990-cı illərdə Sabirabad rayonu “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlarda işləmiş və əmək haqqı almışdır. Lakin işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. Sabirabad rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək işlədiyi dövrlərə aid arxiv arayışı almışdır. Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi tərəfindən beş uşağa görə 01.04.2019cu il tarixdən 56 yaşdan yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin pensiyası “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlarda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığına görə 01.07.2019-cu il tarixdən dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə ona yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmiş, ona “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının təsdiq edilmiş surətini, Sabirabad rayon Dövlət Arxivinin 13.06.2019-cu il tarixli, 17 nömrəli arxiv arayışını, şəhadətnamələrin təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri).İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçıbeş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi 01.06.2019-cu il tarixdən, yəni 56 yaşdan yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 14394229 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı01.06.1963-cü il tarixdə Sabirabad rayonunun Yaxa-Dəllək kəndində anadan olmuş və Sabirabad rayonu, Beşdəli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 26.03.1988-ci il tarixli, İV-ЖГ 313662 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X6 26.03.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26.03.1988-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. İşdə olan 26.07.1988-ci il tarixli, Xİİİ-ЖГ 373064 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 27.05.1988-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X12, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 07.06.1990-cı il tarixli, Xİİİ-ЖГ 469789 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 11.03.1990-cı il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X12, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 04.04.1992-ci il tarixli, XVİ-ЖГ 368134 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 15.03.1992-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X12, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 14.03.1994-cü il tarixli, XVİİ-ЖГ 426848 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 08.02.1994-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X12, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 05.04.1996-cı il tarixli, XİX-ЖГ 392802 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 12.03.1996-cı il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X12, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan 01.10.1997-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.10.1997-ci il tarixdən ehtiyacı nəzərə alınaraq Ə.Xanlarov adına Ağaməmmədli kənd orta məktəbinə xadimə təyin edilmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin 13.06.2019-cu il tarixli, 17 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1977-1990-cı illərdə Sabirabad rayonu “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlarda işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin iddiaçıya ünvanladığı 11.09.2019-cu il tarixli, **********2 nömrəli məktubundan görünür ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınlara yaş həddi hər uşağa 1 il azaldılmaqla yaşa görə 01.04.2019-cu il tarixdən (55 yaşdan) yaşa görə hər ay 160 manat olmaq şərtilə 01.07.2019-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. Qanunun tələblərinə əsasən ona həmin əməkpensiyası 25 il sosial sığorta stajı ilə təyin olunmalı olmasına baxmayaraq səhvən sosial sığorta kapitalına görə əmək pensiyası təyin olunmuş və 2019-cu ilin iyul ayı ərzində 320.50 manat ödəmə aparılmışdır. Təyinatın Qanunun tələblərinə uyğun olmadığı məlum olduqdan sonra 01.08.2019-cu il tarixdən ödəniş dayandırılmışdır. İddiaçı 30 il 10 ay sosial sığorta stajı olmasına baxmayaraq ödəmənin dayandırılmasına səbəb Qanunun tələblərinə əsasən sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən olunmalı olduğu halda, iddiaçıya əmək pensiyası təyin olunarkən Sabirabad rayon Dövlət Arxivinin keçmiş “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlarda kolxozçu işləməyi barədə vermiş olduğu arayışa əsasən əmək pensiyası təyin olunmuşdur ki, stajın təsdiq etdirməsi üçün məhkəmə qaydasında müraciə etməli idi. Odur ki, sosial sığorta stajını məhkəmə yolu ilə təsdiq etdirilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil şöbəsinin məhkəməyə ünvanladığı 26.11.2019-cu il tarixli, 393 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 01 oktyabr 1997-ci il tarixdən bugünədək Sabirabad rayon Ə.Xanlarov adına Yaxadəllək kənd tam orta məktəbində “xadimə” vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil şöbəsi Sabirabad rayon Yaxadəllək kənd tam orta məktəbinin 22.10.1997-ci il tarixli, 80/13 nömrəli əmrindən görünür ki, ehtiyaca görə boşda qalan 1 ştat vahidi xadiməlik X1 (0,5 ştat, cəmi 1,5 ştat) və İddiaçı (0,5 ştat) həvalə edilmiş və 01.10.1997-ci il tarixdən işdə hesab edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı 03.03.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayonu, Beşdəli kənd sakini İddiaçı sığorta stajı hesablanarkən 10 il “Bakı” kolxozunda (1977-1990), 01.01.2006-cı ilədək 8 il 3 ay əmək kitabçasında 01.01.2018ci ilədək Forma 4 arayışında qeyd olunan sığorta stajı, cəmi 30 il 10 ay sığorta stajı müəyyən edilmişdir. “Partiyanın XX Qurultayı” adına kolxozda minimum əmək günü norması 180 gün müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının kolxozda işlədiyi illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 13.06.2019-cu il tarixli, 17 nömrəli arxiv arayışınıtəqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Sabirabadrayon Dövlət Arxivinin 13.06.2019-cu il tarixli, 17 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Sabirabad rayon Dövlət Arxivinin 13.06.2019-cu il tarixli, 17 nömrəli arxiv arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı 13.06.2019-cu il tarixli, 17 nömrəli arxiv arayışındakı iş illəri (minimum əmək iştirakı norması nəzərə alınmaqla, faktiki iş müddəti-10 il) nəzərə alınmaqla, tələb olunan 25 il sığorta stajını topladığından o, huqunun yarandığı vaxtdan çoxuşaqlı ana kimi yaşa görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, iddiaçının minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1977-1990-cı illərdə Sabirabad rayonu “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlardakı faktiki iş müddəti sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1977-1990-cı illərdə Sabirabad rayonu “Partiyanın XX Qurultayı” və “M.Füzuli” adına kolxozlardakı faktiki iş müddəti sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar