Məhkəmə qərarları › İş №2-1(120)-881/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-881/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-881/2023 01.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ATSC-də xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək sürücü işlədiyi nəzərə alınmaqla cavabdeh təşkilatın üzərinə ona yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddiaçıya hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-881/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddia tələbinə onun hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə Sabirabad şəhərində anadan olmuş, 1976-cı ilin iyul ayından sürücü kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyəti xx.xx.2006-cı ilə qədər davam etmişdir. xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək hərbi xidmətdə olmuş, hazırda onun 67 yaşım vardır. Yaşla əlaqədar pensiya almaq hüququ yaranandan sonra onun pensiya almaq hüququ pozulmuş və ona xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bu müavinət xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Pensiya yaşına çatana qədər hərbi xidmət illəri də nəzərə alınmaqla onun 33 ilə yaxın sosial stajı vardır. Bu hal hərbi xidmət haqqında vəsiqə, əmək kitabçası və Sabirabad Nəqliyyat ASC tərəfindən verilmiş əmək haqqının aylar üzrə məbləği cədvəli ilə müəyyən edilir. Sabirabad Nəqliyyat ASC-də işlədiyi müddət həm də əmək kitabçasında əksini tapmışdır. O xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı ilədən indiki adı ilə Sabirabad Nəqliyyat ASC adlanan təşkilatda sürücü işləmişdir. Cavabdeh təşkilat tərəfindən xx.xx.1993-cü ilə qədər olan dövr iş stajı kimi qəbul edilərək hərbi xidmətlə birlikdə 18 il 5 ay hesablanmışdır. X12 ASC-də xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər olan dövr iş stajı kimi nəzərə alınmamışdır. Cavabdeh tərəfindən ona ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********3 sayı məktubda qeyd olunur ki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər olan dövr araşdırılarkən məlum olmuşdur ki, Fondun X9nın xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ATSC-nin xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixinədək olan əmək haqqı cədvəlləri X10 filialına təhvil verilməyib. Sabirabad Nəqliyyat ASC fəaliyyətini hazırda da davam etdirdiyindən göstərilən tarixlərə aid əmək haqqı cədvəlləri təşkilatın özündədir və onun tərəfindən həmin və əvvəlki dövrləri əhatə edən əmək haqqı cədvəllərinin ona aid hissəsi təsdiq olunaraq hazırki inzibati işə əlavə edilmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********3 sayı məktubda göstərilənlər əsassızdır. Göstərilənləri nəzərə alaraq və İPM-nin 2.2.2-ci maddəsini rəhbər tutaraq "xxxx" ATSC-də xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixinədək sürücü işləməyini sosial staj kimi qəbul edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2022- ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Filialın xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Mərkəzi filiala təqdim edilən əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 18 il 5 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun X9nın xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ATSC-nin xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək haqqı cədvəlləri X10 Filialına təhvil verilməyib. İddiaçının çalışdığını iddia etdiyi müəssisənin rəhbərinin qarşılıqlı yoxlama aktına imza ataraq əmək haqqı cədvəllərinin Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyini təsdiqləməsinə baxmayaraq iddiaçıya həmin müəssisə tərəfindən əmək haqqı cədvəllərinin verilməsi işin hallarında ziddiyyətli məqamlardan biri kimi görünür. Eyni zamanda 1993-cü il tarixinə aid olan əmr kitablarında və işə qəbul olma əmrlərində iddiaçının adına rast gəlinməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı Sabirabad şəhəri, V.Əhmədov küçəsi, ev 6-da qeydiyyatdadır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1976-cı ildə hərbi xidmətini başa vurmuşdur. -Sabirabad Nəqliyyat ASC-nin ******* nömrəli əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı 1985-2006-cı illər ərzində əmək haqqı almışdır. - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1976- 2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 Tofiq Misir oğluna təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Sabirabad regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çaimış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 18 il 5 ay təşkil edir. Həmçinin bildirilir ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun X9nın xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ATSC-nin xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək haqqı cədvəlləri X10 Filialına təhvil verilməyib.Eyni zamanda 1993-cü il tarixinə aid olan əmr kitablarında və işə qəbulolma əmrlərində adına rast gəlinməyib.Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılıb.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq olunmuş surətini məhkəməyə göndərmişlər. - Sabirabad rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 31 oktyabr 2022-ci il 114 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il **********291400 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başladığı tarixdən hazırki tarixədək sahibkarlıq fəaliyyətinin dayandırılması barədə ərizə təqdim etməmişdir. Hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir. 5 saylı Ərazi Vergilər idarəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tələb olunan təsis sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 11,05.2019-cu ıl tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Vətəndaşın təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixindək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976- ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə 18 il 5 ay 7 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Fondun X9nın Sabirabad Rayon Qəbul Şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ATSC-nin xx.xx.1993-cü il tarixindən xx.xx.2006-c, il tarixinədək olan əmək haqqı cədvəlləri X13 Filialına təhvil verilməyib. Həmçinin 1993-cü il tarixinə aid olan əmr kitablarında və işə qəbulolma əmrlərində İddiaçı adına rast gəlinməyib. Bu səbəbdən vətəndaşın əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə 12 il 25 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 30.11,2022-ci il tarixli 2-1(120)-2388/2022 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Vətəndaşın təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixindək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-ci il tarixindən xx.xx.1976-cı i! tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək,xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrləri üzrə 18 il 5 ay 7 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək 18 il 5 ay 7 gün sığorta stajına uyğun olaraq 13320,45 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır. Fondun X9nın Sabirabad Rayon Qəbul Şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ATSC-nin xx.xx.1993- cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək haqqı cədvəlləri X10 Filialına təhvil verilməyib. Həmçinin 1993-cü il tarixinə aid olan əmr kitablarında və işə qəbulolma əmrlərində İddiaçı adına rast gəlinməyib. Bu səbəbdən vətəndaşın əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.2005-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə 12 il 24 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının pensiya hüququ yarandığı tarixdən sonra X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 97,45 manat pensiya kapitalı qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X9 Sabirabad Rayon Qəbul Şöbəsinin 19 aprel 2022-ci il tarixli aktının surətindən görünür ki, İddiaçı Sabirabad Nəqliyyat ASC-nin əmrlər kitabını yoxlayarkən İddiaçı 1993-cü illərin əmrlər kitabında işə qəbul olunma əmrlərinə rast gəlinmədi. xx.xx.2006-cı il tarixdən etibarən öz ərizəsinə əsasən sürücülük işindən azad edilib.Sabirabad Nəqliyyat ATSC-nin əmək haqqı kitabları və cədvəlləri idarədə saxlanılmır və Sabirabad rayon Dövlət arxivinə təhvil verilməyib. - Azərbaycan Respublikası Sabirabad-Nəqliyyat ASC-nin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli 66 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1993xx.xx.2006-cı il tarixə kimi Sabirabad Nəqliyyat ASC-də sürücü işləmiş İddiaçı Cəmiyyətdən müntəzəm olaraq əmək haqqı almışdır. Onun bəzi aylarda əmək haqqı almamasının səbəbi , məzuniyyətdə olması , idarə etdiyi avtomobilinin cari və ya da əsaslı təmirdə olması və xəstə olması ilə əlaqəlidir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli 01/3-4336 nömrəli məktubunda göstərilmişdir ki, “Sabirabad-Nəqliyyat" ASC 19 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********74 saylı məktubuna əsasən, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" X7 X3 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1324 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2009-cu il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-ci il tarixdən xx.xx.1976-cı i! tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək,xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərdə işlədiyi illər cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən "xxxx" ATSC-də xx.xx.1993- cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı "xxxx" ATSC-də xx.xx.1993- cü il tarixdən xx.xx.2006-cı il tarixədək sürücü işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ "xxxx" ATSC-nin xx.xx.1993- cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının "xxxx" ATSC-nin xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək sürücü işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun "xxxx" ATSC-nin mövcudluğu barədə sorğular göndərilmiş,"xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, 19 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" X7 X3 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1324 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2009-cu il tarixində tam özəlləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X9 Sabirabad Rayon Qəbul Şöbəsinin 19 aprel 2022-ci il tarixli aktının surətindən görünür ki, İddiaçı Sabirabad Nəqliyyat ASC-nin əmrlər kitabını yoxlayarkən İddiaçı 1993-cü illərin əmrlər kitabında işə qəbul olunma əmrlərinə rast gəlinmədi. xx.xx.2006-cı il tarixdən etibarən öz ərizəsinə əsasən sürücülük işindən azad edilib.Sabirabad Nəqliyyat ATSC-nin əmək haqqı kitabları və cədvəlləri idarədə saxlanılmır və Sabirabad rayon Dövlət arxivinə təhvil verilməyib. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin cəmiyyətdə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə "xxxx" ATSC mövcud olmuş, iddiaçı "xxxx" ATSC-də işləmiş və əmək haqqı almış, sadəcə olaraq "xxxx" ATSC-nin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. "xxxx" ATSC-nin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi "xxxx" ATSC mövcud olmuş, iddiaçı həmin "xxxx" ATSC-ə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi "xxxx" ATSC-də işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də sürücü işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də sürücü işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə "xxxx" ATSC-nin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün ATSC-yə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair "xxxx" ATSC-yə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması aptekdə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də sürücü işləməsinə dair "xxxx" ASC-nin əmək haqqı arayışını) təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən, yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar