Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-884/2021 22.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialına qarşı «işlədiyi illərin sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2021-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1970-1975, 1979-1988-ci illərdə Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda, 1989-1995-ci illərdə Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda, 1996-1997, 1999-2000-ci illərdə isə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı ildə Salyan rayonu, Arbatan kəndində anadan olmuşdur. Hazırda Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, 1970-1975, 1979-1988-ci illərdə Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda, 1989-1995-ci illərdə Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda, 1996-1997, 1999-2000-ci illərdə isə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işləmişdir. Qeyd olunan əmək stajı Salyan rayon Dövlət Arxivinin 21.01.2020-ci il tarixli, 23 saylı arxiv arayışı ilə təsdiq olunur. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialına müraciət etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarə etməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialı tərəfindən ona 11 mart 2021-ci il tarixli, **********3 saylı imtina məktubu göndərilmişdir. İddiaçı göstərilənlərə əsaslanaraq, onun 1970-1975, 1979- 1988-ci illərdə Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda, 1989- 1995-ci illərdə Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda, 1996-1997, 1999-2000-ci illərdə isə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 11.03.2021-ci il tarixdə Fondun 6 saylı regional ərazi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixdə müraciətə cavab olaraq imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqları pensiya kapitalına çevrilməklə). Belə ki, vətəndaşın təqdim etdiyi 21.01.2020-ci il tarixli, 23 saylı arxiv arayışına əsasən Əzizbəyov, Ağabəyli adına kolxozlarda, Noxudlu X7 Komissiyasında işlədiyi illər, yəni 1971-1975-ci illər və 1979-1989-cu illər arasındakı iş stajı əmək kitabçasında yazılmasına baxmayaraq kolxozun əmək kitabçasında ad-soyad qeyd olunduğu yer pozulub yenidən yazıldığına və 1990-1997-ci illər arasındakı iş stajı əmək kitabçasında yazılmadığı üçün iş stajının qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu 10.02.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat). 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixdən əvvəlki dövrlərə görə hesablanmış pensiya kapitalı 1737,72 manat, həmin tarixdən sonrakı dövrlərə aid pensiya kapitalı isə 914,23 manat olmaqla, ümumilikdə 2651,95 manat pensiya kapitalı mövcuddur. Beləliklə, Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş şərt, yəni 28800 manat kapital tələbi ödənilmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli, 281 nömrəli arayışa əsasən 01.12.1975-ci il tarixdən 09.12.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu 2 il 8 gün və 2018-ci il iyul ayından 2020-ci il dekabr ayınadək işlədiyi 1 il 5 ay müddətdir ki, bu da ümumilikdə 4 il 1 ay 8 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 1970-1975, 1979-1988-ci illərdə Salyan rayonu “Əzizbəyov” adına kolxozda, 1989-1995-ci illərdə Salyan rayonu “Ağabəyli” adına kolxozda, 1996-1997, 1999-2000-ci illərdə Noxudlu kənd Aqrar İslahat Komissiyasında işlədiyi dövrlərdir ki, bu da ümumilikdə 21 il 10 ay təşkil edir. Belə ki, Əzizbəyov, Ağabəyli adına kolxozlarda, Noxudlu X7 Komissiyasında işlədiyi illər, yəni 1971-1975-ci illər və 1979-1989-cu illər arasındakı iş stajı kolxozun əmək kitabçasında yazılmasına baxmayaraq kolxozun əmək kitabçasında ad-soyad qeyd olunduğu yer pozulub yenidən yazıldığına və 1990-1997-ci illər arasındakı iş stajı iddiaçının əmək kitabçasında yazılmadığı üçün həmin müddətin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. İddiaçı işlədiyini iddia etdiyi dövrlərə dair Salyan rayonu Dövlət Arxivinin 21.01.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışını təqdim etmiş, arxiv arayışında əks olunmuş dövrlərin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin arxiv arayışına uyğun olaraq həmin dövrlərin sığorta stajına daxil edilməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra - Qaydalar”) 3-cü hissəsində Sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayısları aid edilməmisdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Beləliklə, İddiaçı oglunun əmək kitabçası yararsız vəziyyətdə olduğuna görə, həmçinin digər dövrlər əmək kitabçasında öz əksini tapmadığına görə onun yasa görə əmək pensiyası huququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə Salyan rayonu Arbatan kəndində doğulmuş, 01 dekabr 1975-ci il tarixdən 09 dekabr 1977ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş (2 il 08 gün); Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda 1970-ci ildə 134 adam günü, 1971-ci ildə 110 adam günü, 1972-ci ildə 190 adam günü, 1973-cü ildə 182 adam günü, 1974-cü ildə 91 adam günü, 1975-ci ildə 164 adam günü, 1979-cu ildə 258 adam günü, 1980-ci ildə 288 adam günü, 1981-ci ildə 294 adam günü; 1982-ci ildə 284 adam günü; 1983-cü ildə 300 adam günü; 1984-cü ildə 267 adam günü; 1985-ci ildə 247 adam günü; 1986-cı ildə 254 adam günü; 1987-ci ildə 272 adam günü; 1988-ci ildə 239 adam günü; Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda 1989-cu ildə 267 adam günü; 1990-cı ildə 295 adam günü; 1991-ci ildə 322 adam günü; 1992-ci ildə 268 adam günü; 1993-cü ildə 314 adam günü; 1994-cü ildə 334 adam günü; 1995-ci ildə 344 adam günü; Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında 1996-cı ildə 311 adam günü; 1997-ci ildə 201 adam günü işləmiş, 1999-cu ildən 01.01.2000-ci ilə 17162 manat qalıq borc keçmişdir. Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda kişilər üçün 1970- 1971-ci illərdə adam günləri minimum 250 gün, 1972-1975-ci illərdə 240 gün, 1979-1983cü illərdə 220 gün, 1984-1988-ci illərdə 200 gün, Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda kişilər üçün 1989-1995-ci illərdə adam günləri minimum 200 gün, eləcə də Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında kişilər üçün 1996-1997-ci illərdə adam günləri minimum 200 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1970, 1971, 1972, 1973, 1974 və 1975-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı 2018-ci il iyul ayından 2020-ci il dekabr ayınadək (1 il 5 ay) "xxxx" Şirkətində işləmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin 25.01.2021-ci il tarixli, 281 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı 01.12.1975-ci il tarixdən 09.12.1977-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılmışdır (Əsas: NZ-3198583 saylı hərbi bilet). Bundan əlavə, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialının böyük mütəxəssisi Hədiyyə Mənsimova, X4 filialının arxivçisi Məlahət Sərdarovanın iştirakı ilə tərtib edilmiş Aktda göstərilmişdir ki, X3 filialı tərəfindən A.Noxudlu kənd sakini İddiaçı adına verilmiş 21 yanvar 2020-ci il tarixli, 23 saylı Arxiv arayışı yerində yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir. Əsas: X3 filialında mühafizə olunan sabiq-Arbatan kənd “Əzizbəyov” adına kolxozun 1970-1988-ci illərə aid illik staj və inventarizasiya kitabları, Noxudlu kənd Ağabəyli kolxozunun 1989-1995-ci illərə aid məzuniyyət və briqada (traktorçular) kitabları və Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasının 1996-2000-ci illərə aid əmək haqqı kitabları. Əsas: 1974-1975; 1979-1980-ci illərdə Əzizbəyov adına kolxozun illik stajı kitabında pozuntu olmasına baxmayaraq inventarizasiya kitablarında həmin illər üzrə adam günündə heç bir pozuntu aşkar olunmadı. Həmin illərə aid adam günlərinin düzgünlüyü təsdiq olundu. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 11.03.2021-ci il tarixli, **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bildirirlər ki, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarınız pensiya kapitalına çevilməklə). Belə ki, Sizin təqdim etdiyiniz 21.02.2021-ci il tarixli, 23 saylı arxiv arayışına əsasən Əzizbəyov, Ağabəyli adına kolxozlarda, Noxudlu X7 Komissiyasında işlədiyiniz, yəni 1971-1975-ci illər və 1979-1989-cu illərə dair iş stajınız əmək kitabçanızda yazılmasına baxmayaraq, əmək kitabçanızda ad, familiyanızın qeyd olunduğu yer pozulub yenidən yazıldığına və 1990- 1997-ci illər arasındakı iş stajınız əmək kitabçasında yazılmadığı üçün 22 il iş stajının qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına malik olmadığınız üçün, Sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. İddiaçının Salyan rayon “Əzizbəyov” və “Ağabəyli” adına kolxozlarda 1971-1975-ci və 1979-1989-cu illərə dair işlədiyi iş stajının əmək kitabçasında yazılmasına baxmayaraq, əmək kitabçasında ad, familiyasının qeyd olunduğu yerin pozulub yenidən yazılması, eləcə də 1990-1997-ci illər arasındakı iş stajı əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İddiaçının Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” və Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozlarda 1971-1975-ci və 1979-1989-cu illərə dair işlədiyi iş stajının əmək kitabçasında yazılmasına baxmayaraq, əmək kitabçasında ad, familiyasının qeyd olunduğu yerin pozulub yenidən yazılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, bu hal məhkəmə aradırması zamanı öz təsdiqini tapsa da, ona həmin müddətin (1971-1975-ci və 1979-1989-cu illərə dair) “qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməməlidir” barədə cavabdehin dəlillərini məhkəmə əsassız sayır. Belə ki, əvvəla iddiaçının 1971-1975-ci və 1979-1989-cu illərdə Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” və Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozlarda işləməsi Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Eyni zamanda, iş materiallarında olan Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialının böyük mütəxəssisi Hədiyyə Mənsimova, X4 filialının arxivçisi Məlahət Sərdarovanın iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, X3 filialı tərəfindən A.Noxudlu kənd sakini İddiaçı adına verilmiş 21 yanvar 2020-ci il tarixli, 23 saylı Arxiv arayışı yerində yoxlanılmış və 1974-1975; 1979- 1980-ci illərdə Əzizbəyov adına kolxozun illik stajı kitabında pozuntu olmasına baxmayaraq inventarizasiya kitablarında həmin illər üzrə adam günündə heç bir pozuntu aşkar olunmadı. Həmin illərə aid aid adam günlərinin düzgünlüyü təsdiq olundu. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1970-1975, 1979- 1997, 1999-2000-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda, Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda və Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işlədiyi Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən, iddiaçının 1999-2000ci illərdə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işlədiyi dövrlər istisna olmaqla, digər dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışında qeyd olunan 1979-1997-ci illərə dair iş stajı onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1970, 1971, 1972, 1973, 1974 və 1975-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. İddiaçının 10 fevral 2021-ci il tarixdə 65 yaşı tamam olmuş və qanunvericiliyin tələbinə əsasən onun həmin vaxtdan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 1975-1977-ci illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1970, 1971, 1972, 1973, 1974 və 1975-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli, 23 nömrəli arayışından müəyyən edilir ki, Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda 1970-1971-ci illərdə minimum adam günü norması kişilər üçün 250 adam günü, 1972-1975-ci illərdə minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1970, 1971, 1972, 1973, 1974 və 1975-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (134+110) x 12 = 2928/250 = 11 ay 07 gün; (190+182+91+164) x 12 = 7524/240 = 31 ay 03 gün (≈2 il 07 ay 03 gün), ümumilikdə cəmi 3 il 6 ay 03 gün. İddianın 1999-2000-ci illərdə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 1999-2000-ci illərdə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında adam günü qazanmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı 1999-2000-ci illərdə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işləməmişdir. Arxiv arayışında iddiaçıya 17162 manat (AZM) əmək haqqı yazıldığı göstərilsə də məhkəmə bu halı onun 1999-2000-ci illərdə işləməsinin sübutu kimi qəbul etmir. Belə ki, müəyyən olunduğu kimi iddiaçıya həmin vəsait 1999-2000-ci illərdə işləməyi müqabilində əmək haqqı kimi deyil, əvvəlki ilin əmək haqqından qalıq borc olaraq keçən vəsaitdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 1999-2000-ci illərdə Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında adam gün qazanmadığından iddia 1999-2000-ci illərdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi hissəsində rədd edilməlidir. Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Salyan rayon Dövlət Arxivinin 21.01.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışında göstərilən Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda işlədiyi 1970, 1971, 1972, 1973, 1974 və 1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda işlədiyi 1979-1988-ci illərə dair iş stajı, Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda işlədiyi 1989-1995-ci illərə dair iş stajı, Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işlədiyi 1996-1997ci illərə dair iş stajı onun sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Salyan rayon Dövlət Arxivinin 21.01.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışında göstərilən Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda işlədiyi 1970, 1971, 1972, 1973, 1974 və 1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, Salyan rayon Arabatan kənd sabiq “Əzizbəyov” adına kolxozda işlədiyi 1979-1988-ci illərə dair iş stajı, Salyan rayon Noxudlu kənd sabiq “Ağabəyli” adına kolxozda işlədiyi 1989-1995-ci illərə dair iş stajı, Salyan rayon Noxudlu kənd “Ağabəyli” X7 Komissiyasında işlədiyi 1996-1997-ci illərə dair iş stajı onun sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-884/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-884/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver