Məhkəmə qərarları › İş №2-1(120)-887/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-887/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-887/2021 02.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçı X3 nümayəndəsi X2 (Lerik rayonu, Cəngəmiran kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X9 (Lerik rayonu, Cəngəmiran kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı X3 cavabdeh Lerik rayon Cəngəmiran bələdiyyəsinə qarşı 15.08.2014-cü il tarixli, 8 saylı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X7 cavabdeh Lerik rayon Cəngəmiran bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.08.2014-cü il tarixdə X9 adına verilmiş qərarın ləğv edilməsi və hüquqlarının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı X3 nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh Lerik rayon Cəngəmiran bələdiyyəsinə qarşı 15.08.2014-cü il tarixli, 8 saylı qərarın ləğv edilməsi kimi baxılmasınə xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli qərardadına əsasən iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Lerik rayon Cəngəmiran bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Lerik rayon Cəngəmiran bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı X3 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1988 ci ildən Cəngəmiran kəndində ev almışdır və yaşıyır. Bu barədə 27 oktyabr 1988-ci il tarixində “Sosialist Kubası” sovxozu tərəfindən 388 saylı əmrdən çıxarış verilmiş və mənlə müqavilə bağlayaraq ev verilmişdir. 29 noyabr 2011 ci ildə X16 Kitabında 2390 nömrə ilə uçota alınıb. Ona məxsus fərdi yaşayış evinin torpaq sahəsində artıq istifadə edilən torpaq sahəsi vardır. Həmin torpaq sahəni 30 (otuz) ilə yaxındır əkib becərir. Hal-hazırda da həmin torpaq sahəsində əkin işləri aparır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun maddə 16-nın, 16.3 və 16.4 bəndlərində göstərilir ki, fərdi yaşayış evlərinin sənədlərində göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda artıq sahələr eyni hüquq əsasında həmin şəxsin adına rəsmiləşdirilir. 2013-cü ildə Cəngəmiran kənd sakini X11 onun qonşusu Salmanova Səmayənin evini oğlu Abbasov İlqama almışdır. 2014-cü ildə mənim xəbərim olmadan X11 ona məxsus həyətyanı torpaq sahəsində Cəngəmiranın sabiq kənd bələdiyyə sədri X5 ilə əlbir olub qanunsuz olaraq oğlu Abbasov Asimin adına bələdiyyə qərarı çıxartmışdır. Hüquqların pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Lerik rayon Cəngəmiran bələdiyyəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X14 iddia tələbini qəbul etməyərək bildirdi ki, Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ilə ona bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən ev tikmək məqsədilə 0,07 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin ona satılmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 15.08.2014-cü ildə qəbul olunmuşdur. İddiaçı 24 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ona rəsmi qaydada təqdim edilməmiş və hər hansı formada həmin qərar barədə ona məlumat verilməmiş, hazırki iş üzrə üçüncü şəxs X14 tərəfindən ona qarşı 07 aprel 2021ci il tarixdə Lerik rayon Məhkəməsində iddia qaldırılan zaman Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarından məlumatı olmuş və dərhal həmin qərarın ləğv olunması ilə bağlı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (İnzibati icraat haqqında Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (qərarını) 15.08.2014-cü il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (İnzibati icraat haqqında Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 15.08.2014-cü il tarixli, 8 saylı qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Lerik rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Lerik rayonu, Cəngəmiran kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 11-cü sırasında 2 nəfərdən ibarət ailə tərkibində X3 və X1 adları və onların qanuni istifadəsində 0,07 ha həyətyanı sahəsinin olduğu qeyd edilmişdir. İş materialında olan A 370606 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Lerik rayon Aqrar İslahatı Komissiyasının 27.12.1997-ci tarixli, 37 nömrəli qərarı əsasında X4 verilmiş 701,42 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İş materialında olan Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Lerik rayon Cəngəmiran kənd sakini X10 bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən ev tikmək məqsədilə 0,07 ha torpaq sahəsi satılmışdır. İş materialında olan məhkəmənin sorğusuna cavab olan Lerik rayon İcra Hakimiyyətinin 09.06.2021-ci il tarixli, 3/276 nömrəli məktubunda qeyd olunmuşdur ki, Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ilə X10 ayrılmış 0,07 ha torpaq sahəsi əvvəllər X3 istifadəsində olmuşdur. Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ilə X10 ayrılmış 0,07 ha torpaq sahəsi hal-hazırda X3 istifadəsindədir. Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ilə X10 ayrılmış 0,07 ha torpaq sahəsi X3 fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə bitişik yerləşir. Həmin torpaq sahəsi X7 tərəfindən çəpərlənmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 istifadəsində olan torpaq sahəsi Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ilə X10 ayrılmışdır. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd eməyi zəruri hesab edir ki, cavabdeh qəbul edilmiş inzibati aktın (15.08.2014-cü il tarixli, 8 saylı qərarın) hazırki iş üzrə iddiaçı X3 hüquqlarına və ya qonunla qorunan maraqlarına təsir edə biləcəyi ehtimalını nəzərə alaraq onu inzibati icraata cəlb etməmişdir. Belə ki, «İnzibati iсraat haqqında» Qanununun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin : 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi, eyni zamanda iddiaçının inzibati icraata cəlb edilməsi həm də onun üçün zəruridir ki, bu zaman cavabdeh bələdiyyənin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi üzrə araşdırmaq aparmaq imkanı yaranardı. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iki halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. İş materiallarında olan sübutlardan görünür ki, mübahisəli torpaq sahəsi uzun illərdir X3 istifadəsində olmaqla, onun fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə bitişik yerləşir. Ancaq işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan qeyd olunan xüsusuatlar üzrə zəruri inzibati icraat aparmamış, bununla da zəruri faktiki və hüquqi halları da müəyyən etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1ci maddəsinin tələbləri baxımından bələdiyyə inzibati orqan hesab edilir və inzibati orqan kimi o, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Bundan başqa, məhkəmə qeyd edir ki, X10 ayrılmış 0,07 ha torpaq sahəsi üzərində ilk öncə bələdiyyə öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almamış və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini notarial qaydada təsdiqlənməmişdir. Bununla da, cavabdeh mübahisələndirilən 15.08.2014-cü il tarixli, 8 saylı qərarını qəbul edərkən qanunverciliyin aşağıda qeyd olunan tələblərini pozmuşdur: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci bəndinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə riayət etməmiş və 15.08.2014-cü il tarixli, 8 saylı iclas qərarını qəbul etməklə iddiaçının hüquqlarına müdaxilə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Beləlilkə, iddia təmin edilməli, Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ləğv edilməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Lerik rayon Cəngəmiran bələdiyyəsinin 15.08.2014-cü il tarixli, 8 saylı qərarı ləğv edilsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar