Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-888/2020 25.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «27 mart 1996-cı il tarixdən 02 oktyabr 2019-cu il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq tam şəkildə ödənilməsi barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 02 oktyabr 2019-cu il tarixdə M/V 086408 saylı vəsiqə verilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki illər üçün müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 06 mart 2020-ci il tarixli **********0 saylı məktubla iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 02 oktyabr 2019-cu il tarixdən əvvəlki illər üçün müavinətin hesablanaraq ödənilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki illər üçün, yəni 27 mart 1996-cı il tarixdən 02 oktyabr 2019-cu il tarixədək müharibə veteranı adına görə müavinətin (ödənişin) tam şəkildə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 may 1975-ci il tarixdə Astara rayonunun Şahağac kəndində anadan olmaqla, həmin kənddə yaşayır. 20 oktyabr 1993cü il tarixdə keçmiş Astara rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və 27 mart 1996-cı il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. O, müharibə veteranı olsa da, 2019-cu ilin oktyabr ayınadək müharibə veteranı vəsiqəsi əldə edə bilməmişdir. Müharibə veteranı vəsiqəsini əldə edəndən sonra, yəni 02 oktyabr 2019-cu il tarixdən etibarən müharibə veteranı kimi hər ay ona 80 (səksən) manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. O, əvvəlki illər üçün müharibə veteranı adına görə müavinətin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə müraciət etmişdir, lakin əvvəlki illər üçün ödənişin həyata keçirilməsi qanunamüvafiq hesab edilməyərək ödənişdən imtina edilmişdir. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin 17 iyun 2020-ci il tarixli **********0 saylı etiraz məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 7 nömrəli əlavəsinin-Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adını almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Odur ki, İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin surətlərini, Astara Rayon İHB-nin Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarını və cavabdehin imtina məktubunun surətini əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Astara rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 02 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən də Prezident təqaüdü təyin olunaraq ödənilir. İddiaçı isə 27 mart 1996-cı il tarixdən 02 oktyabr 2019-cu il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq tam şəkildə ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli 992 nömrəli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 2.1 və 2.1.1-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki illər üçün ödəmələrin aparılması yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı 27 mart 1996-cı il tarixdən 02 oktyabr 2019-cu il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «27 mart 1996-cı il tarixdən 02 oktyabr 2019-cu il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq tam şəkildə ödənilməsi barədə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün iyirmi manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «27 mart 1996-cı il tarixdən 02 oktyabr 2019-cu il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq tam şəkildə ödənilməsi barədə» iddia tələbi təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov