Məhkəmə qərarları › İş №2-1(120)-889/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-889/2020

02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-889/2020 02.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Saatlı rayonu, Qırağlı kəndində yaşayan) və Cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin nümayəndəsi X3 (Dövlət Sosial X5 rayon şöbəsinin Mühasibat uçot sektorunun məsləhətçisi, ünvan 1 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 05 dekabr 1957-ci il tarixdə Saatlı rayonu, Məmmədabad kəndində doğulmuşdur. Saatlı rayonu, Qırağlı kəndində qeydiyyatdadır. İddiaçı 09.08.1974- 20.11.1985-ci illərdə Saatlı rayon Kooperativ Cəmiyyətində və 01.06.1988-01.09.2004-cü illərdə Qırağlı (Leninkənd) kənd uşaq bağçasında işləmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 14.02.2020-ci il tarixli **********2 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, Qırağlı (Leninkənd) uşaq bağçası üzrə 1988-1999-cu illərin əmək haqqı cədvəlləri Saatlı rayon Dövlət Arxivinə saxlanılması üçün təhvil verilmədiyinə görə araşdırılmasının mümkün olmadığını əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Dövlət Sosial X5 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X5 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasına 12 fevral 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən ona ünvanlanmış **********2 saylı 14 fevral 2020-ci il tarixli məktubda göstərilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Ədliyyə Nazirliyində 08 oktyabr 2010-cu il tarixdə qeydiyyatdan keçmiş Qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi əmək kitabçasına və Saatlı rayon Dövlət Arxivi tərəfindən Abdullayeva (Səmədova) Səfayə Abı qızının adına verilmiş 11 noyabr 2019-cu il tarixli 119 saylı arayışa əsasən 09 avqust 1974cü il tarixdən 20 noyabr 1985-ci il tarixinə kimi Saatlı rayon Kooperativ Cəmiyyətində və 01 iyun 1988-ci il tarixdən 01 sentyabr 2004-cü il tarixə kimi Qırağlı (Leninkənd) kənd uşaq bağçasındakı əmək fəaliyyəti barədə açılmış yeni əmək kitabçası latın qrafikalı hərflərlə yazılıb latın qrafikalı möhürlə təsdiq olunduğuna görə əmək fəaliyyəti üzrə əmək haqqı almağı Saatlı rayon Dövlət Arxivində saxlanılan əmək haqqı cədvəlləri üzrə araşdırıldı və adına tərtib edilmiş akt üzrə əmək haqqı alınması aşkar olundu. Qırağlı (Leninkənd) uşaq bağçası üzrə 1988-1999-cu illərin əmək haqqı cədvəlləri Saatlı rayon Dövlət Arxivinə saxlanılması üçün təhvil verilmədiyinə görə araşdırılması mümkün olmadı. Odur ki, yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. Onun qızlıq soyadı Səmədova olmuş, X1 ilə nikaha girərkən Abdullayeva soyadını götürmüşdür. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, bildirdi ki, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı təqdim etdiyi Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 noyabr 2019-cu il 119 saylı arayışa əsasən 09 avqust 1974-cü il tarixdən 20 noyabr 1985-ci il tarixə kimi Saatlı rayon Kooperativ Cəmiyyətində və 01 iyun 1988-ci il tarixdən 01 sentyabr 2004-cü il tarixə kimi Qırağlı (Leninkənd) kənd uşaq bağçasındakı əmək fəaliyyəti barədə açılmış yeni əmək kitabçası latın qrafikalı hərflərlə yazılıb latın qrafikalı möhürlə təsdiq olunduğuna görə əmək fəaliyyəti üzrə əmək haqqı almağı Saatlı rayon Dövlət Arxivində saxlanılan əmək haqqı cədvəlləri üzrə araşdırılmışdır. Araşdırma zamanı vətəndaşın 1974-1985-ci illərdə Saatlı rayon Kooperativ Cəmiyyətində işləyib əmək haqqı alması 1982-ci ildə tam, 1983-cü ildə qismən istisna olmaqla aşkar olunmuşdur. Qırağlı (Leninkənd) uşaq bağçası üzrə 1988-2000-ci illərin əmək haqqı cədvəlləri Saatlı rayon Dövlət Arxivinə saxlanılması üçün təhvil verilmədiyinə görə araşdırılması mümkün olmamışdır, qalan 01 aprel 2001-ci il tarixdən 31 iyul 2004-cü il tarixə kimi beş ay istisna olmaqla işləyib əmək haqqı alması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin və əmək kitabçasının təsdiq olunmuş surətlərini, Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında çıxarışı, Saatlı Rayon İHB-nin Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Saatlı rayon Dövlət Arxivinin arxiv arayışlarının və Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən tərtib edilmiş aktların surətlərini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına İddiaçı adına verilmiş 13.11.2019-cu il tarixli 119 nömrəli arxiv arayışlarına səbəb olan Saatlı İstehlak (Kooperativ) Cəmiyyətinin və Saatlı rayonu Qırağlı kənd uşaq baxçasının əmrlərin surətləri əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 05 dekabr 1957-ci il tarixdə doğulmuşdur. 05 iyun 2018-ci il tarixdə 60 yaş 6 ayı tamam olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. İddiaçının 09.08.1974-20.11.1985-ci illərdə Saatlı rayon Kooperativ Cəmiyyətində və 01.06.1988-01.09.2004-cü illərdə Qırağlı (Leninkənd) kənd uşaq bağçasında işləməsi ona məxsus 13.11.2019-cu il tarixli ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Həmçinin iddiaçının 09.08.1974-20.11.1985-ci illərdə Saatlı rayon Kooperativ Cəmiyyətində və 01.06.1988-01.09.2004-cü illərdə Qırağlı (Leninkənd) kənd uşaq bağçasında işləməsi Saatlı rayon Dövlət Arxivinin 13.11.2019-cu il tarixli 119 nömrəli arxiv arayışları ilə də təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Həmçinin məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.2.1-ci bəndinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə 13.11.2019-cu il tarixli ******* nömrəli əmək kitabçasını və Saatlı rayon Dövlət Arxivinin 13.11.2019-cu il tarixli 119 nömrəli arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının Saatlı rayon Kooperativ Cəmiyyətində 1982-ci ildə tam və 1983-cü ildə qismən əmək haqqı almasına dair sənədlərin aşkar olunmaması, eləcə də Qırağlı (Leninkənd) uşaq bağçası üzrə 1988- 2000-ci illərin əmək haqqı cədvəllərinin Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının 09.08.1974-cü il tarixli 318 №-li sərəncamla Saatlı rayon Kooperativ Cəmiyyətinə işə qəbul edilməsi və 20 noyabr 1985-ci il tarixli 102 №-li sərəncamla işdən azad olunması, həmçinin 01 iyun 1988-ci il tarixli 1 №-li əmrlə Qırağlı uşaq baxçasına işə qəbul edilməsi və 01.09.2004-cü il tarixli 24 №-li əmrlə işdən azad olunması Saatlı rayon Dövlət Arxivində saxlanılan sənədlərdə öz əksini tapmışdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1 .İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X5 rayon şöbəsinin üzərinə qoyulsun.

2. Prosessual xərc iddiaçıya aid edilsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar