Məhkəmə qərarları › İş №2-1(120)-889/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-889/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-889/2021 26.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və «Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və Səfərbəlrlik haqqında» Qanuna əsasən 28.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək 29.09.2020-ci il tarixdə müvafiq olaraq döyüş zonasındakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikasının Müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm və Xocavənd, Zəngilan, Qubadlı rayonlarının işğalçı erməni hərbi birləşmələrindən azad olunmasına qarşı qəhrəmancasına vuruşmuşdur. Müvafiq olaraq Medallarla təltif olunmuşdur. 03.01.2021-ci il tarixdə təxris olunmuşdur. Bütün bunlar barədə ona təqdim edilmiş seriya AO№1321925-li Hərbi biletdə ətraflı qeydlər aparılmışdır. Səfərbərliyə cəlb olunmamışdan əvvəl 06.01.2012-ci il tarixdən 01.07.2013-cü il tarixə kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddia ərizəsinə əlavə edilmiş möhtəbər hüquqi sənədlərdən göründüyü kimi O, cavabdeh SHXÇDX-nin Sabirabad Rayon Şöbəsi tərəfindən 28.09.2020-ci il tarixdə qismən Səfərbərliyə cəlb edilmiş və döyüş zonasında yerləşən müvafiq hərbi hissəyə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş AO№1321925 nömrəli Hərbi biletdə aparılan qeydlərdən görünür ki, O, üçüncü şəxsin tabeliyində olan və döyüş zonasında yerləşən N saylı Hərbi hissənin tərkibində xidmət keçməklə «Vətən Müharibəsi» zamanı döyüş əməliyyatlarında iştirak edərək işğalçı ordu birləşmələrinə qarşı qəhrəmancasına vuruşmuşdur. Lakin bütün bunlara baxmayarq bu günə kimi «Müharibə Veteranı adını və müvafiq vəsiqəsini) ala bilməmişdir. Bu səbəbdəndə bu müddət ərzində Müharibə veteranlarına qanunla şamil edilən sosial müavinat almaq hüququndan və digər imtiyazlardan məhrum olunmuşdur. «Müharibə Veteranı adının və müvafiq vəsiqəsinin» verilməsi məqsədilə cavabdehə və üçüncü şəxsə rəsmi sənədləri təqdim etməklə müraciət etmişdir. Cavabdeh SHXÇDX-nin Sabirabad Rayon Şöbəsi yuxarıda şərh olunan Qanunun tələblərinə baxmayaraq öz üzərinə düşən öhdəliyi üçüncü şəxsin üzərinə qoymaqla dolayısı yolla onun müraciətinə imtina cavabı vermişdir. Halbuki, həmin inzibati orqanın çağırışı əsasında qismən səfərbərliyə cəlb edilmişdir. Cavabdeh SHXÇDX-nin Sabirabad Rayon şöbəsinin 16.03.2021-ci il tarixli 446 saylı məkutbunu iddia ərizəsinə əlavə edirəm. Üçüncü şəxs tərəfindən ona ünvanlanan 27.02.2021-ci il tarixli 1/ə-4719 saylı cavab məktubunda dolayısı yolla imtinadan başqa bir şey deyildir. Bütün bunları nəzərə alaraq müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi tələbinə dair cavabdeh və üçüncü şəxsə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsini müdafiə edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə hazırlıq iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq naməlum səbəblərdən nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir və cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsini göstərmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, İddiaçı 07.01.2012-ci il tarixdən 01.07.2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 01.07.2013-cü il tarixdə Silahlı Qüvvələrdən tərxis edilmiş və SHXÇDX-nin Sabirabad rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasında qismən səfərbərliklə əlaqədar çağırılaraq müvafiq hərbi hissəyə təhvil verilmiş, 29.09.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək hərbi hissədə xidmət etmiş, 03.01.2021-ci il tarixdə Silahlı Qüvvələrdən tərxis edilmiş və SHXÇDX-nin Sabirabad rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı yönəlmişdir. Belə ki, iddiaçının hərbi qulluqçu statusu olduğundan “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlı iddia tələbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəlməlidir. Məhkəmə gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçıya izah edərək bildirir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq əsl cavabdeh inzibati orqan – Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməli və cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə yeni iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə iddiaçıya 07 aprel 2021-ci il tarixli 2-1(120)-889/2021 saylı məktubla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə iddiaçıya izah edərək bildirir ki, iddianın mümkün sayılmamasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra iddiaçının yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar