Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-889/2024 30.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli 022 əç nömrəli əmrinə ona aid hissədə dəyişiklik edərək “hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsi ilə ( Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edilməklə) ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı Cavabdeh qarşı “Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli 022 əç nömrəli əmrinə ona aid hissədə dəyişiklik edərək “hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsi ilə ( Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edilməklə) ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli 022 əç nömrəli əmrinə ona aid hissədə dəyişiklik edərək “hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsi ilə ( Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edilməklə) ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N saylı hərbi hissənin xx.xx.2019cu il tarixli N saylı əmri ilə hərbi hissənin siyahısına daxil etdiyi tarixdən hərbi xidmətini davam etdirməklə xx.xx.2021-ci il tarixdən ailə vəziyyətinin ağır olması ilə əlaqədar olaraq hərbi hissədən təxris olunmağı barədə müraciət etmişdir. Lakin N saylı hərbi hissə ərizəsini nəzərə almadan səhvən olaraq hərbi xidmətə uyğunsuzluq maddəsi ilə onu hərbi hissədən təxris etmişdirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.Həmçinin iddiaçı tərəfindən ötürülmüş prosessual müddət üzrlü hesab edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən bərpa edilmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, AO ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci illərdə müxtəlif hərbi hissələrin tərkibində hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək Cavabdeh sürücü-radiotelefonçu vəzifəsində xidmət etmişdir. İş materiallarında olan Cavabdeh komandirinin İddiaçı barəsində verdiyi Xidməti xasiyyətnaməsindən görünür ki, ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh qərargah bölüyünün komendant taqımının sürücüsü-radiotelefonçusu vəzifəsində xidmət edib. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, savadlı, işgüzar və tələbkar bir hərbi qulluqçu kimi göstərməyə çalışıb. Ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı hərbi bilik və hazırlıq səviyyəsinin artırılması üçün öz üzərində çalışıb. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş olub. Kollektivdə və yoldaşları arasında hörmətə malik olub. Nizamnamə qaydalarını bilib və gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağa çalışıb. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə çalışıb. Xidmətə münasibəti müsbət olub, tutduğu vəzifənin öhdəsindən gəlməyə çalışıb, vətənpərvər olub. Dövlət sirrini qorumağı bacarıb. İş materiallarında olan soaial müavinət və təqaüd haqqında arayışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Vətən müharibəsi iştirakçısı kimi 80 manat müavinət alır. İş materiallarında olan “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalın xx.xx.2020-ci il tarixli vəsiqəsindən görünür ki, İddiaçı Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-1825, İ-14933 və İ- 14683 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində hərbi qeydiyyatda olan kiçik-çavuş (MAHHXHQ) İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmət keçmiş və Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata tərxis olunmuşdur və xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Söhbət Vərəqəsindən görünür ki, Qərargah bölüyünün komendant taqımının sürücüsü-radiotelefonçu MAHHXHQ kiçik çavüş İddiaçı ailə vəziyyətində olan problemlərlə əlaqədar, xidmətdə çətinliklərin yaşandığını və bunları nəzərə alaraq onu öz xahişi ilə tez bir zamanda ehtiyyata buraxılmasına köməklik edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli, 022 əç nömrəli əmrindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 47 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh sabiq hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək 44 günlük “Vətən müharibəsində” iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Ordu sıralarından ehtiyata buraxılması üçün öz istəyini bildirmiş və söhbətləşmə aparılaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) 31 mart 2021-ci il tarixdə Cavabdeh komandirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə ; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan “Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli 022 əç nömrəli əmrinə ona aid hissədə dəyişiklik edərək “hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edilməklə) ehtiyata buraxılmasından ibarətdir. Göründüyü kimi, iddiaçını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edilməklə) ehtiyata buraxılmasına hüquqi əsaslar vardır. Belə ki, iş materiallarında olan Söhbət Vərəqəsindən göründüyü kimi, Qərargah bölüyünün komendant taqımının sürücüsü-radiotelefonçu MAHHXHQ kiçik çavuş İddiaçı ailə vəziyyətində olan problemlərlə əlaqədar, xidmətdə çətinliklər yaşandığını və bunları nəzərə alaraq onu öz xahişi ilə ehtiyyata buraxılmasını xahiş etmiş, bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı arayışında da qeyd edilmişdir ki, Cavabdeh sabiq hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək 44 günlük “Vətən müharibəsində” iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur və Ordu sıralarından ehtiyata buraxılması üçün öz işdəyini bildirmişdir. Məhkəmə hesab edir ki, baş vermiş texniki səhvlə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.İddiaçı hal-hazırda əmrin ləğv edilərək xidmətə yenidən bərpasını istəmir.O, himayəsində iki azyaşlı övladı, qoca valideynləri olduğunu və onların dolanışığını təmin etmək üçün işə ehtiyacı olduğunu, lakin “xidməti uyğunsuzluğa görə” xidmətdən tərxis olunduğuna görə heç bir yerdə işə götürülmədiyini bildirmiş və həmin əmrə dəyişiklik edilməsini məhkəmədən xahiş etmişdir.Məhkəmə hesab edir ki, baş vermiş texniki səhv iddiaçının hazırki vəziyyətində ona çətinlik yaratmamalı, himayəsində olan azyaşlı övladlarını, maddi çətinliyini, Vətənin müdafiəsi üçün etdiyi fədakarlıqları nəzərə alaraq iddia tələbi təmin edilməli, əmrdə dəyişiklik edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) dair iddialara inzibati icraat qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 4.1, 32,68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli 022 əç nömrəli əmrinə İddiaçı aid hissədə dəyişiklik edərək “hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsi ilə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edilməklə) ehtiyata buraxılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-889/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-889/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver