Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-89/2025 02.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayonu Ərçivan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə ayırılmış 0,0373 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, 0.045 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Astara rayonu Ərçivan bələdiyyəsi və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Astara rayonu Ərçivan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında Astara rayonunnun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə ona ayırılmış 0,0373 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayon Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında ona Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə ona ilkin hüquqmüəyyənedici sənədlər də təsdiq edilməklə təqdim edilmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün 01 oktyabr 2021-ci il tarixdə və 11 may 2022-ci il tarixlərdə zəruri sənədləri təqdim etməklə aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, **********69 nömrəli bildirişdə qeyd edilmişdir ki, sənədlərin ekspertizası və yerində aparılan müayinə nəticəsində ona ayrılmış 0,08 hektar torpaq sahəsinin bir hissəsi qonşu tərəfindən zəbt edilmiş, qonşular arasında mübahisə mövcuddur, həmçinin yüksük gərginlik elektrik xətti (YGEX) həmin torpaq sahəsinin üzərindən keçir və sözü gedən torpaq sahəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Bundan sonra yenidən cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat tərəfindən verilmiş 02 iyul 2022-ci il tarixli. **********87 nömrəli bildirişdə qeyd edilmişdir ki, Ərçivan bələdiyyəsinin müvafiq qərarı əsasında ona ayrılmış 800 kvadratmetr həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza edilərkən məlum olunmuşdur ki, mühüm əhəmiyyətli sənədlərdən sayılan aktında əlavələr edilməklə düzəliş edilmiş, eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astararayon şöbəsinin rəyində torpaq sahəsinin ölçüsünə münasibətdə dəyişikliklər edilməsini göstərməklə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Şirvan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında İddiaçı ayrılmış 800 kv.m həyətyanı torpaq sahəsinə dair qeydiyyatın aparılması proseduru ilə əlaqədar həmin şəxs tərəfindən Ərazi İdarəsinə edilən müraciətin, habelə həmin müraciət əsasında aparılmış inzibati icraat materiallarının təqdim olunmasına münasibətdə, tərəfmizdən həmin əmlaka dair arxiv və baza məlumatları aid olan hissədə araşdırıldır. Məlumat üçün bildiririk ki, sözü gedən ünvanda yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının 08 oktyabr 2020-ci il tarixli, ********** və 01 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli təkrar ərizəsi əsasında təqdim olunmuş sənədlər icraata qəbul edilmişdir. İcraatda olan sənədlərin ekspertizası və fakt ki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq həmin müraciətlərin icrasından imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin, Astara rayonu Ərçivan bələdiyyəsinin nümayəndəsi və X6 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Astara rayonu ərazisində yerləşdiyindən və Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Astara rayonu Ərçivan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Astara kənd sakini İddiaçı Ərçivan bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,08 ha torpaq sahəsi satılmışdır. İşdə olan xx.xx.2008-ci il tarixli Torpaqların alqı satqısına dair aktın təsdiq edilmiş surətindən görünür ki, Astara rayonu Ərçivan bələdiyyəsi ərazisindən İddiaçı 0.08 ha torpaq sahəsi 240 manata satılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********87 nömrəli bildirişinin surətindən görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı müvafiq qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü sizə ayrılmış 800 kv.m həyətyanı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 800 kv.m həyətyanı torpaq sahəsinə dair təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Ərçivan bələdiyyəsinin müvafiq qərarı əsasında sizə ayrılmış 800 kv.m həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza edilərkən məlum olmuşdur ki, mühüm əhəmiyyətli sənədlərdən sayılan alqı-satqı aktında əlavələr edilməklə düzəliş edilmiş, eyni zamanda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin rəyində torpaq sahəsinin ölçüsünə münasibətdə dəyişikliklər edilmişdir. Bu səbəbdən (ilkin hüquqmüəyyənedici sənədlərə müdaxilə olunmasına münasibətdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində (800 kv.m torpaq sahəsinə dair) yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6653 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2530/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı və “Torpaqların alqı- satqısına dair” xx.xx.2008-ci il tarixli akt əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin yerində koordinatları müəyyən olunmuş və həmin 0.08 ha torpaq sahəsinin mövcud baza məlumatlarında bələdiyyə mülkiyyəində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2530/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı və “Torpaqların alqı- satqısına dair” xx.xx.2008-ci il tarixli akt əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığıdan torpaq sahəsi barədə elektron kadastr xəritəsində məlumatların mövcud olması müəyyən edilməmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2530/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı və “Torpaqların alqı- satqısına dair” xx.xx.2008-ci il tarixli akt əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin 50 kv.m hissəsinin (qərb tərəfdən) üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələrinin (iki torpaq sahəsi) üzərinə düşməsi müəyyən olunmuşdur, (hüquq sahibi X6) Qərardadın beşinci və altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2530/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin bütövlüklə digər şəxs və ya şəxslər tərəfindən çəpərə alınaraq istifadə edilməsi müşahidə olunmuş və həmin şəxs və ya şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır Qərardadın yeddinci və səkkizinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2530/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində tikilinin olmadığı, torpaq sahəsinin şimal-şərq sərhədi boyu yüksək gərginlik (35 kV) elektrik xəttinin keçməsi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-557/2024 nömrəli məktubundan görünür ki, sözü gedən ünvanda yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının 01 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər icraata qəbul edilmişdir. İcraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticəsində məlum olmuşdur ki, həmin 800 kv.m torpaq sahəsinin 50 kv.m hissəsi X4 istifadəsində olan torpaq sahəsinə düşür, eyni zamanda tərəflər arasında mübahisə mövcuddur.Həmçinin sözügedən torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçməkdədir.Bu səbəbdən hazırki İddiaçı xx.xx.2021-ci il tarixli, **********69 nömrəli imtina bildirişi ünvanlanmışdır. Eyni zamanda bildiririk ki, hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi X2 tərəfindən İddiaçı ayrılmış 800 kv.m həyətyanı torpaq sahəsinə dair qeydiyyatın aparılması proseduru ilə əlaqədar xx.xx.2022-ci il tarixində, ********** qeydiyyat nömrəli ərizə vasitəsilə 10 saylı Lənkəran Ərazi İdarəsinə yenidən müraciət olunmuş və sənədlərin ekspertizası zamanı müəyyənləşdirilmişdir ki, Ərçivan bələdiyyəsinin 10 saylı müvafiq qərarı əsasında iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair mühüm əhəmiyyətli sənədlərdən sayılan alqı-satqı aktında əlavələr edilməklə düzəliş edilmiş, eyni zamanda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Şöbəsinin rəyində torpaq sahəsinin ölçüsünə münasibətdə dəyişikliklər edilmişdir. Qeyd olunan səbəbdən hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsi X1 xx.xx.2022-ci il tarixli, **********87 nömrəli imtina bildirişi ünvanlanmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9732/2024 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3946/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı Torpaqların alqı- satqısına dair 01,02.2008-ci il tarixli akt əsasında Astara rayonunun ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin iddia olunan faktiki koordinatlarına asasən digər şəxs X4 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 0,005 ha və torpaq sahəsinin şimal-şərq sərhədi boyu keçən yüksək gərginlikli (35 kV) elektrik xəttinin mühafizə zonasına düşən 0,0375 ha hissələrini çıxmaq şərtilə qalan torpaq sahəsinin ölçüsünün 0,045 ha deyil, 0,0373 ha olması müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3946/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı və "Torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli akt əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin iddia olunan faktiki koordinatlarına əsasən digər şəxs X4 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 0,005 ha və torpaq sahəsinin şimalşərq sərhədi boyu keçən yüksək gərginlikli (35 kV) elektrik xəttinin mühafizə zonasına düşən 0,0375 ha hissələrini çıxmaq şərtilə qalan 0,0373 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3946/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı və "Torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli akt əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin iddia olunan faktiki koordinatlarına əsasən digər şəxs X4 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 0,005 ha və torpaq sahəsinin şimalşərq sərhədi boyu keçən yüksək gərginlikli (35 kV) elektrik xəttinin mühafizə zonasına düşən 0,0375 ha hissələrini çıxmaq şərtilə qalan 0,0373 ha torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin bütövlüklə digər şəxs (X7) tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur. Qeyd olunan 0,0373 ha torpaq sahəsinin faktiki vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3946/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı və "Torpaqların alqı-satqısına dair 01,02.2008-ci il tarixli akt əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin iddia olunan faktiki koordinatlarına əsasən digər şəxs X4 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 0,005 ha və torpaq sahəsinin şimalşərq sərhədi boyu keçən yüksək gərginlikli (35 kV) elektrik xəttinin mühafizə zonasına düşən 0,0375 ha hissələrini çıxmaq şərtilə qalan 0,0373 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi və torpaq sahəsinin faktiki vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən sənədlərin iddiaçıya natamam təqdim edilməsi, bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan vətəndaşa satması, sənədlərin natamam tərtib edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmiş, eləcə də torpaq sahəsinin alınmasını təsdiq edən müvafiq qəbzin təsdiq edilmiş surətidə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/9732 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və rəyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-3946/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Ərçivan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı və "Torpaqların alqı-satqısına dair 01,02.2008-ci il tarixli akt əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin iddia olunan faktiki koordinatlarına əsasən digər şəxs X4 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 0,005 ha və torpaq sahəsinin şimal-şərq sərhədi boyu keçən yüksək gərginlikli (35 kV) elektrik xəttinin mühafizə zonasına düşən 0,0375 ha hissələrini çıxmaq şərtilə qalan 0,0373 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi və torpaq sahəsinin faktiki vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı imtina mətlubunda və ekspert rəylərində qeyd edilən hallarla razılaşaraq tələbinin həcmin azaltmış və hal-hazırda hüquqi marağı faktiki istifadəsində olan 0,0373 ha hissədə xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. İş materiallarına əlavə edilən sənədlərə əsasən Astara rayonu Ərçivan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı iddiaçıya aid hissədə geri çağırılmadığı, ləğv edilmədiyi, dəyişdirilmədiyi, qüvvədə olduğu müəyyən edilir. Qərara nəzər yetirilən zaman isə torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün ayrıldığı müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Mübahisələndirilən bələdiyyənin qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən Lənkəran rayonu Gərmətük Bələdiyyəsinin xx.xx.2011ci il tarixli, 06 saylı qərarı iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Astara rayonu Ərçivan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 0,0373 ha hissədə torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Astara rayonu Ərçivan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində İddiaçı fərdi yaşayış evi tikmək məqsədi ilə ayırılmış 0,0373 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Astara rayonu Ərçivan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasında Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində İddiaçı fərdi yaşayış evi tikmək məqsədi ilə ayırılmış 0,0373 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-89/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-89/2025
02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver