Məhkəmə qərarları › İş №2-1(120)-890/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-890/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-890/2024 11.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixdə doğulmuş övladı X1 “Tanrıverdizadə”dən “Zahidli”yə dəyişdirilməsi və soyadının dəyişdirilməsi ilə bağlı yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixdə doğulmuş övladı X1 “Tanrıverdizadə”dən “Zahidli”yə dəyişdirilməsi və soyadının dəyişdirilməsi ilə bağlı yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə X6 və Laçın rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdə sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı X6 ilə xx.xx.2021 -ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuş və bu barədə Bərdə regional “Asan-Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il tarixdə 504 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə X7 doğlumuşdur. Həyat yoldaşı ilə məsləhətləşərək və ümumi razılığa gələrək birgə nikahdan doğulmuş övladının soyadının onun atasının adı ilə dəyişərək “Zahidli” kimi qeyd etdirmək üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh təşkilat ona müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsini əsas gətirməklə imtina edərək məsələ ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Halbuki onun övladının soyadını dəyişdirmək istəyi qanunvericiliyin ona verdiyi hüquqdan sui-istifadə etməklə hər hansı məsuliyyətdən yayınmaq, psixoloji durumumu gizlətmək və ya barəsində hər hansı nüfuzdan salan məlumatlardan yayınmaq məqsədi ilə bağlı olmamışdır. Həmçinin uşağın soyadını dəyişdirməkdə məqsədi ata adını əbədiləşdirmək və sonrakı nəsillərə ötürmək olmuşdur ki, bu hala Azərbaycan Respublikası qanunvericiliyi ilə tam şəkildə icazə verilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı və cavabdeh ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən doğum tarixi xx.xx.2022-ci il olan X5 xx.xx.2022-ci il tarixli, AZ-İV 712939 nömrəli, doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına İddiaçı, “anası” qrafasına X6 qeyd olunmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə doğulmuş X5 adına AZ-İV seriyalı 712939 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmiş və şəhadətnamədə onun valideynləri kimi İddiaçı və X6 göstərilmişdir. İddiaçı övladı X2 “Tanrıverdizadə”dən “Zahidli”yə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bundan başqa, Laçın Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində komissiya X2 “Tanrıverdizadə”dən “Zahidli”yə dəyişdirilməsinin onun mənafeyinə uyğunluğunun müəyyən olunmasını məhkəmənin mülahizəsinə buraxmağını məqsədəmüvafiq hesab edildiyi bildirilmişdir. İş materialları və iddiaçı tərəfin məhkəmə icasındakı izahatları əsasında aparılmış məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ilə X6 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Alya adlı qız övladları doğulmuşdur. Uşağa Cavabdeh tərəfindən “Tanrıverdizadə” soyadı qeyd edilməklə AZ-İV seriyalı 712939 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. İddiaçı uşağın soyadının “Tanrıverdizadə”dən “Zahidli”yə dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.11-ci bəndinə əsasən valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərinin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edilir. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadının valideynlərinin soyadı ilə verildiyini nəzərdə tutsa da, yalnız valideynlərin adı ilə ona soyad verilməsini qadağan edir və babasının adı ilə uşağa soyad verilməsini də mümkünsüz etmir. Doğrudur, sadalanan normalarda uşağın babasının adı ilə ona soyad verilməsi valideynlərin soyadının olmadığı hallarda nəzərdə tutur, lakin nəzərə alınmalıdır ki, hazırkı halda uşağın valideynləri arasında fikir ayrılığı mövcud deyil (cavabehin imtinasında bu barədə heç nə bildirilməmişdir) və soyadın dəyişdirilməsinin uşağın mənafeyinə zidd olması ilə bağlı hallar meydana çıxmır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı uşağı X2 “Tanrıverdizadə”dən “Zahidli”yə dəyişdirilməsindən cavabdeh inzibati orqan Cavabdeh imtinası əsaslı deyil və idiaçının hüquqlarının pozulması ilə nəticəlmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı 15 iyun 2022-ci il tarixdə doğulmuş övladı X2 “Tanırverdizadə” dən “Zahidli” yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 14.3, 23.1, 30.4, 33, 58.7, 62.3, 68-69, 73, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edlsin. İddiaçı 15 iyun 2022-ci il tarixdə doğulmuş övladı X2 “Tanırverdizadə” dən “Zahidli” yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar