Məhkəmə qərarları › İş №2-1(120)-891/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-891/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-891/2025 13.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17- 4/3-3-1263/2024 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsini və müvafiq əlliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi X5 iddianın dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2-ci Qarabağ uğrunda Füzuli, Qubadlı və Şuşa üzrə gedən döyüşlərdə iştirak etmiş, bütün olduğu ərazi üzrə medallarla təltif olunmuş, özü Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən zaman kəllə-beyin travması almış, lakin qızğın döyüşlər olduğu üçün yerində ambulator müalicə almış, döyüşlərə qayıtmışdır. Ona təyin olunmuş xx.xx.2021-ci il tarixli, 15498 nömrəli «Xəstəlik haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Sol biləyin arxa səthinin, sol budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanması” xəsarətini almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmışdır. Aldığı xəsarətlə əlaqəli döyüş zamanı stasionar müalicə almamışdır. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən təxris edilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasının “Barotravma nəticəsində şəxsiyyətin astenik tip pozuntusu, davranış pozuntuları, depresiv daxilolmalar və retroqrad amneziya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. SQ İ nevroloqu ilə konsultasiya olunmuşdur. Aparılmış müalicələr və müddətlər: xx.xx.2021-xx.xx.2021-ci il tarixində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası müayinədə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları,anamnezində intihar fikirləri, Posttravmatik stress pozuntusu, Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1-nin və arxa 3/1-nin kor qəlpə yaralanması diaqnozu ilə əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən imtina edilmişdir. Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. ətraflı: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Lakin, iddia ərizəsinə əlavə etdiyi reseptlərdən və rəylərdən də görünür ki, psixoloji durumu bərbad günündədir. «Psixi Sağlamlıq Mərkəzi» X11 xx.xx.2023-cü il tarixli, 2249 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı «Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə» əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr Komissiyası tərəfindən müayinə olunub və Diaqnoz: Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində İntihar fikirləri ilə F 06.3 əlamətləri vardır. Odur ki, əlilliyinin təyin olunması zəruridir. Ona səhhəti ilə əlaqədar təyin edilə biləcək ekspertizanın X9 vasitəsi ilə deyil, digər ekspert mütəxəssisləri tərəfindən təyin edilməsi gələcəkdə təyin edilməsi zəruridir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektıv pozuntu .depressiv epizodla .davranış pozuntuları.anamnezində intihar fikirləri.Posttravmatık stress pozuntusu.Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1- nın və arxa 3/1- nin kor qəlpə yaralanması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz oz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsı barədə qərar qəbul edilmişdir. ." səbəbi ilə imtina verilmişdir. Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 15498 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin asterıık tıo pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və retroqrad amneziva ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimis dəri çapığı” diaonozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 12097/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 30.10 2023-cü il tarixli 2249 nömrəli Tibbi rəyində diaqnoz “Uzvı affektiv pozuntu. depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, əllərin və ayaqların uyuşmasından, başında küydən şikayətlənmişdir. Müayinə zamanı alçaq səs tonu ilə danışmış, hər iki əlin üst səthində səthi cızıqlar (1-2 ədəd) izlənilmişdir. Emosiyalarında patoloji olmayaraq bir qədər eniklik qeyd edilmişdir. Mühakimə və analiz qabiliyyəti təhrif edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniva, depressiv daxilolmalar" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnozun tasdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrfnə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Sabirabd rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarı xx.xx.2024-ci il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) məhkəməyə iddia ərizəsini göndərmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bir sözlə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixdə çap edilmiş məlumatdan görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin astenik tip pozuntusu, davranış depressiv daxilolmalar və retroqrad amneziya ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 20 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1263/2024 nömrəli qərarından görünür ki, Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 15498 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin astenik tip pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və retrograd amneziya ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimis dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12097/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2249 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, əllərin və ayaqların uyuşmasından, başında küydən şikayətlənmişdir. Müayinə zamanı alçaq səs tonu ilə danışmış, hər iki əlin üst səthində səthi cızıqlar (1-2 ədəd) izlənilmişdir. Emosiyalarında patoloji olmayaraq bir qədər eniklik qeyd edilmişdir. Mühakimə və analiz qabiliyyəti təhrif edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniva, depressiv daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Sabirabad rayon X8 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1- 70/2-329/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Mərkəzi Xəstəxanasına müraciət edərək HMK-nın həkimləri tərəfindən müayinə olunduqdan sonra, 8567 nömrəli Sığortalı göndərişlə Salyan Rayonlararası Pisixiatriya Xəstəxanasına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-12585/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının Z00150105KLN nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, İddiaçı əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində Agentliyə müraciəti (yazılı ərizəsi) daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 5195 nömrəli həkim psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə F 07.0. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 160 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyin təyini ilə bağlı tibbi sənədləri Sabirabad Rayon Mərkəzi Xəstəxanası HMK tərəfindən F06.3,F43.1,Y36.4 "Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları, anamnezində intihar fikirləri, Posttravmatik stress pozuntusu, Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1-nin və arxa 3/1-nin kor qəlpə yaralanması” diaqnozları ilə protokollaşdırılaraq Salyan Rayonlararası Psixiatriya Xəstəxanası HMK-na təqdim edilmişdir. Təqdim edilən sənədlərə (anket) əsaslanaraq iki dəfə xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq X00070872ATZ və Z00150105KLN saylı əlilliyin təyini ilə bağlı elektron göndəriş (TQS forma-88) tərtib edilərək TSEK-nın elektron altsisteminə yerləşdirilmişdir. Hər iki göndərişə “Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” səbəbli imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 7526 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə xx.xx.2021- xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Təkrar xx.xx.2023-cü il tarixində gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicəyə qəbul olunub. xx.xx.2023-cü il tarixində xəstəxanadan evə yazılıb. Diaqnoz: “Üzvi affektiv pozuntu, depressiv epizodlar davranış pozuntuları, anamnezində intihar fikirləri ilə.” Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. 1-4. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları, anamnezində intihar fikirləri. Postravmatik stress pozuntusu. Sol biləyin arxa səthinin sağ budun yuxan 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanması. Ağırlaşmalar: F06 Baş beynin zədələnməsi və disfiınksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər pisixi pozuntular, davranış pozuntuları, anamnezində intihar fikirləri. F43.1 Postravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu. Yanaşı xəstəliklər: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol biləyin arxa səthinin, sağ budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanması” diaqnozu ona stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də, əyani müayinəsində əlillik təyinatına əsas verər, patofunksional dəyişikliklər aşkarlanmadığından, əlillik dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli. 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməs: meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı.

5. İddiaçıya dair tərtib edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəz Hərbi Həkim komissiyasının xx.xx.2021-ci il tarixli. 15498 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən diaqnoz hazırda da öz təstiqini tapır, lakin əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmur.

6. İddiaçı Respublika Psixiatriya Xəstəxanasında. 11.10-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində intihar cəhdləri (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. 7,8. Qeyd edilən xəstəliklər xroniki hala keçdiyindən tam reabilitasiya olunmurlar. Hazırda da xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdiyi təqdirdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb oluna bilər.

Əsaslandırma hissəsi:

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, İddiaçı əlilliyin təyini ilə bağlı tibbi sənədləri Sabirabad Rayon Mərkəzi Xəstəxanası HMK tərəfindən F06.3,F43.1,Y36.4 "Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları, anamnezində intihar fikirləri, Posttravmatik stress pozuntusu, Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1-nin və arxa 3/1-nin kor qəlpə yaralanması” diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 5195 nömrəli həkim psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə F 07.0 olmuşdur. Eləcə də, İddiaçı Respublika Psixiatriya Xəstəxanasında. 11.10-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində intihar cəhdləri (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə aldığı müəyyən edilmiş, şəxslə bağlı sonuncu ambulator kitabçadan çıxarışda isə əsas xəstəliyin F07.0 XBT-10 kodu üzrə - “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” olduğu müəyyən edilmişdir. Cavabdeh göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3012/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13i xx.xx.2024-cü il tarixli T 821/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya dair tərtib edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəz Hərbi Həkim komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən diaqnoz hazırda da öz təstiqini tapır, lakin əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmur. İddiaçı Respublika Psixiatriya Xəstəxanasında. 11.10-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində intihar cəhdləri (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. Qeyd edilən xəstəliklər xroniki hala keçdiyindən tam reabilitasiya olunmurlar. Hazırda da xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdiyi təqdirdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb oluna bilər. Qeyd edilən rəylə bağlı məhkəmə qeyd edir ki, rəyin nəticə hissəsində əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə keçirilmiş əyani müayinənin nəticəsinə dair qəbul edilmiş qərardakı imtina əsasları təkrarlanmış və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilmişdir. Bu səbəbdən qeyd edilən rəy qismən mötəbər hesab edilir. Ekspert rəyinə əsasən iddiaçıda XBT-10 kodu üzrə - F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları, anamnezində intihar fikirləri. Postravmatik stress pozuntusu. Sol biləyin arxa səthinin sağ budun yuxan 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanması öz təsdiqini tapmasa da məhkəmə tərəfindən əsaslı araşdırmanın nəticəsi olaraq, eləcə də məhkəməyə təqdim edilən müvafiq müayinə sənədləri əsasında İddiaçı F07.0 XBT-10 kodu üzrə - “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” xəstəliyi və ağırlaşmaları öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 5195 nömrəli həkim psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə F 07.0– diaqnozu qoyulmuşdur. İddiaçı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində intihar cəhdləri (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə aldığı müəyyən edilmiş, şəxslə bağlı sonuncu ambulator kitabçadan çıxarışda isə əsas xəstəliyin F07.0 XBT-10 kodu üzrə - “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hər dəfəsində ona eyni diaqnoz - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0 – qoyulmuşdur. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Mübahisə üzrə digər bir hal əlilliyin səbəbli əlaqəsədir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin astenik tip pozuntusu, davranış depressiv daxilolmalar və retroqrad amneziya ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş müayinələr ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. İddiaçı məxsus xəstəlik sənədeləri və məhkəmə tərəfindən əldə edilən sübutlarla qeyd edilən "Əlilliyin müəyyən olunması meyarları”nın qarşılıqlı təhlili zamanı iddiaçıda olan xəstəliklərin meyarların 7.6.2.1-ci bəndi üzrə qiymətləndirmə halına – “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” uyğun olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddiası üzrə “üzvi mənşəli şəxsiyyət pozuntusu”nun 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Soltanov X6 Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar