Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-894/2021 05.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 (Ağdam şəhəri, 20 Yanvar küçəsi ev 9, mənzil 6-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına qarşı 1986-1988-ci illərdə hərbi xidmət müddəti, 1985-1986, 1989-1999-cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuş, Saatlı rayonu, Əhmədbəyli kəndində yaşayır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsinin Saatlı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 10 saylı regional ərazi filialına qarşı 1986-1988-ci illərdə hərbi xidmət müddəti, 1985-1986, 1989- 1999-cu illərdə isə Saatlı rayon “Ukrayna” adına kolxozda kolxozçu kimi işləməyini staj kimi müəyyən edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına qarşı 1986-1988-ci illərdə hərbi xidmət müddəti, 1985-1986, 1989-1999-cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, birinci qrup gözdən əlildir və əlilliyə görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə X7 Şəxsinin Saatlı rayon şöbəsinə müraciət etmişdir. Dövlət Sosial Müdafiə X7 Şəxsinin Saatlı rayon şöbəsi tərəfindən ona ünvanlanmış 20.10.2020-ci il tarixli, **********4 nömrəli məktubunda əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuş, X4 filialının 25.08.2020-ci il tarixli, 248 saylı arayışına əsasən isə 1985-1986, 1989- 1999-cu illərdə isə Saatlı rayon “Ukrayna” adına kolxozda kolxozçu kimi işləmişdir. Qeyd olunanlara əsasən 1986-1988-ci illərdə hərbi xidmət müddəti, 1985-1986, 1989-1999-cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 24.07.2020-ci il tarixli qərarı ilə İ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bu halda iddiaçının xx.xx.1967-ci il təvəllüdlü olması və ona 24.07.2020-ci il tarixdə birinci dərəcə əlillik müəyyən olunması nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 12 il 08 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan 53 yaş-15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü= 38 il) x 4 ay=152:12=12 il 08 ay) tələb olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən 02.09.2020-ci il tarixli, 274 saylı arayışa əsasən İddiaçı 29.05.1986-16.05.1988-ci illərdə (1 il 11 ay 17 gün) hərbi xidmətdə olmuşdur. X4 filialının 25.08.2020-ci il tarixli, 248 saylı arayışına əsasən vətəndaş Saatlı rayon “Ukrayna” adına kolxozunda müvafiq olaraq 1985- 1986-cı və 1989-1999-cu illərdə kolxozçu işləməsi barədə arxiv arayışı təqdim etmişdir. İddiaçının arxiv arayışına əsasında minimum adam gün normaları nəzərə alınmaqla sığorta stajı aşağıdakı kimi hesablanır. 1986-cı ildə minimum 240 adam günə qarşı 180 adam gün yerinə yetirilib 240/12=20 (bir aylıq adam gün norması) 180/20=9 ay və qalan illərdə kişilər üçün minimum adam günü normalarını yerinə yetirərək 1985-1986, 1989-1999-cu illərdə 12 il 9 ay sığorta stajı əldə etmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı Saatlı rayon “Ukrayna” adına kolxozunda işlədiyi 12 il 09 aydır. Mübahisələndirilməyən sosial sığorta stajı isə 29.05.1986-16.05.1988-ci illərdə hərbi xidmətdə olduğu dövrdür. İddiaçı Saatlı rayon “Ukrayna” adına kolxozunda müvafiq olaraq 1985-1986-cı və 1989-1999-cu illərdə kolxozçu işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyi üçün onun sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı tamamlanmadığına görə ona əlilliyə görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. İddiaçı 2-1(120)-894/2021 saylı inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda (Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı) yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. 24.07.2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən birinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı vardır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, Saatlı rayonu, Əhmədbəyli kəndində qeydiyyatdadır. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışından görünür ki, İddiaçı 24.07.2020-ci il tarixdə birinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan X4 filialının 25.08.2020-ci il tarixli, 248 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1985-1986, 1989-1999-cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozunda işləmiş və əmək haqqı almışdır. İşdə olan İddiaçı 29.05.1986-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə X7 Şəxsinin Saatlı rayon şöbəsinin iddiaçıya ünvanladığı 20.10.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi “Ukrayna” kolxozunda 1985-1986-cı və 1989-1999-cu illərdə kolxozçu işləməyi barədə X4 filialı tərəfindən verilmiş 15.08.2020-ci il tarixli, 248 saylı arxiv arayışına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli, 274 saylı arayışına əsasən 14 il 4 ay 17 gün sığorta stajı vardır. Odur ki, “Ukrayna” kolxozunda 1985-1986-cı və 1989-1999-cu illərdə kolxozçu işləməyi barədəəmək kitabçası təqdim etmədiyinə və həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə sənədlər filialda saxlanılmadığına görə əmək pensiyası hüququnun yaranmadığı üçün əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada:SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;K - sığorta davamiyyəti əmsalıdır. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır 32.2.-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (25.08.2020-ci il tarixli, 248 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Kürdəmir rayon Dövlət Arxivinin 11.07.2019-cu il tarixli, 108 nömrəli arxiv arayışını və X4 filialının 25.08.2020-ci il tarixli, 248 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə X4 filialının 25.08.2020-ci il tarixli, 248 nömrəli arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1985-1986, 1989-1999-cu illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı 1986-cı ildə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin il ona tam əmək stajı (12 ay) kimi deyil, 9 ay kimi (minimum ada günün norması 240, yerinə yetirilmiş adam günü 180, 240/12ay=20, 180/20=9 ay) hesablanmalıdır. İddiaçı 1985, 1989-1999-cu illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin müddət (12 il) ona tam əmək stajı kimi hesablanmalıdır. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı “Ukrayna” adına kolxozunda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri (12 il 9 ay) və hərbi xidmət müddəti nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan (53 yaş, əlillik dərəcəsinin təyin olunduğu vaxt - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 38 x 4 ay = 152 ay/12ay= 12 il 7 ay) sığorta stajını topladığından ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hərbi xidmət müddəti, 1985-1986, 1989-1999-cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət müddəti, 1985-1986, 1989-1999-cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxanİsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-894/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-894/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver