Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-895/2020 08.09.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı “mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum atası X3 1976-1984, 1979-1996cı illərdə Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona ailə başçısını itirməyə görə mərhum atasının əmək haqqına uyğun hesablanmaqla əmək pensiyasının təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(120)-895/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək, mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh 25 fevral 2020-ci il tarixli **********9 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, doğum və ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətini, arxiv arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş arxiv kitablarından çıxarışlara və Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin 09 iyun 2020ci il tarixli **********0 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Bеlə ki, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuşdur. Ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixdə birinci dərəcəli əlillik qrupu təyin edilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir. İddiaçı atası X4 08 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə iddiaçının mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Belə ki, iş materiallarında olan 24 sentyabr 1988-ci il tarixli, XİV-JQ № 253773 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X2 qeyd olunmuşdur. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli, AZ-İİ № 054922 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 08 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X6 filialının xx.xx.2020-ci il tarixli, 8 nömrəli arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvü 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndində vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olmuş 18 yaşından yuxarı əlil ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbi baxımdından İddiaçı ailə başçısını itirən əlil övlad kimi ailə başçısının itirilməsinə görə pensiya almaq hüququ vardır. Məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin (əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər) hazırkı işə tətbiqi baxımdan hesab edir ki, iddiaçının hansı tarixdən müraciət etməsindən asılı olmayaraq İddiaçı hüququ atasının öldüyü (vəfat etdiyi) vaxtdan yarandığı üçün, ailə başçısının itirilməsinə görə pensiya həmin vaxtdan təyin edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, pensiya təyin olunması üçün tələb olunan sosial sığorta stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin 09 iyun 2020ci il tarixli **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-895/2020 saylı işlə əlaqədar bildiririk ki, 08 oktyabr 2010-cu il tarixli 4027 saylı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxlması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılırmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Sabirabad rayonu Yolçubəyli kənd sakini İddiaçı mərhum atası ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün Sabirabad Regional “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Lakin, onun mərhum atası X3 xəstə uşağa qulluğu staj kimi nəzərə alınsada Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 8 nömrəli arxiv arayışına əsasən 1974-1976, 1983-1994-cü illərdə “S.Vurğun” adına kolxozda olan sığorta stajı əmək kitabçasında qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün 5 il 4 ay sığorta stajı tələb olunur. Onun təqdim etdiyi 22 il 1 ay 16 gün sığorta stajı (xx.xx.2020-cİ il tarixli, 8 nömrəli arxiv arayışına əsasən 14 il, xəstə uşağa qulluğa görə 8 il 1 ay 16 gün stajı var) ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasına kifayət edir. Lakin, mərhumun 1974-1976, 1983-1994-cü illərdə “S.Vurğun” adına kolxozda olan sığorta stajı əmək kitabçasında öz əksini tapmadığı üçün yəni, Qaydaların 3.1.1. hissəsinə uyğun gəlmədiyindən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işləməsinə dair X6 filialının xx.xx.2020-ci il tarixli, 8 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X6 filialının xx.xx.2020-ci il tarixli, 8 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. İddiaçının mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum atası X3 1974-1976, 1983-1994-cü illərdə Sabirabad rayonu “S.Vurğun” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-895/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-895/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver