Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-896/2021 11.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, iddiaçı «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan 7,8 hektar torpaq sahəsində yerləşən, sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan 7,8 hektar torpaq sahəsində yerləşən, sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tikinti qanunvericiliyinə uyğun olaraq layihələrini müvafiq dövlət orqanları ilə razılaşdırmaqla və tkintiyə icazə sərəncamları əsasında xüsusi mülkiyyətində olan torpaq sahəsində yem zavodu və yağ emalı zavodu binalarını inşa etdirmiş, həmin binalara dair tikinti sənədləşdirilməsini başa çatdırmış və müvafiq dövlət orqanlarının təmsilçilərindən ibarət qəbul komissiyası tərəfindən istismara qəbul edilmiş ümumi sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri sənədləri əlavə etməklə cavabdehə müraciət etmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi 05.03.2021-ci il tarixli **********57 nömrəli məktubla ərizənin icrasından (mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından) imtina etmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsində öz vəsaiti ilə inşa etdirdiyi binalar üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qanunsuz və əsassız olmaqla İddiaçı MMC-nin hüquqlarını və qanunla qorunan maraqlarını pozur və beləliklə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən hazırkı iddianın qaldırılmasını mümkün edir. Qeyd edilən imtina (hərəkət) ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məclləsi ilə təsbit edilmiş mülkiyyət hüquqları pozulur və mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sərəncam vermə hüququnun) əsassız maneçilik yaradılır. İmtinanın əsaslandırılması barədə İdarənin rəis müavini Elvin İsmayılovun 05.03.2021-ci il tarixli **********57 saylı məktubunda göstərilən 2 əsasdan heç biri xüsusi mülkiyyətimizdə olan torpaq sahəsində öz vəsaitimizlə inşa etdirdiyimiz əmlak kompleksi üzərində hüquqlarımızın qeydiyyata alınmasından imtina edilməsinə əsas vermir. Belə ki, 1. Müraciətimizin icrasından imtina edilməsi üçün cavabdehin məktubunda səbəblərdən biri olaraq göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlaka dair təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlərdə göstərilən daşınmaz əmlakın ümumi sahəsi ilə faktiki sahə arasında uyğunsuzluq olduğu məlum olmuşdur, belə ki, təqdim olunmuş sənədlərə əsasən əmlakın ümumi sahəsi 6209.0 kv.m göstərilsə də faktiki olaraq əmlakın ümumi sahəsi 22912.2 kv.m təşkil edir. Qeyd edilən səbəb istismara qəbul edilmiş 6209.2 kv.m sahəyə dair hüquqların qeydiyyatından imtina edilməsi üçın əsas ola bilməz. Belə ki, iddiaçının müraciətində sonradan inşa edilən, tikintisi və sənədləşdirilməsi davam edən faktiki binalar üzərində hüquqların qeydiyyatı xahiş edilməmiş, yalnız 2013-cü ildə tikintisi başa çatdırılmış və qəbul komissiyasının aktı ilə istismara qəbul edilmiş məhz sahəsi 6209.2 kv.m olan 6 tikiliyə dair hüquqların qeydiyyatı xahiş edilmişdir. Həmin binalar aşağıdakılardır: - Yem zavodu binası; - Yem zavodunun xam maddə anbarı binası; - Yem zavodunun hazır məhsul anbarı binası; - Yağ korpusu (ekstraksiyon) binası; - Yağ zavodunun ön küspə (soya) anbarı binası; - Yağ zavodunun qazanxana binası. 2013-cü il tarixdə istismara qəbul edilən binaların ümumi sahəsi cəmi 6209.0 kv.m-dən ibarət idi. Bu hal cavabdehin tərtib etdiyi müayinə (baxış) aktında da öz əksini tapmış və həmin aktda göstərilmişdir ki, “eskiz layihə ilə istismara qəbul aktına əsasən 6209,0 m2-i istismara qəbul olunmuşdur. İstismara qəbul olunmuş tikililərin texniki parametrləri faktiki öıçülərlə eynilik təşkil edir. Mövcud tikililər ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağından kənarda yerləşir.” Ərazidə sonradan ayrıca tikili kimi inşa edilən müxtəlif təyinatlı binaların hesabına ümumi sahə 22912.2 kv.m-ə çatdırılmışdır. İstehsalın genişləndirilməsi məqsədilə 2013-cü ildən sonra inşa edilən və hazırda inşası davam edən müxtəlif təyinatlı digər binaların inşaat sənədləşdirilməsi başa çatdırıldıqda və həmin tikililərin istismarına qanunvericiliklə nəzərdə tutulmuş qaydada icazə verildikdən sonra həmin binalar barəsində də hüquqların qeydiyyatı üçün müraciət ediləcəkdir. Aparılan inşaatın mərhələlərlə sənədləşdirilməsi iddiaçının hüququdur və burada hər hansı bir qanun pozuntusu yoxdur. Mülkiyyətdə olan torpaq sahəsində tikilən bütün binalar üzrə hüquqların qeydiyyatının eyni zamanda aparılması tələbinə dair qanunvericilikdə hər hansı bir norma nəzərdə tutulmamışdır. Binalar üzərində hüquqların qeydiyyatı mərhələlərlə, onların istismara qəbul edilməsi və inşaat sənədləşdirilməsinin tamamlanması ilə aparılması qanunvericiliklə qadağan edilməmişdir, əksinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalarının (AzDTN 1.6-1*) 6.2-ci bəndində göstərilmişdir ki, obyekt istismara bütövlükdə və yaxud hissələrlə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Nümunə olaraq İddiaçı MMC-nin ərazisində inşaatı daha əvvəl (2011-ci ildə) tamamlanmış binalar (spirt zavodu, şəkər zavodu) üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən müvafiq Çıxarışlar əlavə edilir. Bildiririk ki, 2013-cü ildə tikintisi başa çatdırılmış binalar üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün iddiaçı tərəfindən həmin ildə qeydiyyat orqanına müraciət edilmişdir, lakin üzərində binalar inşa edilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan həmin zaman qeydiyyat orqanı sənədləri qəbul etməkdən imtina etmişdir, yalnız torpaq sahəsinin təyinatı dəyişdirildikdən sonra sənədlərin qəbul ediləcəyini bildirilmişdir. Bundan sonra İddiaçı MMC torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə əlaqədar işlərə başlamış, müvafiq Nazirliklərdən müsbət rəylər və razılıqlar almış və yalnız 20.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62S nömrəli sərəncamı ilə İddiaçı MMC-nin mülkiyyətində olan 38 hektar torpaq sahəsindən yem və yağ zavodları binalarının altına düşən 7,8 hektar torpaq sahəsinin təyinatı sənaye və digər təyinatlı torpaqlar kateqoriyalara dəyişdirilmişdir. Nazirlər Kabinetinin qeyd edilən sərəncamı iddiaçının vəsatəti əsasında yem və yağ zavodlarının binalarının mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə qəbul edilmişdir. Bundan sonra 7.8 hektar torpaq sahəsinin təyinatının sənaye kateqoriyasına dəyişdirilməsi barədə İddiaçı MMC adına 12.05.2020-ci il tarixdə yeni Reyestrdən Çıxarış alınmış və bununla əlaqədar hüquqların qeydiyyatı üçün cavabdehə müraciət etmək üçün imkan yaranmışdır. Bu səbəbdən 2013- cü ildə inşası başa çatdırılaraq istismara qəbul edilmiş binalar üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün cavabdehə bir neçə ildən sonra müraciət edilmişdir. Bu illər ərzində müəssisənin istehsal güclərinin artırılması məqsədilə yeni binaların inşa edilməsi təbii haldır və əlavə binaların tikilməsi 2013-cü ildə inşası başa çatdırılaraq istismara verilmiş binalar üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsas deyildir. 2. Müraciətimizin icrasından imtina edilməsi üçün cavabdehin məktubunda digər səbəb kimi göstərilmişdir ki, 21.11.2013-cü il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının iki ədəd aktında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq komissiyanın sədri və aktı təsdiq edən İddiaçı MMC təyin olunmuşdir. Qeyd edilən səbəb də ərizəmizin icrasından imtina edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalarının (AzDTN 1.6-1*) tələblərinə görə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi tikinti obyektinin təyinatından və maliyyə mənbəyindən asılı olaraq “dövlət qəbul” və ya “qəbul komissiyaları” tərəfindən həyata keçirilə bilər. Həmin qaydaların 6.4-cü bəndinin “ç” yarımbəndinə əsasən, kollektiv və ictimai təşkilatların vəsaiti və şəxsi vəsait hesabına tikilən sosial-məişət və mənzil obyektləri yerli icra hakimiyyətinin, bələdiyyənin təyin etdiyi dövlət qəbul komissiyası, inzibati və istehsalat təyinatlı obyektləri isə sifarişçinin (investorun) təyin etdiyi qəbul komissiyası istismara qəbul edir. Başqa sözlə, İmişli şəhəri ünvanında İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsində sifarişçi İddiaçı MMC-nin vəsaiti hesabına inşa edilən istehsalat təyinatlı “Yem emalı zavodu” və “Yağ emalı zavodu” binalarının istismara qəbul komissiyasının tərkibinin və sədrinin "xxxx" MMC tərəfindən təyin edilməsi və binaların həmin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi qanunvericiliyə zidd deyildir. Kollegial tərkibdə formalaşdırılmış qəbul komissiyasında sədrin kim olacağı hər hansı həlledici əhəmiyyət kəsb etmir və qəbul aktı kollegial olaraq təsdiq edilir. İstismara qəbul aktlarından görünür ki, qəbul komissiyalarının tərkibi müvafiq dövlət orqanları təmsilçilərindən formalaşdırılmış və həmin aktlar İmişli rayon İcra hakimiyyəti, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Respublika Gigiyena və Epidemiologiva Mərkəzi, X4 Xidməti, X6 Xidməti tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, cavabdehin 05.03.2021-ci il tarixli **********57 nömrəli məktubunda göstərilən səbəblər hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas deyildir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin 6 (altı) halı müəyyən edilmişdir. Həmin siyahının genişləndirilməsi yalnız qanunverici orqanın səlahiyyətinə aiddir və cavabdehin özbaşına olaraq həmin siyahını genişləndirmək hüququ qanunla təsbit edilməmişdir. Beləliklə, cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan 7,8 hektar torpaq sahəsində yerləşən sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edərkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələrinin tələblərini kobudcasına pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi iddia ərizəsinə yazılı münasibətində göstərmişdir ki, İmişli şəhər ərazisində yerləşən ümumi sahəsi 6209.0 kv.m olan Əmlak Kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə daxil olmuş İddiaçı 08 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə tərəflərindən imtina olunması haqqında bildiriş verilmişdir. Bununla əlaqədar olaraq bildirirlər ki, qeyd olunan daşınmaz əmlaka dair təqdim olunmuş ilkin hüquq müəyyənedici sənədlərdə göstərilən daşınmaz əmlakın ümumi sahəsi ilə faktiki sahə arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, təqdim olunmuş sənədlərə əsasən əmlakın ümumi sahəsi 6209.0 kv.m göstərilsədə faktiki olaraq əmlakın ümumi sahəsi 22912.2 kv.m təşkil edir. Bundan başqa 21 noyabr 2013-çü il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının iki ədəd aktında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq komissiyanın sədri və aktı təsdiq edən İddiaçı təyin olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı Daşınmaz əmlakın dövlət reyestri haqında qanunun 9-cu maddəsinin tələbləri qaydasında bəyan olunan hüquqularla qeydiyyata alınmış hüquqular arasında ziddiyət olmadıqda aparılır. Beləliklə də yuxarıda qeyd olunduğu kimi təqdim olunan sənədlərlə faktiki sahənin ölçülərində uyğunsuzluq olduğu üçün iddia ərizəsinin Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 6 saylı Ərazi idarəsinə aid hissəsinə etiraz edirlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə İmişli rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iddiaçı «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan 7,8 hektar torpaq sahəsində yerləşən, sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 21.05.2013-cü il tarixli, 95 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 38 ha torpaq sahəsinin 29000 kv.m hissəsində Yem zavodunun tikintisinin layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra tikintisinə icazənin verilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 21.05.2013-cü il tarixli, 96 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 38 ha torpaq sahəsinin 45250 kv.m hissəsində Yağ emalı zavodunun tikintisinin layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra tikintisinə icazənin verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İmişli rayonunun inzibati ərazisində «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsinin kateqoriyasının dəyişdirilmsəi barədə” 20.02.2020-ci il tarixli, 62 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illlərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsatı və emalı sahələrinin inkişafının dəstəklənməsi məqsədilə müvafiq qaydada təqdim edilmiş yerquruluğu planına əsasən, İmişli rayonunun inzibati ərazisində «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 7,8 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi barədə torpaq mülkiyyətçisinin vəsatəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İmişli rayon İcra Hakimiyyətinin müsbət təyləri nəzərə alınmaqla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifi qəbul edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 12.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İmişli şəhərində yerləşən, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı (kateqoriyalı) olan 7,8 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 21.11.2013-cü il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, İmişli şəhəri, Sabir Fətəliyev küçəsi 45 ünvanında «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yağ emalı zavodunun tikinti quraşdırma işləri qüvvədə olan tikinti norma və standartlarına uyğun yerinə yetirildiyindən istismara tam yararlıdır və istismara qəbul edilməsi məqsədə müvafiq hesab edilir. İş materiallarında olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 21.11.2013-cü il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, İmişli şəhəri, Sabir Fətəliyev küçəsi 45 ünvanında «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yem emalı zavodunun tikinti quraşdırma işləri qüvvədə olan tikinti norma və standartlarına uyğun yerinə yetirildiyindən istismara tam yararlıdır və istismara qəbul edilməsi məqsədə müvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 05.03.2021-ci il tarixli, **********57 nömrəli məktubundan görünür ki, İmişli şəhər ərazisində yerləşən ümumi sahəsi 6209.0 kv.m olan Əmlak Kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə daxil olmuş «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Qeyd olunan daşınmaz əmlaka dair təqdim olunmuş ilkin hüquq müəyyənedici sənədlərdə göstərilən daşınmaz əmlakın ümumi sahəsi ilə faktiki sahə arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, təqdim olunmuş sənədlərə əsasən əmlakın ümumi sahəsi 6209.0 kv.m göstərilsədə faktiki olaraq əmlakın ümumi sahəsi 22912.2 kv.m təşkil edir. Bundan başqa 21 noyabr 2013-cü il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının iki ədəd aktında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq komissiyanın sədri və aktı təsdiq edən İddiaçı təyin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq daşınmaz əmlaka dair təqdim olunmuş sənədlərdə göstərilən uyğunsuzları aradan qaldırılması məqsədi ilə İmişli rayon İcra Hakimiyyətinə müraciət olunması tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmənin qənaətinə görə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 21.11.2013-cü il tarixli aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilməz. Belə ki, qanunverciliyin imperativ göstərişi ondan ibarətdir ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün digər sənədlərlə yanaşı, tikinti obyektinin istismarına icazə sənədi tələb olunur. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 21.05.2013-cü il tarixli, 95 və 96 nömrəli sərəncamlarla 38 ha torpaq sahəsində daşınmaz əmlakların tikintisinə icazə verilmişdir. Eyni zamanda iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 10.01.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli şəhərində yerləşən, 38 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeydiyyata alınmışdır. Başqa sözlə, müvafiq sərəncamlarla tikintiyə icazə verilən zaman (2013-cü ildə) həmin torpaq sahəsinin məqsədli təyinatı “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi qeyd olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göründüyü kimi qanunvecilikdə kənd təsərrüfatı təyinatlı torpaqlarda istənilən daşınmaz əmlakın (məsələn, yem zavodu binası və yağ emalı zavodu) tikintisinə icazə verilməsi nəzərdə tutulmamış, yalnız müvəqqəti tikililər və qurğular quraşdırmağa icazə verilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçı «Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan 7,8 hektar torpaq sahəsində yerləşən, sahəsi 6209,0 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-896/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-896/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver