Məhkəmə qərarları › İş №2-1(120)-897/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-897/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-897/2020 11.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı «08 avqust 2001-ci il tarixdən əvvəlki üç il üzrə veteranlıq müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona qanunvericiliyə uyğun olaraq veteran vəsiqəsi və statusu verilən 08 avqust 2001-ci il tarixdən üç il əvvəlki 1999-cu il avqust ayından 2001-ci il avqust tarixinədək almadığı veteranlıq müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməklə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 10.02.1972-ci ildə Sabirabad rayonu, Ətcələr kəndində anadan olmuşdur, ailəlidir. 09.12.1992-ci ildə Sabirabad rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılmışdır. 03.08.1996-cı il tarixədək N saylı və N saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü, suverenliyi və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda heç bir yerdə işləmir. 08 avqust 2001-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 063790 nömrəli müharibə veteranı vəsiqəsi ona təqdim olunub. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödəməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə ünvanladığı 06.02.2020-ci il tarixli yazılı müraciətinə 03.03.2020-ci il tarixində **********3 nömrəli imtina məktubu almışdır. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etməsinə dair sübutu (və ya inzibati orqanın imtinasını) iddia ərizəsinə əlavə etməmişdir. İş materiallarına əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin 03.03.2020-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi tərəfindən iddiaçının deyil, Əlillər və Müharibə veteranlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi Şirvan şəhər şöbəsinin müraciətinə cavab verilmişdir. Belə olan halda isə iddiaçının həmin tələbi İnzibati Prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). İnzibati orqanın ərizəçinin müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı «08 avqust 2001-ci il tarixdən əvvəlki üç il üzrə veteranlıq müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinə qarşı «08 avqust 2001-ci il tarixdən əvvəlki üç il üzrə veteranlıq müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar