Məhkəmə qərarları › İş №2-1(120)-901/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-901/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-901/2023 11.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmətdən azad edilməsi barədə əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili işlər orqanlarında xidmətdən azad edilməsi barədə əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, 13 il ərzində, yəni 2005-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müxtəlif orqanlarında, o cümlədən 2005-ci ildən DİN-nin X1 üzrə X7, 2010-cu ildən Salyan RPŞ-də, 2012-2013-cü illərdə Hacıqabul RPŞ-də, 2013- cü ildən 2018-ci il tarixədək Salyan RPŞ-də Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində şərəflə xidmət etmiş, göstərilən qulluq dövrü ərzində öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. 2017-ci ilin avqust ayında tanışı X4, qərəzli surətdə şikayət edərək qohumunun cinayət işi ilə bağlı onu, vaxtilə məhkəmə işindən tanıdığım vəkil Sevda Nuriyeva ilə tanış etdiyimi, həmin vəkilə onun maşınında pul verdiyini iddia etmiş, həmin şikayət araşdırılmadan, yəni bütün baş verənlərə tam aydınlıq gətirilmədən 2018-ci ilin fevral ayında şifahi qaydada xidmətdən azad edilmişdir. Bu günədək ona xidmətdən azad edilməsi ilə bağlı hər hansı bir sənəd, yəni əmr təqdim edilməmişdir. Şikayətin tamamilə qərəzli olduğu barədə DİN-nə çoxsaylı müraciətlər edərək baş verənlərin şər və böhtan olduğunu dəfələrlə bildirmiş və nəticə etibarı ilə nazirliyin Daxili Təhqiqatlar İdarəsindən ona, göstərilən şikayət əsasında fakta görə başlanmış cinayət işinin nəticəsini gözləmək məsləhət bilindiyinə görə gözləmək məcburiyyətində qalmışdır. Nəhayət, cinayət işi yekunlaşmış və Yasamal rayon prokurorluğunun "Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında" 06 may 2021-ci il tarixli qərarı ilə onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci və digər hər hansı maddəsinin tərkib əlamətləri olmadığından barəmdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, şikayətçidən pul almış X5 (sabiq vəkil) dələduzluqla bağlı əməllərinə hüquqi qiymət verilməsi hissədə barəsində cinayət təqibinin davam etdirilməsindən ötrü Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Yasamal RPİ-nin İş-nə göndərilməsi qərara alınmışdır. Yəni ədalət zəfər çalmış və barəsində iddia etdiyi "təqsirsizlik prezumpsiyası" sübuta yetmişdir. Lakin buna baxmayaraq o, işinə bərpa edilməmişdir. Bunun səbəbləri ilə dəfələrlə maraqlanmış və hər dəfə nazirliyin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşları tərəfindən qəbul edilmiş və onunla xeyli söhbətlər aparılmış, nəticənin yaxşı olacağı bildirilmişdir. Həmin söhbətlər zamanı, bərpa ediləcəyi təqdirdə buraxılmış dövr üçün əmək haqqını istəyib-istəməməsi də ondan soruşulmuş və o, xidmətə bərpa ediləcəyi təqdirdə göstərilən dövrlə bağlı ona ödənilməli olan pul müavinətini qətiyyən tələb etməyəcəyini birmənalı olaraq bildirmiş, odur ki, həmin əməkdaşlar, məsələ rəhbərlik səviyyəsində birdəfəlik həll edildikdən sonra ona cavab veriləcəyini bildirilmişlər. Bu səbəbdən də o, xidmətə bərpa ediləcəyinə birmənalı olaraq ümid etmişdir. Lakin məsələnin həlli ilə bağlı heç bir nəticə olmadığından, müraciətlərinə cavab olaraq yenə də nazirliyin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşları tərəfindən qəbul edilmiş və orada ona Şirvan şəhərində cənab nazir Vilayət Eyvazov tərəfindən keçiriləcək qəbula yazılmaq tövsiyə olunmuşdur. Odur ki, o, həm əsas məsələ, habelə qəbulla bağlı xx.xx.2022-ci il tarixdə cənab nazir Vilayət Eyvazova elektron müraciət etmiş, lakin mən qəbul edilməmiş, sonra isə nazirliyin Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 023-20687/5S-3222 saylı məktubu ilə (həmin məktub yaşadığım ərazi poçtuna xx.xx.2022-ci il tarixdə daxil olmuşdur) ona, qaldırdığı vəsatətin bir daha Nazirliyin rəhbərliyinə məruzə olunduğu, lakin qəbahətlərinin xarakteri baxımından DİO-da xidmətə bərpa edilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Ona görə də hesab edir ki, o, xidmətə bərpa edilməli və işləmədiyi müddətə görə ona pul müavinəti verilməlidir. Ona görə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz edilərək, göstərilmişdir ki, iddia tələbini aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab etmişdir. Etiraza əlavə edilmiş raportdan görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr ona xx.xx.2018-ci il tarixdə elan edilmiş, İddiaçı məxsus hərbi bilet və əmək kitabçası ona təqdim olunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hətta iddiaçı ərizəsində də xidmətdən "şifahi qaydada” xaric edildiyini qeyd edərək mübahisələndirilən əmrin ona elan edildiyini etiraf etmişdir. Göründüyü kimi, iddiaçı xidmətdən xaric edilməyi barədə əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirməmiş, iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının ərizəsində irəli sürdüyü əsas dəlil kimi Yasamal Rayon Prokurorluğunun "Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin istintaqa aidiyyəti üzrə göndərilməsi haqqında” 06 may 2021 -ci il tarixli qərarı ilə əməllərində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini göstərmiş və buna görə də barəsində xidmətdən xaric edilməsi ilə bağlı əmrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəllər məhkum olmuş şəxs İlqar Əliyevi vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan məsələyə müdaxilə edərək vəkil Sevda Nuriyeva ilə tanış etmiş və sonuncu müəyyən pul müqabilində vətəndaş İlqar Əliyevin cəzasının yüngülləşdirilməsini öhdəliyinə götürmüşdür. Həmçinin İddiaçı tanışı Sevda Nuriyevanın icrasının mümkün olımayacağı qabaqcadan bilməli olduğu öhdəliyinə zaminlik edərək vətəndaş İlqar Əliyevin qayınatası Qərib Quliyevə istifadəsindəki "VAZ-21154” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsini və etibarnaməsini girov qismində vermişdir. X8 müraciəti üzrə aparılmış xidməti təhqiqat prosesində İddiaçı qeyri-səmimilik göstərərək vətəndaş S.Nuriyevaya pul vəsaitlərinin verilməsində iştirakını təkzib etsə də BMCMİ-nin İstintaq şöbəsində araştırılan eyniməzmunlu şikayətlə bağlı verdiyi izahatda bunu etiraf etmişdir. Sabiq polis kapitanı İddiaçı xx.xx.2017-ci il tarixdə İlqar Quliyev və Zülfüqar Quliyev qardaşlarının həmkəndliləri Rzaqulu Mürsəlov və Əlif Mustafayevlə aralarında münaqişə baş verməsi haqqında əldə etdiyi məlumatı rəsmiləşdirərək hadisə yerinə dərhal əməliyyat qrupunun göndərilməsi üçün təşəbbüs göstərməmiş, nəticədə qeyd olunan şəxslər bir-birinə dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirmişdirlər. Eyni zamanda İddiaçı sosial şəbəkələrdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Facebook” sosial şəbəkəsində "İddiaçı'’ adı ilə qeydiyyatdan keçib özünə məxsus nəqliyyat vasitəsinin fotoşəkilini yerləşdirmişdir. Sabiq polis əməkdaşı İddiaçı xidməti fəaliyyəti qeyri-qənaətbəxş olması müəyyən edilmişdir. Belə ki. o xidmət etdiyi inzibati ərazidə baş vermiş cinayət hadisələrinin açılması və qarşısının alınması sahəsində fəaliyyətsizlik göstərmiş, axtarışda olan təqsirləndirilən şəxslərin yerinin müəyyən edilib tutulmasında heç bir təşəbbüskarlığı olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçının hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına ləkə gətirdiyinə görə “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. “Əmrin ləğv edilməsi və iş yerinə bərpa olunması” tələbinin mümkün sayılmaması, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmətdən azad edilməsi barədə əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə114-001-18 saylı, xx.xx.2018-ci il tarixli əmrini mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, Ə114-001-18 saylı əmrindən görünür ki, “Polis haqqında” Qanunun 15-ci, “DİO əməkdaşlarının etik davranış kodeksi"nin 1, 2, 3, 17, 19 və 20-ci maddələrinin, “intizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu, DİN-in xx.xx.2011-ci il tarixli 680 nömrəli Qərarının 2.10-cu bəndlərinin və xx.xx.2012-ci il tarixli G-14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq vet, İ.Əliyevin barəsində cinayət işinin məhkəmə baxışı zamanı köməklik göstərilməsi üçün sonuncu və onun ailə üzvlərini əvvəllər məhkum edilmiş S.Nuriyeva ilə tanış etməklə vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan məsələyə müdaxilə etdiyinə, sonuncunun icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyinə zaminlik etdiyinə, vət. Q.Quliyevin müraciəti üzrə ayrı-ayrı vaxtlarda ziddiyətli izahatlar verməklə qeyri-səmimilik gösterdiyinə, 2017-ci ilin noyabr ayında tanışı Ə.Hüseynlinin xahişi ilə həmkarı Z.Abbasovun səlahiyyət dairəsinə aid məsələyə müdaxilə edib sonuncunun icraatında olan materialın həllinə təsir etməyə cəhd gösterdiyinə, xx.xx.2017-ci il tarixdə vət. İ.Quliyev və digərlərinin arasında münaqişə baş verməsi haqda eldə etdiyi məlumatın resmiləşdirilərek hadisə yerinə dərhal əməliyyat qrupunun göndərilməsi üçün təşəbbüs göstərməməsi həmin şəxslərin biri-birinə dərəcəsi təyin olunmayan xəsarətlər yetirmələrilə nəticələndiyinə,“Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçib özünə məxsus avtonəqliyyat vasitəsinin fotoşəklini yerləşdirdiyinə, habelə xidməti fəaliyyətinin qeyri-qənaətbəxş olmaqla tapşırılan sahəninin işini təmin etmədiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Salyan RPŞ CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlannda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Salyan RPŞ-nln rəhbərliyindən (C.Vəliyev) tabelikdəki əməkdaşlar tərəfindən xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, DİN-İn müvafiq əmr və göstərişlərinin tələblərinə əməl olunması, polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşının adına xələl gətirən neqativ hallann qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinin təmini tələb edilmişdir. - İşdə olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 25-xid-23 saylı, _01.2023cü il tarixli məktubuna əsasən, xx.xx.2021-ci il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin və digər hər hansı maddəsinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci inə əsasən cinayət təqibinə xitam verilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 əməllərində Azərbaycan Respublikasının CM-nin "Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslinə aid rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) cinayətinin tərkib əlaməti olmadığına görə barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 29, 312-ci min tərkib əlamətləri olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. X5 dələduzluqla bağlı əməllərinə hüquqi qiymət verilməsi barəsində cinayət təqibinin davam etdirilməsindən ötrü Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Qərar barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı şəxslərə bildirməklə qərarın surəti onlara təqdim edilmişdir. Həmin qərardan hər hansı orqana şikayət verilməmişdir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 135-ci maddəsinə əsasən, daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda; 7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Həmin Əsasnamənin 141-ci maddəsinə əsasən, daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmə iddiaçıya yardım edərək, daxili işlər orqanlarında xidmətdən azad edilməsi barədə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin xx.xx.2018- ci il tarixli, Ə114-001-18 nömrəli əmrini mübahisələndirildiyini, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibatı aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırılması barədə məlumat verilmişdir. İddiaçı Hüquqi yardımla bağlı hüquqi əsaslandırma verərək, göstərilən əmr ona elan edilməmiş, habelə təqdim edilməmişdir ki, bu barədə iddia ərizəsində də göstərmişdir. Sadəcə ona sərəncama buraxılması ilə bağlı xəbərdar edilərək imza etdirilmiş və ona bildirilmişdir ki, tanışı X4 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə barəsində daxil olmuş şikayət Nazirliyin Daxili Təhqiqat İdarəsində (bundan sonra DTİ) araşdırıldıqdan sonra təqsirli olmaması müəyyən ediləcəyi təqdirdə xidmətə qaytarılacaq. O isə heç bir təqsirinin olmadığına tam əmin olduğuna görə həmin sözlərə, yəni vədə inanmış, araşdırmanın onun xeyrinə bitəcəyini, odur ki, xidmətə bərpa ediləcəyini gözləmişdir. Bundan onra nazirliyin DTİ-ndə aparılmış ilkin araşdırmadan sonra təqsirinin olmadığı, şikayətin şər-böhtan olduğu müəyyən edilsə də, şikayətçi X4, nazir Ramil Usubovun qəbuluna düşərək yoxlamadan narazı qaldığını bildirmiş, ətraflı araşdırma aparılmasını xahiş etmişdir. Bu səbəbdən, məsələ ilə bağlı o da öz növbəsində nazir Ramil Uusubovun qəbulunda olaraq dinlənilmiş və bilavasitə aralarında olan söhbət zamanı barəsində yazılanların bütünlüklə şər-böhtan olduğu birmənalı şəkildə cənab nazirə çatdırmış, nəticədə o, şikayət tam araşdırılanadək gözləməyi, göstərilənlər öz təsdiqini tapmadığı təqdirdə isə xidmətə bərpa olunacağına şəxsən özü göstəriş verəcəyini bildirmişdir. Odur ki, o, araşdırmanın yenə də onun xeyrinə bitəcəyinə əmin olduğuna görə, xidmətə bərpa ediləcəyimə ümid edərək gözləməyə məcbur olmuşdur. Şikayətin araşdırılması bu dəfə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmiş, orada istintaq aparılmış, istintaq zamanı o da dindirilmiş və müəyyən müddətdən sonra cinayət işi Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilmişdir ki, bu barədə ona yazılı məlumat verilmişdir. Belə ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən yaşayış ünvanıma daxil olmuş xx.xx.2021 -ci il tarixli, 007-4985- 1221 saylı məktubla ona bildirilmişdir ki, X3 şikayəti əsasında fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilmişdir. Nəhayət, göstərilən cinayət işi Yasamal rayon prokurorluğunda araşdırılaraq yekunlaşmış və həmin prokurorluğun “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 06 may 2021-ci il tarixli qərarı ilə onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci və digər hər hansı maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, şikayətçidən pul almış X5 (sabiq vəkil) dələduzluqla bağiı əməllərinə hüquqi qiymət verilməsi hissədə barəsində cinayət təqibinin davam etdirilməsindən ötrü Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqın davam etdrilməsi məqsədi ilə Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Bir sözlə, iddia ərizəmdə qeyd etdiyi kimi, ədalət zəfər çalmış və barəsində əmin olduğu “təqsirsizlik prezumpsiyası”sübuta yetmişdir. Lakin buna baxmayaraq o, bundan sonra da, yəni 2021- 2022-ci illər ərzində də get-gələ salınmış, nazirliyin DTİ-nin əməkdaşları tərəfindən dəfələrlə qəbul edilmiş və onunla xeyli söhbətlər aparılmış, hər dəfə nəticənin yaxşı olacağı bildirildiyinə görə xidmətə bərpa ediləcəyinə yenə də ümid etmişdir. Həmin söhbətlər zamanı, xidmətə bərpa ediləcəyi təqdirdə buraxılmış dövr üçün əmək haqqını istəyib-istəməməsi də ondan soruşulmuş, o isə bərpa ediləcəyim təqdirdə göstərilən dövrlə bağlı ona ödənilməli olan pul müavinətini qətiyyən tələb etməyəcəyini birmənalı olaraq demiş, odur ki, həmin əməkdaşlar “məsələ rəhbərlik səviyyəsində birdəfəlik həll edildikdən sonra” ona qəti cavab veriləcəyini bildirmişlər. Yuxarıda göstərilən hallarla bağlı 2021-2022-cı illəri əhatə edən yazışmaların, yəni “Mesaj” VƏ “WhatsApp” yazışmalarının bəzi hissəsi telefonunda bu günədək qalmışdır ki, onları bu ərizəsinə əlavə etmişdir. Həmin yazışmalardan da görünür ki, ona nazirliklə əlaqə saxlamaq, oraya getmək və s. bu kimi tapşırıqlar verilmiş (məs., 28 may 2021-ci il tarixli mesajda deyilir: “Salam, Daxili İshler Nazirliyindendi, əlaqə saxla” və yaxud da DİN- nin DTİ-nin əməkdaşı Qafar Qafarlı tərəfindən “saat 10-da şəxsiyyət vəsiqəsi ilə orada olması barədə” dəvətlə bağlı aralarında gedən 19-20 iyun 2022-ci il tarixli yazışmalar bu qəbildəndir) nəticə etibarilə o, bir neçə dəfə qəbul edilmiş, habelə 2022- ci ilin müxtəlif aylarında etdiyi müraciətlərin qeydə alındığı barədə nazirlikdən telefonuma bildirişlər gəlmişdir. Bütün bu get-gəllərdən sonra, nazirliyin DTİ-nin rəisi vəzifəsini icra edən Azər Məmmədov tərəfindən imzalanmış və yaşadığı ünvana xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli 023-20687/5Ş- 3222 saylı məktubla ona xidmətə bərpasının məqsədəuyğun hesab edilmədiyi bildirildikdən sonra xidmətə bərpa edilməyəcəyi birmənalı olaraq başa düşmüşdür. Odur ki, həmin məktubu aldığım gündən AR İPM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 (otuz) günlük müddət biməmiş mübahisələndirmə haqqında xx.xx.2022-ci il tarixli iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərədən göründüyü kimi, Daxili işlər Nazirliyinin Ə114-001-18 saylı xx.xx.2018-ci il tarixli əmri ilə bağlı məhkəməyə xx.xx.2022ci il tarixdə mübahisələndirmə haqqında iddia ilə müraciət etməsinin səbəbləri ondan asılı olmamış, araşdırmalar zamanı təqsirliliyi sübuta yetmədiyi halda xidmətə bərpa ediləcəyi barədə cavabdehin onu dəfələrlə arxayın etməsi, səlahiyyətli əməkdaşlar tərəfindən 2021- 2022-ci illərdə söhbətlərə dəvət olunaraq sorğu-sual edilməsi və s. bu kimi hallar olmuşdur. Ən başlıcası isə odur ki, bütün yuxarıda göstərilən araşdırmalar və söhbətlərdən sonra xidmətə bərpa edilməsinin məqsədəuyğun hesab edilmədiyi barədə cavabdehin son imtinası yuxarıda göstərdiyi kimi, onun ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuş, yəni təqdim edilmişdir ki, o, bundan sonra AR İPM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 (otuz) günlük müddəti ötürmədən mübahisələndirmə haqqında xx.xx.2022-ci il tarixli iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 fevral 2023-cü il tarixli etirazda göstərilənlər qətiyyən həqiqətə uyğun deyil. Etirazda mübahisəli əmrin ona xx.xx.2013-cü il tarixdə elan edilməsi, ona məxsus hərbi biletin və əmək kitabçasının ona təqdim olunması tamamilə yalandır. Yəni, ona xidmətdən kənarlaşdırılması yox, sərəncama buraxılması şifahi olaraq bildirilmiş, bundan sonra da bu barədə ona əmr rəsmi elan olunmamış və təqdim edilməmiş, hərbi bileti ilə əmək kitabçası isə təxminən 2-3 ay sonra poçtla göndərilmişdir. Etirazda bu barədə raporta istinad edilsə də, bu saxtadır, belə ki, həmin raportdan əlavə bu halları təsdiq edən tərəfindən bilavasitə icra edilmiş yazı və imzası olmalı idi ki, cavabdeh bu barədə sübut təqdim etməmişdir. Habelə etirazda xidməti fəaliyyətinin qeyri-qənaətbəxş olmasının müəyyən edilməsi, xidmət etdiyi ərazidə baş vermiş cinayət hadisələrinin açılması və qarşısının alınması sahəsində fəaliyyətsizlik göstərməsi və s. bu kimi hallarla bağlı göstərilənlər tamamilə yalan və uydurmadır. Belə ki, bütün bunlar barədə hər hansı bir sübut mövcud deyildir, təqdim olunacağı təqdirdə isə yalnız saxta sübutlar ola bilər. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən artıq dərəcədə xahiş etmişdir. İşin hallarından müəyyən olunur ki, İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 135-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, Ə114- 001-18 saylı əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hal-hazırda iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, Ə114- 001-18 saylı əmrini xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əmri xx.xx.2018-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 1 ildən çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, əmək kitabçasını İddiaçı xx.xx.2018-ci il tarixdə imza edərək almışdır, iddiaçının xx.xx.2018-ci ildən işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir. Belə ki, işdə olan ******* saylı, xx.xx.2018-ci il tarixli əmək kitabçasının surətinə əsasən, xx.xx.2018-ci il tarixdə Daxili işlər orqanlarında xidmət müddəti: təqvimi hesablama ilə 12 il, 05 ay, 10 gün təşkil etmişdir və qeyd hissəsində xx.xx.2018-ci il tarixli AR DİN-nin əmri göstərilimişdir. İşdə olan qəbzə əsasən, DİN-in Baş Kadrlar İdarəsində saxlanılan ******* saylı əmək kitabçasını İddiaçı xx.xx.2018-ci il tarixdə imza edərək almışdır. İddiaçı mübahisəli əmrin ona xx.xx.2013-cü il tarixdə elan edilməsi, ona məxsus hərbi biletin və əmək kitabçasının ona təqdim olunması tamamilə yalan olması, yəni, ona xidmətdən kənarlaşdırılması yox, sərəncama buraxılması şifahi olaraq bildirilməsi, bundan sonra bu barədə ona əmrin rəsmi elan olunmaması və təqdim edilməməsi, hərbi bilet və əmək kitabçasını isə təxminən 2-3 ay sonra poçtla göndərilməsini bildirsə də, cavabdeh orqan tərəfindən DİN-in Baş Kadrlar İdarəsində saxlanılan ******* saylı əmək kitabçasının İddiaçı xx.xx.2018-ci il tarixdə imza edərək alması barədə qəbz təqdim edilmişdir. Həmçinin İddiaçı barəsində Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, Ə114-001-18 saylı əmrinə əsasən, İddiaçı daxili işlər orqanlarından xidmətdən xaric edilməsi barədə məlumat əks etdirilmişdir Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi əmrdən yəni, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə114-001-18 saylı, xx.xx.2018-ci il tarixli əmrini en geci xx.xx.2018-ci il tarixdən (0550481 saylı əmək kitabçasını aldığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrin məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə114-001-18 saylı, xx.xx.2018-ci il tarixli əmrindən məlumatlı olduğu vaxtdan 1 (bir) ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyurvə məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə114-001-18 saylı, xx.xx.2018-ci il tarixli əmrinin iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli əmrlə iddiaçı müəyyən edilmiş polis əməkdaşına yaraşmayan kobud intizam pozuntusuna yol verməmişdir, bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmətdən azad edilməsi barədə əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmətdən azad edilməsi barədə əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar