Məhkəmə qərarları › İş №2-1(120)-902/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-902/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-902/2021 26.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, onun vəkili X8, Üçüncü şəxs X1 və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Astara rayon İcra Hakimiyyətinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02.07.1999-cu il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X3 qarşı “şəhadətnaməyə düzəliş edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(120)-902/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və X3 qarşı “şəhadətnaməyə düzəliş edilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı qismində İddiaçı, cavabdeh qismində Astara rayon İcra Hakimiyyətinin tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin və X1 cavabdehlər sırasından çıxarılması, iddia tələbinə isə “Astara rayon Aqrar İslahat Komissiyasının 02.07.1999-cu il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” kimi baxılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin və X1 üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X12 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Astara rayon İcra Hakimiyyətinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Astara rayon Aqrar İslahat Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda hazırda islahat işləri sona çatmış və iddiaçının qərarından narazı qaldığı müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur. Hüquq münasibətlərinin yarandığı zaman yəni 01.09.2000-ci il tarixədək qüvvədə olmuş 11.09.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09.12.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 28.12.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan 01.09.2000-ci il tarixədək qüvvədə olmuş 11.09.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı X7 hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Astara rayon İcra Hakimiyyətinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02.07.1999-cu il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.05.2020-ci il tarixli 2-1(102)-1103/20 nömrəli, 15.09.2020-ci il tarixli 2- 1(102)-1577/2020 nömrəli və 23.09.2020-ci il tarixli 2-1(102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının atası X6 islahatın aparıldığı zaman (02.07.1999-cu ildə) sağ olmuş və həmin ərazidə yaşamışdır. Yəni, islahat aparılan zaman iddiaçının atasının razılaşmadığı halda aqrar islahat komissiyasının qərarına qarşı yuxarıda qeyd edilən müddətlərdə etiraz (şikayət) etmək imkanları olmuşdur. Lakin, göründüyü kimi belə bir mübahisə olmamış (əksini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və bu halı tərəflər mübahisələndirməmişdir) və həmin qərar icra olunaraq mülkiyyət hüquqlarına dair şəhadətnamə tərtib edilmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, ümumiyyətlə cavabdehin daha doğrusu Astara rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsi olmamışdır. Belə ki, həmin qərar iddiaçıya yönələn yəni iddiaçı üçün hər hansı hüquq və vəzifə yaradan inzibati akt olmamışdır. Odur ki, iddiaçının həmin qərardan sonradan xəbər tutmasını rəhbər tutaraq, qərardan şikayət vermə müddətini ötürmədiyini iddia etməsi və yaxud 20 (iyirmi) ildən artıq müddətdən sonra mübahisələndirməsi əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Astara rayon İcra Hakimiyyətinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02.07.1999-cu il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50, 80 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Astara rayon İcra Hakimiyyətinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02.07.1999-cu il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar