Məhkəmə qərarları › İş №2-1(120)-902/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-902/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-902/2025 08.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək sabiq Miyankü adına sovxozda (Miyankü BKFT və X15 islahat komissiyası) işlədiyi illərin və xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixə kimi Masallı rayon Miyankü Bələdiyyəsində bələdiyyənin yerli vergi yığanı işlədiyi illəri iş stajını sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “hüququnun yarandığı tarixdən yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinn cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonunda fəaliyyət göstərmiş sabiq “Şaumyan” adına sovxozda işləmişdir. Eləcədə Miyankü bələdiyyəsində işləmişdir. Belə ki, xx.xx.1976-cı ildə sabiq “Şaumyan” adına sovxozda fəhlə kimi işə başlamış, xx.xx.1976-cı ildə hərbi xidmətə getməyi ilə bağlı işdən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi Lənkəran CPOO-da işləmiş və xx.xx.1979-cu ildə şəxsi istəyi ilə işdən azad olunmuşdur. Sonradan xx.xx.1979-cu ildə yenidən sabiq “Şaumyan” adına sovxoza fəhlə kimi işə qəbul edilmiş və xx.xx.1999-cu ilə kimi bir neçə vəzifəyə təyin olunmaqla orada işləmişdir. xx.xx.1989-cu ildən sabiq “Şaumyan” adına sovxozun adı dəyişərək Miyankü adına sovxoz olmuş, xx.xx.1996-cı ildən Miyankü BKFT, xx.xx.1998-ci ildən isə X15 İslahat Komissiyası olmuşdur. Sovxozda işlədiyi zaman əmək məzuniyyətlərinə çıxmış, mükafatlar almışdır. Həmçinin xx.xx.2000-ci ildən Miyankü bələdiyyəsinə üzv seçilmiş, xx.xx.2000-ci ildə bələdiyyədə vergi yığma vəzifəsinə təyin olunmuş, xx.xx.2004-cü ildə səlahiyyət müddəti başa çatdığı üçün bələdiyyə üzvlüyündən azad edilmişdir. xx.xx.2010-cu ildən yenidən bələdiyyəyə vergi yığan işinə təyin olunmuş, xx.xx.2012-ci ildə öz xahişimə əsasən işdən azad edilmişdir. Göstərilənlər ərizəyə əlavə edilmiş arxiv sənədləri və əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Həmçinin 2 il 2 ay hərbi xidmətdə olmuşdur. Ona pensiya təyin olunması üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat onun sənədlərini yoxlayarkən xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.1996-cı İldən xx.xx.1999-cu ilədək olan müddəti ona iş stajı olaraq hesablamadığından əmək pensiyası verilməsindən imtina etmişdir. Həmin illərdə işləyərək iş stajı qazanmışdır. Masallı Rayon Dövlət Arxivində qorunub saxlanılan Masallı RİHB-nin Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 1991-1992-1993-1994- 1995-ci illərə aid 19 saylı təsərrüfatbaşına kitabın 835-ci təsərrüfatında, 410-cu səhifəsində “Miyankü” sovxozunda çay briqadiri işləmişdir. Eyni zamanda Masallı Rayon Dövlət Arxivində qorunub saxlanılan Masallı RİHB-nin Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 1996-1997-1998-1999-2000-ci illərə aid 11 (2) saylı təsərrüfatbaşına kitabın 856-cı təsərrüfatında, 111-ci səhifəsində “Miyankü” sovxozunda fəhlə işləməyi və xx.xx.1999-cu ildən işləməməyi qeyd edilmişdir. Lakin həmin dövrlər üçün əmək haqqı kitabları arxivə verilməmişdir. xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək olan dövr üçün isə əmək haqqı kitabları axıra kimi işlənməmişdir. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın ödənilməli olduğu vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, 25.11,1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən 01,05.1995-ci il tarixdək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illər də nəzərə alınmaqla ümumi sığorta stajı 22 il 2 ay 25 gün təşkil edir. Həmçinin bildiririk ki, Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Masallı rayonu “Miyankü” çayçılı-südçülük sovxozunun əməkhaqqı cədvəllərində xx.xx.1995-ci il tarixdən 31.112.1995-ci il tarixədək əməkhaqqı məlumatları şəxsi hesab kitablarına işlənilmədiyindən, eyni zamanda xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən müvafiq dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd etmək istəyirik ki, X3 sistemində olan məlumatlara əsasən sığortaedən, Masallı Rayonu Miyankü Bələdiyyəsi (SUN: **********, VÖEN: **********) tərəfindən 2010 və 2012-ci illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatları qeyd edilməmiş, 2011-ci il üzrə məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, arxiv və uçot-baza məlumatlarında “Miyankü” sovxozu və “Miyankü” X16 Təsərrüfatı adında hüquqi şəxslərin dövlət qeydiyyatı barədə məlumat mövcud deyildir. Göründüyü kimi iddianın təmin edilməsi üçün hüquqi əsaslar olmadığı kimi, faktiki əsaslar da yoxdur. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məlumat üçün bildiririk ki, iddiaçı tərəfindən əlavə sənədlər təqdim edilərsə, müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələcəyi təqdirdə iddiaçının pensiya təyinatına yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, X3 sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən İddiaçı (VÖEN: **********2) aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi mümükün hesab edilməmişdir. İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı vergi arayışı təqdim etdikdən sonra təkrar müraciət əsasında ona yaşa görə sosial müavinət təyin edilməsi məsələsinə yenidən baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Masallı rayonu, Miyankü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə sabiq “Şaumyan” adına sovxozda fəhlə kimi işə başlamış, xx.xx.1976-cı ildə hərbi xidmətə getməyi ilə bağlı işdən azad edilmiş, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi Lənkəran CPOO-da işləmiş, xx.xx.1979-cu ildə “Şaumyan” adına sovxoza fəhlə kimi işə qəbul edilmiş və xx.xx.1999-cu ilə kimi bir neçə vəzifəyə təyin olunmaqla orada işləmiş, xx.xx.1989-cu ildən “Şaumyan” adına sovxozun adı dəyişərək Miyankü adına sovxoz olmuş, xx.xx.1996-cı ildən Miyankü BKFT, xx.xx.1998-ci ildən isə X15 İslahat Komissiyası olmuş, xx.xx.2000-ci ildən Miyankü bələdiyyəsinə üzv seçilmiş, xx.xx.2000-ci ildə bələdiyyədə vergi yığma vəzifəsinə təyin olunmuş, xx.xx.2004-cü ildə səlahiyyət müddəti başa çatdığı üçün bələdiyyə üzvlüyündən azad edilmişdir. xx.xx.2010-cu ildən yenidən bələdiyyəyə vergi yığan işinə təyin olunmuş, xx.xx.2012-ci ildə öz xahişimə əsasən işdən azad edilmişdir. İşdə olan Masallı rayonu Miyankü bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 30 nömrəli arayışından surətindən görünür ki, Masallı rayon Miyankü kənd sakini X5 həqiqətən 2000- 2004-cü illərdə Miyankü bələdiyyəsində Tədiyyəçi (əhalidən torpaq vergilərin yığılması) vəzifəsində işləmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-33RA/2-H-2xxxx/2023 nömrəli arxiv arayışından görünür ki, X5 xx.xx.1990-cı il tarixli 2-8-279 saylı əmrlə, yeni yaradılmış “Miyankü” çayçılıq-südçülük sovxozuna qəbul edilərək 8 saylı briqadaya briqadir təyin olunmuş, xx.xx.1999-cu il tarixli 20-1 saylı əmrlə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-2698/2023 nömrəli məktubundan görünür ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunu müddət nəzərə alınmaqla) 22 il 2 ay 25 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyi Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1999-cu tarixinədək Masallı rayonu “Miyankü” çayçılıq-südçülük sovxozunun xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əməkhaqqı məlumatları şəxsi hesab kitablarına işlənilmədiyindən, eyni zamanda xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) 2 saylı Lənkəran-Astara regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, X3 sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz (VÖEN: **********) üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı vergi arayışı təqdim etdikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna yenidən baxılacaqdır. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-33RA/2-H-2xxxx/2023 nömrəli arxiv arayışından görünür ki, Həsənov X4 Rayon Dövlət Arxivində mühafizə olunan, Masallı rayon İcra Hakimiyyəti Başçısının Hişkədərə kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus (əvvəlki Hişkədərə kənd X13 İcraiyyə Komitəsi); 1991-1992-1993- 1994-1995-ci illərə aid 19 saylı təsərrüfatbaşına kitabın 835-ci təsərrüfatında, 410-cu səhifəsində “Miyankü” sovxozunda çay briqadiri işləməsi; Masallı rayon İcra Hakimiyyəti Başçısının Miyankü kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus (əvvəlki Hişkədərə kənd X13 İcraiyyə Komitəsi); 1996-1997-1998-1999-2000-ci illərə aid 11 (2) saylı təsərrüfatbaşına kitabın 856-cı təsərrüfatında, 111-ci səhifəsində “Miyankü” sovxozunda fəhlə işləməsi və xx.xx.1999-cu ildən işləmir, əmr 20; kimi, qeydlər vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-72928/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə 22 il 2 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1999-cu tarixinədək Masallı rayonu “Miyankü” çayçılıq-südçülük sovxozunun əməkhaqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əməkhaqqı məlumatları şəxsi hesab kitablarına işlənilmədiyindən, eyni zamanda xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, X3 Sisteminin Pensiya altsisteminə əsəsən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-135736/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin X3 sistemində sığortaedən, Masallı Rayonu Miyankü Bələdiyyəsi (SUN:**********9; VÖEN: **********) tərəfindən 2010 və 2012-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatları qeyd edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, MEİS-də Masallı Rayonu Miyankü Bələdiyyəsinin 2011-ci ilə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 vətəndaş müraciətləri ilə iş şöbəsinin mütəxəssisi X8, Masallı rayon Dövlət Arxivinin müdiri X9 və Masallı rayon Miyankü kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışlara əsasən İddiaçı 1991-1995-ci və 1996-2000-ci illər ərzində Masallı rayon “Miyankü” sovxozunda işləməsi faktını Masallı rayon Dövlət Arxivində saxlanılan əmr kitabları və əmək haqqı hesablaşma kitabları ilə qarşılıqlı yoxlama zamanı üzləşdirilmidir. Yoxlama zamanı İddiaçı xx.xx.1990-cı il tarixində əmr № 2 ilə Miyankü sovxozunda işə qəbul edilməsi və xx.xx.1999-cu il tarixdə əmr № 20 ilə işdən azad edilməsi faktının doğruluğu və düzgünlüyü aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-60650/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaedən Azərbaycan Respublikasının Masallı Rayonunun Miyanku Bələdiyyəsinin (SUN: **********0, VÖEN: **********) (bundan sonra - Bələdiyyə) Filiala ünvanladığı İddiaçı 2010 və 2012-ci illər üzrə xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı müraciətlərinə əsasən qeyd olunan məsələnin araşdırılması üçün tələb olunan sübutedici sənədlərin təqdim edilməsi ilə bağlı Bələdiyyəyə xx.xx.2024-cü il tarixində 3-17-1/2- 13594/2024, xx.xx.2025-ci il tarixində 3-17-1/2-26448/2025, xx.xx.2025-ci il tarixində 3-17- 1/2-42601/2025 və xx.xx.2025-ci il tarixində 3-17-1/2-26448/2025 nömrəli məktublarla izahat verilməsinə baxmayaraq cari tarixədək müvafiq sənədlər düzgün formada Filiala təqdim olunmamışdır. İşdə olan Masallı rayonu Miyankü bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 16 nömrəli məktubundan görünür ki, hüquqi varisi olduğu Masallı Rayon Miyankü Bələdiyyəsinin (SUN: **********9, VÖEN: **********) 2010 və 2012-ci illər üçün təqdim etdiyi Məcburi Dövlət Sosial Sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda düzəliş edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 15 nömrəli məktubla Mərkəzi Filiala göndərilmişdir. Lakin müvafiq lazımı sənədlərdə (Forma 1, vətəndaşların arayışları və əl ilə yazılmış izahatları) düzəliş edilmiş, yeni formada təqdim etmişdirlər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş sonuncu yazılı etirazın surətindən 22 il 02 ay 25 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2023-cü il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 4 halı əsas götürmüşdür: - xx.xx.1995-ci ildən xx.xx.1995-ci il tarixədək əməkhaqqı məlumatları şəxsi hesab kitablarına işlənilmədiyi; - xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixədək əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilməməsi; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - Ümumi iş stajının 25 ildən az olması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2000-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.2012-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 22 il 02 ay 25 gün əmək fəaliyyəti dövrləri kimi qeyd edilmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-33RA/2-H-2xx-xx/2023 nömrəli arxiv arayışından görünür ki, X5 xx.xx.1990-cı il tarixli 2-8-279 saylı əmrlə, yeni yaradılmış “Miyankü” çayçılıq-südçülük sovxozuna qəbul edilərək 8 saylı briqadaya briqadir təyin olunmuş, xx.xx.1999-cu il tarixli 20-1 saylı əmrlə işdən azad edilmişdir. - Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-33RA/2-H-2xx-xx/2023 nömrəli arxiv arayışından görünür ki, Həsənov X4 Rayon Dövlət Arxivində mühafizə olunan, Masallı rayon İcra Hakimiyyəti Başçısının Hişkədərə kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus (əvvəlki Hişkədərə kənd X13 İcraiyyə Komitəsi); 1991-1992-1993- 1994-1995-ci illərə aid 19 saylı təsərrüfatbaşına kitabın 835-ci təsərrüfatında, 410-cu səhifəsində “Miyankü” sovxozunda çay briqadiri işləməsi; Masallı rayon İcra Hakimiyyəti Başçısının Miyankü kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus (əvvəlki Hişkədərə kənd X13 İcraiyyə Komitəsi); 1996-1997-1998-1999-2000-ci illərə aid 11 (2) saylı təsərrüfatbaşına kitabın 856-cı təsərrüfatında, 111-ci səhifəsində “Miyankü” sovxozunda fəhlə işləməsi və xx.xx.1999-cu ildən işləmir, əmr 20; kimi, qeydlər vardır. - Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 vətəndaş müraciətləri ilə iş şöbəsinin mütəxəssisi X8, Masallı rayon Dövlət Arxivinin müdiri X9 və Masallı rayon Miyankü kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışlara əsasən İddiaçı 1991-1995-ci və 1996-2000-ci illər ərzində Masallı rayon “Miyankü” sovxozunda işləməsi faktını Masallı rayon Dövlət Arxivində saxlanılan əmr kitabları və əmək haqqı hesablaşma kitabları ilə qarşılıqlı yoxlama zamanı üzləşdirilmidir. Yoxlama zamanı İddiaçı xx.xx.1990-cı il tarixində əmr № 2 ilə Miyankü sovxozunda işə qəbul edilməsi və xx.xx.1999-cu il tarixdə əmr № 20 ilə işdən azad edilməsi faktının doğruluğu və düzgünlüyü aşkar edilmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, İddiaçı Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışlara əsasən İddiaçı 1991-1995-ci və 1996-2000-ci illər ərzində Masallı rayon “Miyankü” sovxozunda işləməsi faktını Masallı rayon Dövlət Arxivində saxlanılan əmr kitabları və əmək haqqı hesablaşma kitabları ilə qarşılıqlı yoxlama zamanı üzləşdirilmişdir. Yoxlama zamanı İddiaçı xx.xx.1990-cı il tarixində əmr № 2 ilə Miyankü sovxozunda işə qəbul edilməsi və xx.xx.1999-cu il tarixdə əmr № 20 ilə işdən azad edilməsi faktının doğruluğu və düzgünlüyü aşkar edilmişdir. 1995-ci ilin aprel ayından sonra ümumi əmək haqqı kitablarında qeydlərin aparılmadığı müəyyən edilir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya qeydlərin aparılmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasını şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş xx.xx.1995-ci ildən xx.xx.1999-cu il tarixədək qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illəri onun sığorta stajına daxil edir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal iddiaçının 2006-cı ildən sonra işlədiyi xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilə qədər Miyankü bələdiyyəsində işlədiyi illərlə bağlı olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-135736/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin X3 sistemində sığortaedən, Masallı Rayonu Miyankü Bələdiyyəsi (SUN:**********9; VÖEN: **********) tərəfindən 2010 və 2012-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatları qeyd edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, MEİS-də Masallı Rayonu Miyankü Bələdiyyəsinin 2011-ci ilə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Həmin hissə ilə bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, o, gələcəkdə hüquqi marağına uyğun xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək Masallı Rayonu Miyankü Bələdiyyəsində işlədiyi illərin sığorta stajına əlavə edilməsi məqsədilə ilk öncə qeyd edilən illər üzrə məcburi dövlət sosial sığorta ödənişlərin ödənilməsi və ya hesabatların (B1 və B3 kodları üzrə) tam (şəxsin adı qeyd edilməklə) təqdim edilməsi məqsədilə işlədiyi bələdiyyəyə müraciət etməli, bələdiyyə tərəfindən tələbi icra olunaraq iddiaçıya məxsus məcburi dövlət sosial sığorta ödənişləri üzrə hesabatlar təqdim edilərsə müvafiq tələblə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməlidir. Bələdiyyə tərəfindən tələbi icra edilmədiyi təqdirdə inzibati orqana qarşı yuridiksiya üzrə müvafiq məhkəmədə qeyd edilən əsaslar üzrə iddia qaldırmaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hal-hazırki vəziyyətdə İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək Masallı Rayonu Miyankü Bələdiyyəsində işlədiyi illəri onun sığorta stajına daxil edilməməlidir. Hər bir halda inzibati orqan tərəfindən iddiaçın işlədiyi illər üzrə mübahisəsiz hesab edilən 22 il 02 ay 25 gün ilə məhkəmə tərəfindən qəbul edilən xx.xx.1995-ci ildən xx.xx.1999-cu il tarixədək olan 04 il 09 günü cəmlədikdə, iddiaçının 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar