Məhkəmə qərarları › İş №2-1(120)-905/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-905/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-905/2023 22.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Polis Akademiyasına bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-1(120)-905/2023 nömrəli qərardadı ilə, iddia ərizəsi dəqiqləşdirilərək iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2019-cu ilin avqust ayında Polis Akademiyasına daxil olmuşadur. Polis Akademiyasının 1-ci kursunu müvəffəqiyyətlə bitirib 2-ci kursa keçmişdir. Lakin. 2-ci kursda olarkən heç bir günahı olmayan mübahisə səbəbəindən üzərinə atılmış şər-böhtanın qurbanı olmuş və əsassız yerə Polis Akademiyasından xaric edilmişdir. Həmin mübahisə atası ilə əmisi arasında baş vermişdir. Mübahisənin qurbanı isə o olmuşam.Böyük həvəs və ümidlə təhsil aldığı Polis Akademiyasına bərpa olunmağı ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etsə də, müraciətinə cavabdeh qurumdan bu günədək cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili X3 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz edilərək, göstərilmişdir ki, İddia ərizəsindən göründüyü kimi iddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi Polis Akademiyasına bərpa olunmaqdır. İddiaçı təqsirli hərəkətlərinə görə müvafiq əmrlə Polis Akademiyasından xaric olunmuşdur. Hazırki iş üzrə İPM 34.1-ci maddəsi ilə üzrə “öhdəliyin icra olunması” haqqında iddia qaldırıla bilməz və iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1 -ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). Azərbaycan Respublikası İPM- in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti* və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci il tarixli əmrini mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793- 001-20 saylı, xx.xx.2020-ci tarixli əmrindən görünür ki, DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsinin 3.2 və 3.9-cu, 2005-ci il 8 aprel tarixli 130 nömrəli əmri ilə təsdiq olunmuş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 6, 12 və 17-ci maddələrinin tələblərini pozub cəmiyyətdə qəbul olunmuş norma və qaydalara əməl etməyərək qohumu vət.A.Ağayeva ilə əxlaq normalarına zidd münasibətlər qurduğuna, qeyd olunan hərəkətləri atası vət.Z.Ağayevin vət.G.Rzayev tərəfindən ağır bədən xəsarətinin yetirilməsi ilə nəticələndiyinə, xidməti araşdırma zamanı qeyri-səmimi mövqe tutduğuna, göstərilən hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Polis Akademiyasının əyani təhsil fakültəsinin 2-ci kurs kursantı polis sıravisi İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlannda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 610 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Yardımlı rayonu Horonu kəndində anadan olmuş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə hərbi vəzifəlilərin ehtiyatına buraxılmış, hazırda Xidmətin Yardımlı rayon bölməsində hərbi vəzifəli kimi hərbi qeydiyyartdadır. Odur ki, İddiaçı qeydiyyat kartasının kserosurətini aidiyyəti üzrə ünvana göndərmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-22/2-1837/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “Polis Akademiyasına bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə" tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsində keçiriləcək məhkəmə iclası ilə bağlı Nazirliyə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, 2002-ci ildə anadan olmuş sabiq kursant İddiaçı, natamam ali təhsillidir, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almışdır.Yol verdiyi nöqsanlara görə İddiaçı 2020-ci ildə Nazirliyin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Xidmət dövründə mükafatlandırılmamış, 1 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(101)-507/2021 nömrəli məktubunda göstərilmişdir ki, X2 məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 1 (101 )- 507/2021 saylı hökmünün surəti məhkəməyə göndərilir. İşdə olan Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(101)-507/2021 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 135-ci maddəsinə əsasən, daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda; 7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Həmin Əsasnamənin 141-ci maddəsinə əsasən, daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmə iddiaçıya yardım edərək, daxili işlər orqanlarında xidmətdən azad edilməsi barədə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrini mübahisələndirildiyini, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibatı aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırılması barədə məlumat verilmişdir. İddiaçı məhkəmə prosesində bildirmişdir ki, mübahisələndirilən əmrlə tanış olduqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Polis Akademiyasına qəbul olunması üçün müraciət etmiş, cavabdeh orqan tərəfindən ona təklif etmişlər ki, hərbi xidmətə getsin, qayıtdıqdan sonra bu məsələyə baxılar. Hərbi xidmətdən qayıtdıqdan sonra isə onun Polis Akademiyasına bərpa olunmasından imtina etmişlər. İşin hallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmri ilə tanış olduqdan 1 aydan çox vaxt keçdikdən sonra, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə hərbi vəzifəlilərin ehtiyatına buraxılmışdır. Lakin İddiaçı hərbi xidmətdən qayıtdıqdan 5 aydan çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixli zərflə göndərilmişdir) məhkəməyə daxil olmuşdur. Hal-hazırda iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001- 20 saylı, xx.xx.2020-ci il tarixli əmrini xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əmri xx.xx.2020-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 1 ildən çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, EN ******* nömrəli attestasiyanı və mübahisələndirilən əmri xx.xx.2022-ci il tarixdə İddiaçı imza edərək əldə etmiş, hərbi biletində bu barədə müvafiq qeydiyyat aparılmış, həmçinin həmin tarixdən dərslərdə iştirak etməmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi əmrdən yəni, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci il tarixli əmrini en geci xx.xx.2020-ci il tarixdən (əmri və EN 229104 saylı attestasiyanı aldığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrin məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci il tarixli əmrindən məlumatlı olduğu vaxtdan 1 (bir) ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (Polis Akademiyasından faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində dərslərdə iştirak etməməsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Hətta, iddiaçı məhkəmə iclasında şifahi qaydada xidmətdən xaric edildiyini və attestasiyanın və hərbi biletin ona verildiyini təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan 1 (bir) il keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM- in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyurvə məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə793-001-20 saylı, xx.xx.2020-ci il tarixli əmrinin iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli əmrlə iddiaçı müəyyən edilmiş polis əməkdaşına yaraşmayan kobud intizam pozuntusuna yol verməmişdir, bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Polis Akademiyasına bərpa olunmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə 793-001-20 nömrəli əmrinin ləğv edilməsi və onun Polis Akademiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar