Məhkəmə qərarları › İş №2-1(120)-906/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-906/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-906/2021 21.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, ev 33-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə əlaqədar ödəniləcək müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 7 saylı regional ərazi filialına qarşı buraxılmış müddətin üzürlü hesab edib bərpa edilməsi və cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə əlaqədar ödəniləcək müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Volqoqrad şəhəri, Krasnoameyski rayon məhkəməsinin 10.12.2018-ci il tarixli hökmü ilə Rusiya federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin "v" bəndi, 69-cu maddəsinin 2-ci hissəsilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. 28 aprel 2018-ci il tarixdən 27 aprel 2020-ci il tarixə kimi cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Cəza müddəti başa çatdığına görə azadlığa buraxılmışdır. Cəzaçəkmə müəssisəsində azadlığa buraxıldıqdan sonra 27.04.2020-ci il tarixdə onu Volqoqrad şəhərində Miqrasiya Xidmətinə təhvil vermişlər və orada 27.08.2020-ci il tarixə kimi saxlanılmışdır. 27.08.2020-ildə konvoy ilə onu Moskva şəhərinə Demodedovo hava limanına gətirilmiş və 28.08.2020-ci ildə təyyarə ilə Bakıya yola salınmışdır. Beləliklə, 31.08.2021-ci il tarixdə Astara rayon Polis şöbəsində qeydiyyata alınmışdır. 21.09.2020-ci il tarixdə birdəfəlik müavinətin verilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Astara rayon filialına ərizə ilə müraciət etmişdir. Ərizəsinə DSMF-nun Astara rayon filialına müavinət komissiyasında baxılmış və cəza çəkmə müəssisəsindən azad edildikdən 3-ay müddətinə qeydiyyata düşmədiyindən müavinət verilməsindən imtina edilmiş və buna əsasən sənədləri 05.10.2020-ci il tarixli, **********8 saylı məktubla ona qaytarılmışdır. Cavabdeh Dövlət Sosial X10 Hüquqi şəxsin Astara rayon Filialının müavinət komissiyasının qeyd edilən qərarı ilə razı deyil. Qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, ondan asılı olmayan səbəblərə görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. O, 28.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini keçmiş, 31.08.2020-ci il tarixdə Astara rayon Polis şöbəsində qeydiyyata alınmış və 21.09.2020-ci il tarixdə birdəfəlik müavinət verilməsi üçün DSMF-nun Astara rayon Filialına müraciət etmişdir. Hesab edir ki, tərəfindən qanunla nəzərdə tutulan 3 aylıq müddət üzürlü səbəblərdən buraxılmışdır. Odur ki, qanunla müəyyən edilmiş müddət üzürlü hesab edilib bərpa edilməli pozulmuş hüquqlarım müdafiə olunmalı və nəzərdə tutulan birdəfəlik müavinət verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı 27 aprel 2020-ci il tarixdə Rusiya Federasiyasında cəza çəkməkdən azad edildiyini və mövcud olmuş pandemiya vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikasına 28.08.2020-ci il tarixdə gəlməsinin mümkün olduğunu iddia ərizəsində qeyd etmişdir. Onun iddiasına əsasən 21 sentyabr 2020-ci il tarixdə DSMF-nin Lənkəran Rayon Filialına (hazırda 7 saylı regional ərazi filialı) sosial adaptasiya müavinətinin ödənilməsi üçün müraciət etmiş, lakin sözügedən orqan ona müavinətin ödənilməsindən imtina etmişdir. Belə ki, İddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” 31 may 2007-ci il 353 nömrəli Qanunun 6.1.7-ci maddəsinə əsaslanaraq sözügedən müavinətə hüququnun olmasını iddia etmiş və məhkəmə tərəfindən təmin olunmasını xahiş etmişdir. Hesab edir ki, hazırkı iş üzrə iddia mümkünsüz hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 1) Hazırkı iddia predmeti üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 6-cı maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər barəsində həyata keçirilən tədbirlər əhatə olunmuşdur. Həmin maddənin 1-ci hissəsinin 7-ci bəndində iddiaçının iddia etdiyi sosial müavinətin ödənilməsini və onun hansı kateqoriya şəxslərə ödənilməsini müəyyən edən norma təsbit olunmuşdur: 6.1.7. Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Normadan aydın olduğu kimi sözügedən hüququn subyekti qismində social adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxslər müəyyən edilmişdir. Deməli, iddiaçı iddia etdiyi hüququn subyekti olması üçün sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxs statusuna malik olmalıdır. Sözügedən Qanunun 7-ci maddəsi sosial adaptasiyaya ehtiyacı olan şəxs statusunun yaranması şərtini müəyyən etmişdir: 7.1 Müvafiq icra hakimiyyəti orqanı - ƏƏSMN penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. 7.2 Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı - ƏƏSMN ("Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 3 iyul 2006-cı il tarixli 606 nömrəli Fərmanın 2.3-cü maddəsinə müvafiq olaraq) tərəfindən qeydiyyata alınırlar. Yuxarıda qeyd ed il mi$ normaların qarşılıqlı təhlilindən aydın olduğu kimi social adaptasiya müavinətini almağa hüquq yalnız sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınmış şəxslərə şamil edilir, iddiaçı isə bu kateqoriya şəxs olmadığı üçün qaldırmış olduğu iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Hazırkı iddia tələbinin mümkün sayılması üçün iddiaçı sosial adaptasiyaya ehtiyacı olan şəxs statusuna malik olmalıdır. Buna nail olmaq məqsədilə isə ,o, sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınması xahişi ilə ƏƏSMN-ə müraciət etməli idi. Müraciəti təmin olunduğu- sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alındığı təqdirdə onun hazırkı iddia predmeti üzrə subyektiv hüququ yaranmış olardı. Lakin vətəndaşın ƏƏSMN-ə müraciəti olmamış və onun sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi qeydiyyatda deyildir, iddiaçı ƏƏSMN-ə qeydiyyata alınmaq üçün müraciət etmədən cavabdeh inzibati orqana (Lənkəran rayon şöbəsi) sosial müavinət alması üçün müraciət etdiyinə görə, haqlı olaraq onun müraciəti üzrə tələbi DSMFnın yerli şöbəsi tərəfindən təmin edilməmişdir. 2) Hazırkı iş üzrə iddia tələbi mümkünlük şərtlərini ödəməməklə yanaşı mahiyyəti üzrə də əsaslı deyildir, iddia tələbinin hüququ əsası qismində çıxış edən Qanunun hazırkı mübahisə predmeti üzrə ictimai münasibətləri tənzimləyən 7.2-ci maddəsində birmənalı şəkildə müəyyən olunur ki, digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınması üçün müraciət müddəti 3 aydır. Nə həmin Qanunla, nə də ki digər sahəvi qanunvericilik aktı ilə xüsusi təxirəsalınmaz halların baş verdiyi təqdirdə müddətin ötürülməsinin yolverilənliyini müəyyən edən hər hansı istisna norma təsbit edilmişdir. Deməli, xüsusi hallarla bağlı istisna tənzimləmənin tətbiq edilməsi normayaratma orqanın iradəsi xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Normadan aydın olduğu kimi qanunvericiliyin tələbləri məhkəmənin icraatında olan işin qanunvericilik hüdudlarında ədalətli şəkildə baxılması yönündədir. Qanunvericilikdə sözügedən 3 ay müddətin ötürülməsinin yolverilənliyi ilə bağlı istisna norma təsbit edilmədiyi üçün hesab edirik ki. iddiaçının tələbinin qanuni əsası yoxdur və təmin edilə bilməz. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (Dövlət Sosial Müdafiə X7 Şəxsinin 7 saylı regional ərazi filialı) Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 22.05.1979-cu il tarixdə Astara rayonunda anadan olub, Astara şəhəri, S.Vurğun küçəsi 107-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Rusiya Federasiyası Ədliyyə Nazirliyinin 22.04.2020-ci il tarixli, 009246 nömrəli arayışından görünür ki, 22.05.1979-cu il təvəllüdlü, Azərbaycan, Astara şəhərində anadan olmuş, milliyyəti: azərbaycanlı, ailə vəziyyəti: subay, hərbi münasibəti: hərbi mülcəlləfiyyətsiz, əvvəllər məhkumluğu olan: 1) RF CM - nin 158 - ci maddəsinin 2 - ci hissəsinin “v” bəndi ilə 03.10.2017 - ci ildə 5 il müddətinə a/m etmə cəzası ilə, 10.12.2018 - ci ildə Volqoqrad şəhərinin Krasnoarmeyski r/m tərəfindən RF CM - nin 159 - cu maddəsinin 2 ci hissəsi, 30 - cu maddəsinin 3 - cü hissəsi, 158 - ci maddəsinin 2 - ci hissəsinin “V” bəndi, 69 - cü maddəsinin 2 - ci hissəsi ilə 2 ıl müddətinə a/m etmə cəzası ilə məhkum edilmiş vətəndaş İddiaçı 28 aprel 2018 - ci ildən 27 aprel 2020 - ci ilədək azadlıqdan məhrumetmə yerlərində cəzası çəkmişdir və cəza müddəti başa çatdığına görə azadlığa buraxılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial X10 hüquqi şəxsin Astara rayon filialının İddiaçı ünvanladığı 05 oktyabr 2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, ‘‘Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiayaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına azad edildiyi gündən 3 ay müddətində daimi yaşamaq üçün müvafiq Mərkəzi icra hakimiyyəti orqanında qeydiyyata götürülmüş şəxslərə şamil olunur. Cəza çəkmə müəssisəsindən azad edildiyi tarixdən 3 ay müddətində qeydiyyata düşmədiyindən komissiya tərəfindən müraciətinə imtina edilərək göndərilmiş sənədləri geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 16.06.2021-ci il tarixli, 33/2004 nömrəli məktubundan görünür ki, İddiaçı və X1 2020-ci il ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında İddiaçı- 02.06.2016-cı il tarixdə çıxış, 28.08.2020-ci il tarixdə giriş, X4 isə 29.09.2018-ci il tarixdə çıxış, 28.08.2020-ci il tarixdə giriş həyata keçirmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı 07.09.2021-ci il tarixli, **********2 nömrəli xidməti məktubunda qeyd olunmuşdur görünür ki, X4 birdəfəlik müavinətin təyin olunması üçün 08.09.2020-ci il tarixli ərizə ilə Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət etmişdir. Həmin müraciət 11.09.2020-ci il tarixdə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuşdur. Vətəndaşın müraciətinə əsasən ona cəzaçəkmədən azad edilməsi ilə əlaqədar 29.09.2020-ci il tarixdən birdəfəlik müavinət (1000 manat) təyin olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1-9.2-ci maddələrinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Volqoqrad şəhəri, Krasnoameyski rayon məhkəməsinin 10.12.2018-ci il tarixli hökmü ilə Rusiya federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin "v" bəndi, 69-cu maddəsinin 2-ci hissəsilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum edilmiş, 28 aprel 2018-ci il tarixdən 27 aprel 2020-ci il tarixə kimi cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial X10 hüquqi şəxsin Astara filialının İddiaçı ünvanladığı məktubdan müəyyən olunur ki, iddiaçı 21.09.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqana hazırkı tələblə müraciət etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cəza müddəti başa çatdığına görə Rusiyadan Azərbaycana iddiaçı ilə birlikdə X4 da gəlmişdir. Onlar eyni vaxtda sosial adaptasiyası ilə əlaqədar ödəniləcək müavinətin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişlər. İddiaçının müraciəti təmin edilmədiyi halda, X3 cəzaçəkmədən azad edilməsi ilə əlaqədar 29.09.2020-ci il tarixdən birdəfəlik müavinət (1000 manat) təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, bu hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Başqa sözlə, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . Həmçinin qanunvericilikdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər müəyyən edilmişdir. Cavabdeh iddiaçıya münasibətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığını aydınlaşdırmadan, bununla bağlı iddiaçıya hüquqi yardım göstərmədən, iddiaçıya həmin tədbirlərdən sadəcə birdəfəlik pul müavinətinin verilməsindən imtina etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparmamış, işin faktiki və hüquqi halları tam müəyyən etməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 7 saylı regional ərazi filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 7 saylı regional ərazi filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar