Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-906/2024 25.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Beyləqan Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1993-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. 74N nömrəli və N nömrəli hərbi hissələrdə xidmət etmişdir. Döyüş zonasında hərbi xidmətdə olduğu müddətdə xx.xx.1994-cü il tarixdə Füzuli rayonunun "Qızılqaya adlanan ərazisində döyüş əməliyyatları zamanı qolundan və başından güllə yarası almışdır. Ona görə də xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı şəhəri X5 Xəstəxanasında müayinə və müalicə almışdır. Ona həkimin qoyduğu travma-diaqnoz belədir: "Baş beyinin kontuziyası, orta ağırlıq dərəcəsində sağ çiyin qurşağının əzilməsi, bazu oynağının hemartrozu." O, xx.xx.1994-cü ildə yaralandıqdan sonra ona məxsus hərbi bilet naməlum şəraitdə itmişdir. xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən ona SX ******* №-li hərbi bilet təkrar verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2019-cu il tarixli N nömrəli göndərişinə, xx.xx.2019-cu il tarixli arayışına, X5 Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizə, xəstəlik tarixindən çıxarışa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komisiyasının (bundan sonra-MN-nin MHHK) həkim mütəxəssisin rəyinə əsaslanaraq, MN-nin MHHK-nın xx.xx.2019-cu il tarixli 505 nömrəli qərarı ilə ona qoyulmuş "Baş beyinin kontuziyası, orta ağırlıq dərəcəsində sağ çıyın qurşağının əzilməsi, bazu oynağının hemartrozu." diaqnozun hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq edilmişdir MN-nin MHHK-nın həmin qərarı ilə Füzuli Hərbi Prokurorluğunun 18.04 2018-ci il tarixli 17/166N nömrəli qərarına istinad edilməklə barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İcraatınızda, İddiaçı Yadulla oğlunun cavabdeh Azərbaycan Respublikası Mudafiə Nazirliyinə qarşı "Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılır. İddiaçı tərəfindən iddia ərizəsində 1993cü ildən müharibədə iştirak etdiyini bildirərək məhkəmədən ona müharibə veterani statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kandı daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kandi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlerle birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sanədlər əsasında "Muharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdır. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2023-cu il tarixli 457 nömrəli və 28.07 2023-cu il tarixli 458 nömrəli arxiv arayışına əsasən iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyuş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallaria təltif olunaraq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.Veteranlar haqqında Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının arazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını tasdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, "Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz" Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə. fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər Müharibə veteranı sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, göstərilənləri nəzərə alıb, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin öz izahatında 1994-cü il tarixdə yaralandığını, xəstəxanaya yerləşdirildiyini və 1 ay qospitalda müalicə aldığını bildirmişdir.Və müalicədən yalnız 1 il keçdikdən sonra ayağa qalxdığını, hərbi hissəyə məlumat verdiyini və daha sonra hərbi hissəyə qayıda, tərxis əmrini ala bilmədiyini bildirmişdir. İddianın mümkünlüyü: İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuş, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, SX ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Yadulla oğlu xx.xx.1993-cü il tarixdə hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətdən tərxis olunması ilə bağlı məlumat yoxdur.Və hərbi biletdə qeyd edilmişdir ki, xx.xx.2010-cu il tarixdə Beyləqan rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib və CM-nin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-3926 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-475 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-475 nömrəli arayışından görünür ki, Respublika Hərbi Komissarlığından gəlmiş çağırışçı İddiaçı 74N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 119 nömrəli əmrilə (əsas: §-1, səh-18, sıra-41) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 110 nömrəli əmrilə (əsas: §-6, səh-42, sıra-72) İddiaçı 74N nömrəli hərbi hissənin hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq təminatlarla təchiz olunmuşdur. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 nömrəli əmrində (esas: §-3. səh-15, sıra-5, əmrdə atasının adı "Həbulla" yazılmışdır) Sıravi İddiaçı Həbulla oğlunun döyüş əməliyyatı zamanı yaralandığına görə xəstəxanaya göndərilməsi barədə məlumat vardır. İş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 505 nömrəli qərarında qeyd edilmişdir ki, Beyləqan RHK tərəfindən 1993-cu ildə hərbi xidmətə çağırılmış. Fuzuli Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli 17/166N nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı Yadulla oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 16.02 1994-cü ildə aldığı və xx.xx.1994-cu ildən xx.xx.1994-cu ilə kimi X5 Xəstəxanasında muayinə və müalicə olunduğu travma-diaqnoz Baş beyinin kontuziyası orta ağırlıq dərəcəsində, sağ çiyin qurşağının əzilməsi bəzu oynağının hemartrozu (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2019-cu il tarixli N nömrəli göndərişi. xx.xx.2019-cu il tarixli 39 nömrəli arayış X5 Xəstəxanasından verilmiş xx.xx.1994-cu il tarixli çıxarış epikrizi xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir. "Hərbi Travmadır, Azərbaycan Respublıkasının Müdafiəsi Zamanı Alınmışdır" İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 260 nömrəli məktubunda qeyd olunmuşdur ki, Respublika Hərbi Komissarlığından gəlmiş, çağırışçı İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 119 nömrəli əmrilə (əsas: §-1, sah-18, sıra-41, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 110 nömrəli əmrilə (əsas: §-6, səh-42, sıra-72, əmr olduğu kimi köçürülmüşdür) İddiaçı 74N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq təminatlarla təchiz olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 nömrəli əmrində (əsas: §-3, səh-15, sıra-5, əmrdə atasının adı "Həbulla" yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) sıravi İddiaçı Həbulla oğlunun döyüş əməliyyatı zamanı yaralandığına görə, xəstəxanaya göndərilməsi barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şəbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-11/2-617/2023 saylı məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Yadulla oğlunun adına yazılmış SX № ******* nömrəli Qeydiyyat kartasında xx.xx.1993-cü il tarixdə Beyləqan RHK-ı tərəfindən nizami xidmətə yararlı sayılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına hərbi xidmətə göndərilməsi. xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçməsi üçün N () nömrəli hərbi hissənin tərkibinə (Əmr 10) qəbul edilməsi, 16.02. 1994-cü il tarixdən xx.xx.1994-cu il tarixədək X5 Xəstəxanasında müalicə olunması 14 05 2010-cu ildə Beyləqan rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.3-cu maddəsi ilə 3 (üç) il 10 (on) ay azadlıqdan məhrum edilməsi, X4 xx.xx.2018-ci il tarixli 17/1661 saylı məktubuna əsasən barəsində təqsirləndirici material və cinayət işı olmaması və 23.04 2018-ci il tarixdən SHXÇDX-nin Beyləqan rayon şəbəsində hərbi qeydiyyata alınması yazılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-906/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-906/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver