Məhkəmə qərarları › İş №2-1(120)-907/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-907/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-907/2025 19.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X37 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsində mübahisə yaranmışdır. 29 iyun 2022-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh 23 fevral 2024-cü il tarixli, 3-17-1/2-M- 43472/2024 nömrəli məktubu ilə iddiaçıya bildirmişdir ki, sizin əmək kitabçanızdakı qeydlərdə işdən azad olmanız barədə qeyd həmin dövrdə qüvvədə olmayan Əmək Qanunları Məcəlləsinin ”69-cu maddəsinə əsasən aparılması göstərildiyindən Dövlət Arxivində 1989-1998-ci illərin əmr kitablarının 1989-1998-ci illərin əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbi ilə sizin xx.xx.1998-xx.xx.2004-cü illərdəki dövrü sizin əmək stajınıza daxil etmək mümkün deyil. Buna görə də sizin güzəştli iş stajınız 12 il 6 aydan az-6 il 8 ay 15 gün təşkil edir. Güzəştli şərtlərlə pensiya təyinatı mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Orta təhsilini başa vurduqdan sonra 01 avqust 1980-16 aprel 1981-ci ildə SSRİ-nin 50 illiyi adına Pambıqçılıq sovxozunda işləmişdir. 18 aprel 1981-19 oktyabr 1981-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. 16 aprel 1982- 22 aprel 2004-cü illərdə X3 Kombinatında elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Həmin müddət ərzində həmin kombinata daxil olan Əli-Bayramlı Dəmir-Beton Məmulatlar və Konstruksiyalar Zavodu 06 aprel 1998-ci ildə özəlləşdirilərək SAQ firmasına çevrilmişdir. 14 iyun 2006-cı ildə X38 İdarəsinə nəzarətçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. 16 oktyabr 2014-cü ilə qədər orada çalışmışdır. 17 oktyabr 2014-cü ildə Azəriqaz istehsalat X17 Qaz İstismar İdarəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş və hazırda da orada əmək fəaliyyətinə davam edir. İddia ərizəsinin əsasında əmək fəaliyyəti dövrünün hal-hazıradək 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox hissəsində güzəştli iş stajının olması dayanır. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirmir. Hesab edir ki, bu hal hazırki iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Hazırki iddiada cavabdeh tərəfindən mübahisələndirdirilən hal odur ki, cavabdeh iddiaçının xx.xx.1998-xx.xx.2004-cü illərə aid əmək kitabçasındakı qeydlərin qüvvədən düşmüş qanunvericiliyə əsasən aparılması və həmin dövrə aid əmək haqqı cədvəllərinin və əmri kitabının Dövlət Arxivinə təhvil verilməməsi səbəbilə həmin dövrü güzəştli iş stajı dövrünə aid etməməsidir. Cavabdehin bu iradına cavab olaraq bildirir ki, əmək kitabçasındakı qeydləri işçi deyil, onun işəgötürəni aparır və orada aparılmış qeydlərin qüvvədən düşmüş qanunvericiliyə istinad edilərək göstərilməsi hüquqlarını və baş vermiş hüquqi nəticənin (işdən azad edilməyim) baş verməməsi anlamına gəlmir. Belə ki, mövcud qanunvericilik aktlarına görə, qeydlərdə aparılmış mexaniki səhvlər-indiki halda, iddiaçının işdən çıxarılması-həmin əmrin qeyri qanuniliyini sübut edə bilməz. Çünki, həmin işdən çıxarılma əmrinin nömrəsi, tarixi və təbii ki, mətni mövcud olmuşdur və “Əmək Məcəlləsinin 69-cu maddəsi” ifadəsi əvəzinə Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsi ifadəsi işlənilməsi mexaniki səhvin nəticəsidir, bu səbəblə də mübahisələndirilə bilməz. Bu səbəblə, cavabdehin əməkhaqqı cədvəllərinin və müəssisənin əmrlər kitabının Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının arzusu ilə həyata keçirilmir. Qanunvericilik aktları idarə və təşkilatların sənədlərinin arxivlərə təhvil verilməsi prosesində işçinin iştirakını nəzərdə tutmur və bu səbəblə də həmin sənədlərin dövlət arxivlərinə təhvil verilməməsi iddiaçının sosial təminat hüquqlarını məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən staj tələbləri əsas götürülməklə, 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-907/2025 nömrəli qərardadına əsasən iddia tələbinə “hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-907/2025 nömrəli qərardadına əsasən iddia tələbinə “xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X18 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan NT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. İşdə olan SAQ firmasının xx.xx.2008-ci il tarixli, 04 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 15 aprel 1982-ci il tarixində 29 nömrəli əmrlə X3 X12 elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və 22 aprel 2004-cü il tarixli, 8 nömrəli əmrlə işdən azad edilmişdir. İş günü ərzində tam məşğul olmaqla, qaynaq işlərini əllə həyata keçirməklə, işlədiyi vəzifədə əmək vəzifələrinə inşaat, yenidənqurma və təmir işlərində əl ilə elektrik qaz qaynağı işlərini yerinə yetirmək olmuşdur. İş şəraiti normadan artıq səs-küy, ultrabənövşəyi şüaların təsiri, açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, həmçinin yanan flüs buxarlarının tənəffüs orqanları vasitəsilə orqanizmə zərərli təsiri və şüalanma səviyyəsinin yüksək olması səbəbilə görmə orqanlarına mənfi təsir ilə xarakterizə olunur. İddiaçı 15 aprel 1982-xx.xx.2004-ci il tarixlərində işlədiyi elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35. Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı elektrik qaz qaynaqçısı vəzifəsində güzəştli iş stajı 22 il 7 gün təşkil edir. Qeyd: xx.xx.1998-ci il tarixli, 02K saylı əmrə əsasən, X21 Məmulatlar və Konstruksiyalar Zavodu özəlləşdirildmiş və həmin tarixdən zavodun bazasında yaradılmış SAQ firmasında əmək fəaliyətini davam etdirmişdir. İşdə olan SAQ firmasının xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 15 aprel 1982-ci il tarixində 29 nömrəli əmrlə X3 X12 elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və 22 aprel 2004-cü il tarixli, 8 nömrəli əmrlə işdən azad edilmişdir. İş günü ərzində tam məşğul olmaqla, qaynaq işlərini əllə həyata keçirməklə, işlədiyi vəzifədə əmək vəzifələrinə inşaat, yenidənqurma və təmir işlərində əl ilə elektrik qaz qaynağı işlərini yerinə yetirmək olmuşdur. İş şəraiti normadan artıq səs-küy, ultrabənövşəyi şüaların təsiri, açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, həmçinin yanan flüs buxarlarının tənəffüs orqanları vasitəsilə orqanizmə zərərli təsiri və şüalanma səviyyəsinin yüksək olması səbəbilə görmə orqanlarına mənfi təsir ilə səciyyələnir. İddiaçı 15 aprel 1982- xx.xx.2004-ci il tarixlərində işlədiyi elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı elektrik qaz qaynaqçısı vəzifəsində güzəştli iş stajı 22 il 7 gün təşkil edir. Qeyd: xx.xx.1998-ci il tarixli, 02K saylı əmrə əsasən, X21 Məmulatlar və Konstruksiyalar Zavodu özəlləşdirildiyi üçün işçi həmin tarixdən zavodun bazasında yaradılmış SAQ firmasında (eyni iş yerində) xx.xx.2004-cü il tarixinə kimi çalışmışdır. SAQ firması eyni səbəblərlə X21 Məmulatlar və Konstruksiyalar Zavodunun hüquqi varisi sayılır. Arayış DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-43472/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz MT-İ ******* nömrəli əmək kitabçanızın 4-5-ci səhifələrindəki 7-ci qeyddə işdən azad olunma əmrində və tarixlərində illərin sonradan qeyd olunduğu, eyni zamanda işdən azad olmağınıza dair sözügedən qeydin həmin dövrdə qüvvədə olmayan “Əmək Qanunları Məcəlləsi”nin 69-cu maddəsinə əsasən yazıldığı müəyyən edilib. Bu səbəbdən də həmin qeyddə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq, 1982-1998ci il illərin əmr kitablarının, 1989-1998-ci illərin əmək haqqı hesablama cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilib. Göstərilən səbəblərdən də, xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 8 ay 15 gün (xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-97991/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 aprel 2024-cü il tarixində daxil olmuş 2-1(120)-3058/2024 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı ümumi iş stajı 25 il 9 ay 27 gün (xx.xx.2006-cı il tarixinədək 7 il 10 ay 27 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1981-ci il (hərbi xidmət), xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 43314,55 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məkhəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-2-12/2-2881/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məlumatın təqdim edilməsi barədə müraciətinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2003-cü il tarixli 0603-Ə1-492 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2007-ci il tarixdə isə vergi orqanında ********** saylı VÖEN əsasında uçota alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi X13, rəhbəri isə X20 qeyd olunmuşdur. Dövlət reyestrində adıçəkilən hüquqi şəxsin hüquqi ünvanı ünvan 1SAQ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən xx.xx.2013-cü il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2070-ci il tarixədək sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergi ödəyicisinin vergilər üzrə şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində 36399,02 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində icbari tibbi sığorta haqqı üzrə ödənişi müəyyən olunmamışdır. Vergi ödəyicisinin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 712,50 manat borcu vardır. Həmçinin bildiririk ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəniş edilməsi müəyyən olunmamışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2018-ci il tarixdən əvvəlki dövr üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri barədə vergi orqanında məlumat olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X26 müvafiq filialına müraciət olunmaqla əldə edilə bilər. Qeyd olunan hüquqi şəxsə məxsus tələb etdiyiniz və qeydiyyat qovluğunda mövcud olan sənədlərin surəti Sizə göndərilir. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34/2-667/01-3/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) 16 may 2003-cü il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası X23 filialının xx.xx.2024-cü il tarixli, 3-48 DA/9F- 2-394/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X23 filialı bildirir ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin (əvvəlki adı X31 X4 Sexi )-nin heç bir işi filiala təhvil verilmədiyi üçün xx.xx.1982-xx.xx.2024-ci il tarixdə İddiaçı iş fəaliyyətini təsdiq etmək mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının xx.xx.2024-cü il tarixli, 3-48 DA-14F/2-293/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialında mühafizə olunan “X24 və Konstruksiya” zavodunun 1982-1988-ci illərə aid əmək haqqı hesablama cədvəllərində vətəndaş İddiaçı (aşkar olunan cədvəllərdə ata adı qeyd olunmayıb.) adına aşkarlanan qeydlərin çıxarışını sizə təqdim edirik. Əlavə olaraq qeyd edirik ki, “X24 və Konstruksiya” zavodunun 1982- 2024-cü illərin əmr kitabları və 1989-2024-cü illərin əmək haqqı hesablama cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilməyib. Qeyd: "xxxx" firmasının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilməyib. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-289857/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X19 və X11 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Eyni zamanda bildiririk ki, X16 xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsə pensiya təyin olunarkən "xxxx" MMC-də işlədiyi dövrlər ümumi iş stajına daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-17027/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, məlumat üçün bildiririk ki, iddiaçı X14 Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1 (86)-867/2014 nömrəli qərarına əsasən onun xx.xx.1988-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Əli-Bayramlı şəhərində X24 zavodunda və onun nəzdində "SAQ” Firmasında işlədiyi dövrlər sığorta stajında nəzərə alınaraq əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-118122/2024 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3058/2024 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2- 1(120)-3058/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazımızı təqdim edirik. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X28 qərarlarını, X28 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasının 4-5-ci səhifələrindəki 7-ci qeyddə işdən azad olunma əmrində və tarixlərində illərin sonradan qeyd olunduğu, eyni zamanda işdən azad olmasına dair sözügedən qeydin həmin dövrdə qüvvədə olmayan "Əmək Qanunları Məcəlləsi"nin 69-cu maddəsinə əsasən yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin qeyddə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Həmçinin, 1982-1998-ci illərin əmr kitabları, 1989-1998-ci illərin əmək haqqı hesablama cədvəlləri Dövlət Arxivinə təhvil verilməmişdir. Göstərilən səbəblərdən də, xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az (6 il 8 ay 15 gün( xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalındığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloii məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini və Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3058/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən onun güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək əmək fəaliyyətində olmuş, həmçinin hazırki tarixədək işləmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının işlədiyi müəssisənin əmr kitablarının və əmək haqqı hesablama cədvəllərinin arxivə təhvil verilməməsi səbəbindən həmin illərin güzəştli iş stajına daxil edilməyərək, 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci Ümumi peşələr (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) bəndinə uyğundur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1982-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1982-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1982-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmrlərin, əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1982-cü il tarixdən xx.xx.2004cü il tarixədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması, iddiaçının təqdim etdiyi NT- İ ******* nömrəli əmək kitabçasının 4-5-ci səhifələrindəki 7-ci qeyddə işdən azad olunma əmrində və tarixlərində illərin sonradan qeyd olunduğu, eyni zamanda işdən azad olmasına dair sözügedən qeydin həmin dövrdə qüvvədə olmayan "Əmək Qanunları Məcəlləsi"nin 69-cu maddəsinə əsasən yazıldığının müəyyən edilməsi, müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Eyni zamanda iddiaçının xx.xx.1982-cü il tarixdən xx.xx.2004-cü il tarixədək SAQ firmasında işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X2nun (mübahisəli müəssisənin sahə rəisi) ifadəsi ilə də təsdiq olunur. Şahid X1 Nazim Zöhrab oğlunu tanıdığını, 1991-ci ildə X21 Konstruksiyaları Zavodunda işə daxil olduğunu, sonradan həmin zavodun adının dəyişərək SAQ firması olduğunu, iddiaçı ilə birlikdə həmin idarədə işləmişdir. İşə başlayarkən iddiaçının həmin idarədə armatur sexində qaynaqçı işlədiyini, özünün 2007-ci ilə kimi həmin idarədə işlədiyini, iddiaçının 2003-2004-cü ilə kimi orada işlədiyini, özünün həmin müəssisədə sahə rəisi işlədiyini, SAQ firmasının sənədlərinin isə arxivə təhvil verilmədiyini, özünün isə əlilliyə görə əmək pensiyası aldığını bildirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi pensiya işindən müəyyən olunur ki, iddiaçı ilə eyniu müəssədə işləyən X15 xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan öz praktikasında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar