Məhkəmə qərarları › İş №2-1(120)-908/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-908/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-908/2021 14.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Biləsuvar rayonu, İsmətli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayonu İsmətli bələdiyyəsinə qarşı 1983-cü il tarixdən istifadəsində olan və bələdiyyə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin bələdiyyə mülkiyyətindən çıxarmaqla, həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə çıxarışın verilməsi üçün əsas olan müvafiq sənədlərin hazırlayaraq aidiyyəti orqana təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Biləsuvar rayonu İsmətli bələdiyyəsinə qarşı 1983-cü il tarixdən istifadəsində olan və əsassız olaraq bələdiyyə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin bələdiyyə mülkiyyətindən çıxarmaqla, həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə çıxarışın verilməsi üçün əsas olan müvafiq sənədlərin hazırlayaraq aidiyyəti orqana təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Biləsuvar rayonu İsmətli bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Biləsuvar rayonu İsmətli bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 31 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə onlara Azərbaycan Respublikası adından “Torpağın mülkiyyətə verilməsinə dair” JN-208F, KOD 80800058 olan Şəhadətnamə verilmişdir. Həmin həyətyanı torpaq sahəsində tikdiyi evdə 1983-cü ildən etibarən ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin, həmin vaxtdan həyətyanı torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsinə hazırkı vaxta qədər mülkiyyətçi hüququ ilə 37 ildir ki, sahiblik edir. Bu müddət ərzində heç bir təşkilat tərəfindən buna etiraz edilməmişdir. Həmin torpaq sahəsində yardımçı tikililər tikmiş və orada mal-qara saxlayır. Həmin yer ailə təsərrüfatının dayaq məntəqəsidir. Bunu bildirməyi xüsusi ilə zəruri hesab edir ki, 1983-cü il tarixdən etibarən 0,05 hektar torpaq sahəsindən istifadə etdiyinə görə 1997-ci ildə “28 May” kolxozu üzrə Aqrar islahat komissiyasının qərarına əsasən 0,05 hektar torpaq sahəsi ona verildiyindən ona və ailə üzvlərinə aid pay torpağından ikiqat həcmdə, yəni, 0,10 hektar çıxılmaqla azaldılmışdır. X3 komissiyası həyətyanı sahədə zəbt etdiyi 0,05 hektar torpaq sahəsinə görə onun pay torpağından ikiqat çıxmasına baxmayaraq həmin torpaq onun mülkiyyətinə verilməmiş və həmin torpaq Biləsuvar rayonu İsmətli bələdiyyəsinin mülkiyyətində saxlanılmışdır. Cavabdeh 27.09.2018-ci il tarixli, 22 nömrəli məktubundan da məlum olur ki, islahat vaxtı ailəsi 7 nəfərdən ibarət olmuşdur. Həmin dairədə pay torpaq sahəsi almaq hüquqi olan şəxslərə adambaşına 0,36 ha torpaq sahəsi verilmişdir. Bu baxımdan ona və ailə üzvlərinə 2,52 ha pay torpaq sahəsinə Dövlət Aktı verilməliydi. Lakin onun həyətyanı torpaq sahəsində zəbt kimi göstərilmiş 0,05 ha torpağa görə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsindən ikiqat həcmdə, yəni 0,10 ha çıxılmaqla onlara 2,42 ha pay torpaq sahəsi verilmişdir. Qanuna əsasən həmin torpaq sahəsi həyətyanı 0,20 ha torpaq sahəsinə əlavə edilməklə həyəyanı torpaq sahəsinin 0,25 hektar olması barədə ona şəhadətnamə verilməliydi. Lakin 2004-cü ildə Dövlət Layihə İnstitutu həyətyanı torpaq sahələrinin inventarizasiyası zamanı ona verilən Şəhadətnaməyə həmin 0,05 ha həyətyanı torpaq sahəsi daxil edilməmişdir. Həmçinin icra nümayəndəliyinin təsərüüfatbaşına kitabına onun adına 0,25 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Deməli 30 ildən də artıqdır ki, 0,05 hektar həyətyanı torpaq sahəsinə heç bir etiraz olmadan mülkiyyətçi hüququ ilə sahiblik edir. Lakin buna baxmayaraq 0,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmişdir. Bələdiyyə həmin 0,05 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə etiraz etmir. Buna görə də həmin torpaq sahəsi onun mülkiyyətində olan daşınmaz əmlak kimi tanınmalı və bu barədə ona hüquqi sənədlər verilməlidir. 0,05 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətindən çıxarılaraq onun mülkiyyətinə verilməsinə etiraz etmir və həmin faktın sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş edir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mənə verilmiş **********96 nömrəli, 13 iyun 2018-ci il tarixli məktubunda göstərilmişdir: “Araşdırma zamanı müəyyən olunmuşdur ki, ərazidə torpaq islahatı aparılarkən yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş pay almaq hüququ olan subyektlərin siyahısında Sizin 6 nəfərdən ibarət (cəmi 7 nəfər) ailə üzvləriniz qeydə alınmış, qanuni istifadənizdə 0,20 haş həyətyanı torpaq sahəsinin olduğu və 0,05 ha zəbtin olduğu göstərilmişdir. Həyətyanı torpaq sahəsində mövcud olan zəbtin müqaqbilində pay torpaq sahəsindən 0,10 ha çıxılmış və mülkiyyətinizə 2,42 ha pay torpaq sahəsi verilmişdir. Bunula yanaşı, vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrininn onların mülkiyyətinə verilməsi ilə bağlı Sizin eyni tərkibdə olan ailə üzvlərinizə JN-208F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş, digər istifadənizdə olan həyətyanı torpaq sahəsi isə bələdiyyə mülkiyyətində saxlanılmışdır. Həmin torpaq sahəsinin mülkiyyətinizə verilməsi ilə bağlı etiraz edilməməsi ilə bağlı İsmətli bələdiyyəsinin 27.05.2018-ci il tarixli 11 nömrəli məktubunu da ərizənizə əlavə etmisiniz. Bildiririk ki, qeyd olunan torpaq sahəsinin mülkiyyətinizə verilməsiilə bağlı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq bələdiyyə tərəfindən tərtib edilmiş müvafiq sənədlər aidiyyatı üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edildikdən sonra məsələyə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Aidiyyəti üzrə bələdiyyəyə müraciət etməyiniz məqsədəmüvafiqdir.” Həmçinin, Biləsuvar rayon Dövlət Arxivinin 124 nömrəli, 11.05.2018ci il tarixli arayışından məlum olur ki, Dövlət Arxivində saxlanılan İsmətli kənd İcra Nümayəndəliyinin 1996-2000-ci illərə aid 26 saylı təsərrüfat başına kitaba baxış keçirilərkən həmin kitabda 1996-1997-ci illərdə adına 0,20 ha, islahat başlayan vaxtdan, yəni 1998-1999-2000-ci illərdə adına 0,25 ha torpaq sahəsinin qeydə alınması müəyyən edilmişdir. Biləsuvar rayon İHB-nın İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 16.02.2012-ci il tarixli, 144 nömrəli arayışından da məlum olur ki, 2011-ci il tarixdən etibarən 5 nömrəli təsərrüfatbaşma kitabda adına 0,25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Lakin həmin 0,05 ha həyətyanı torpaq sahəsi üçün Çıxarışın alınması məqsədilə müvafiq səndələrin hazırlanaraq aidiyyatı üzrə təqdim edilməsi ilə əlaqədar 08.02.2021-ci il tarixdə Cavabdehnə müraciət etmişdir. Bələdiyyə tərəfindən həmin ərizə alınsa da hazırkı vaxta qədər ona məlumat verilməmiş və nəticədə qanunla qorunan hüquqları bələdiyyə tərəfindən pozulmuşdur. Pozulmuş hüquqlarının müdafiə edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Biləsuvar rayonu İsmətli bələdiyyəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, sözü gedən məsələ təxminən 20 ilin məsələsidir. İddiaçı Teymur oğlu və onun ailə üzvlərinə verilmiş pay torpaq məsləsindən 0,05 ha hissəsinin səhvən bələdiyyə mülkiyyətinə verildiyini iddia edir. Onun hal-hazırda iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Hal-hazırda həmin torpaq sahəsi barədə əmisi oğlu X1 torpağın ona aid olduğunu iddia edir. İddiaçı Valeh İbayevə 26.01.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, 01.02.2021-ci il tarixdə həmin torpaq sahəsi mübahisəli olduğu üçün hərraca çıxarıla bilər. Odur ki, vətəndaş İddiaçı almaq istədiyi torpaq sahəsinə aid sənədi olmadığı üçün qanunauyğun yolla məsələnin həll olunmasını təklif etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı 1983-cü il tarixdən istifadəsində olan və bələdiyyə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin bələdiyyə mülkiyyətindən çıxarmaqla, həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə çıxarışın verilməsi üçün əsas olan müvafiq sənədlərin hazırlayaraq aidiyyəti orqana təqdim edilməsi öhdəliyinin cavabdeh Biləsuvar rayonu İsmətli bələdiyyəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Biləsuvar rayonu, Aranlı kəndində anadan olub, Biləsuvar rayonu, İsmətli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan JN-208F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01.12.1997-ci il tarixli, 31 saylı qərarına əsasən 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçı Biləsuvar rayonu İsmətli bələdiyyəsinin sədrinə ünvanladığı 08.02.2021-ci il tarixli ərizədən və 09.02.2021-ci il tarixli poçt qəbzindən görünür ki, İddiaçı 0,05 hektar torpaq sahəsinə görə ona çıxarışın verilməsi üçün müvafiq sənədlər hazırlayaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı Biləsuvar rayonu İsmətli bələdiyyəsinin sədrinə müraciət etmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinin tələbinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur (maddə 5.1.). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir( maddə 9.6). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 31 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə onlara Azərbaycan Respublikası adından “Torpağın mülkiyyətə verilməsinə dair” JN-208F (kod ********) saylı şəhadətnamə verilmişdir. Eyni zamanda iddiaçı iddia edir ki,həmin həyətyanı torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsindən 37 ildirki istifadə edir. Digər tərəfdən, iş materiallarından müəyyən edilir ki, iddiaçının əmisi oğlu X2 həmin torpaq sahəsinin ona aid olduğunu iddia edir. Başqa sözlə, tərəflər arasında (iddiaçı ilə X2 arasında) torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur. Həmin 0,05 ha torpaq sahəsinin isə hazırda bələdiyyə mülkiyyətində olması işin mübahisəsiz halıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətləri və ya hərəkətsizliyi qanuna zidd hesab edilməməklə, iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh hazırkı halda qanunvericiliyin tələblərinə əməl edilməklə mülkiyyətində olan mübahisəli torpaq sahəsini açıq hərrac yolu ilə satılması hüququndan istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Biləsuvar rayonu İsmətli bələdiyyəsinə qarşı 1983-cü il tarixdən istifadəsində olan və bələdiyyə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin bələdiyyə mülkiyyətindən çıxarmaqla, həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə çıxarışın verilməsi üçün əsas olan müvafiq sənədlərin hazırlayaraq aidiyyəti orqana təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar