Məhkəmə qərarları › İş №2-1(120)-909/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-909/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-909/2023 01.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işəməhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin qanunsuz hərəkətindən müdafiə olunması, qanunsuz hərəkətlərin aradan qaldırılması və xx.xx.1975ci ildən xx.xx.1979-cu il tarixə qədər Muğan Melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddiaçıya təyin edilmiş pensiya dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-909/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddia tələbinə iddiaçıya təyin edilmiş pensiya dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının bərpa edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. Uzun müddət müxtəlif idarələrdə işləmiş və bu barədə əmək kitabçası var. Yaşla əlaqədar o, DSMF-yə müracət etdi və xx.xx.2019-cu ildə ona yaşa görə əmək pensiyası təyin olundu. xx.xx.2022-ci il tarixində ona yaşa görə təyin edilən əmək pensiyası dayandırıldı, o, dayandırmanın səbəbini öyrənmək üçün cavabdeh təşkilata müraciət etdi. Cavabdeh təşkilat 23 avqust 2022-ci il tarixli məktubu ilə guya pensiya təyin olunanda onun əmək stajının düzgün hesablanmadığını, həmçinin xx.xx.1975-xx.xx.1979-cu illərə aid əmək fəaliyyətinə aid qeydlərdə düzəliş edildiyini və bu düzəlişin möhürlə təstiq edilmədiyini əsas gətirərək ona əmək pensiyası təyin etməkdən imtina etdi. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsində göstərilir. Hazırda 67 yaşı var, pensiya hüququ yaranmışdır. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi işdə işləməsi qanuni sənədlə əmək kitabçası ilə təsdiq olunur və sənədə düzəliş olunmasında onun günahı yoxdur. Həmçinin arxivdə sənəd saxlanmamasında onun günahım yoxdur. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Ona görə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu və ya qanunvericiliklə tələb olunan rensiya kapitalı toplanmadığı üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. Daha sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşa görə əmək c-ensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 24 il 4 ay 23 gün, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 3 ay sığorta stajına uyğun olaraq 17.627,48 manat təşkil etdiyindən qanunvericiliklə müəyyən edilmiş pensiya təminatına imkan vermir. İddiaçının mübahsələndirilən sığorta stajını 4 il 4 ay 26 gün yəni xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövr təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əvvəlki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 26-cı maddəsi dəyişdirilərək yeni redaksiyada verilmişdir. Belə ki, Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə iddiaçının yasa görə pensiyaya hüququ xx.xx.2019-cu il tarixdən yaranacaqdır. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Muğan Melosutikintinin 30 nömrəli Səyyar Mexaniləşdirilmiş kolonda əmək fəaliyyəti barədə qeydlərdə düzəliş olduğu aşkar edilmişdir. Belə ki, işdən azad olunma tarixində və əmrində düzəliş edilmiş, həmçinin əmr möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalar”nın 3 2-ci bəndinə görə, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.11ci bəndinə əsasən, Əmək kitabçası işəgötürən və ya şəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı şverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud is dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası təsdiqedici sənəd kimi nəzərə alınmır. Məsələnin obyektiv araşdırılması üçün müvafiq qurumlara sorğular ünvanlanmışdır. İş materiallarına əsasən, Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********542500 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Muğan Melosutikinti Trestinin 30 nömrəli X4 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarına əsasən, Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 123 nömrəli cavab məktubunda, Muğan Melosutikinti Trestinin 30 nömrəli X1 sənədlərinin mühafizə üçün Sabirbad rayon Dövlət Arxivinə təhvil verilmədiyi öz əksini tapmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd edilən müəssisə ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Qanunun 22-1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İddiaçı "yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı İmişli şəhəri, H.Əliyev pr, ev 223 ünvanında qeydiyyatdadır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1975-ci ildə hərbi xidmətini başa vurmuşdur. - xx.xx.1972-ci il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.2001-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Xidməti yoxlama zamanı xx.xx.2019-cu il tarixində hüququ olmadığı halda yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar edilmiş və bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Belə ki, 25 il sığorta stajı olmadığı halda Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi əmək kitabçası və hərbi biletiniin surətlərinə əsasən sığorta stajı 24 il 4 ay 33 gün təşkil edir. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda əmək fəaliyyəti barədə qeydlərdə düzəliş olduğundan həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmayıb. Belə ki, işdən azad olunma tarixində və əmrində düzəliş edilmiş, həmçinin əmr möhürlə təsdiq edilməmişdir. Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 ildən) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin məbləği xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 saylı məhkəmə sorğusunun cavablandırılması haqqında məktubuna əsasən, İddiaçı xx.xx.2019-cu il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 2 il 21 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1972ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci !l tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981 -ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək 22 il 4 ay 2 gün əmək fəaliyyəti dövrləri olmaqla 24 il 4 ay 23 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək 24 il 4 ay 23 gün sığorta stajına uyğun olaraq 17.627,48 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək Muğan Melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda əmək fəaliyyəti barədə qeydlərdə düzəliş olduğu aşkar edilmişdir. Belə ki, işdən azad olunma tarixində və əmrində düzəliş edilmiş, həmçinin əmr möhürlə təsdiq edilməmişdir. Qeyd olunan səbəbdən xx.xx.1975-ci il tarixindən xx.xx.1979cu il tarixinədək 4 il 4 ay 26 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. - İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Muğan Melosutikinti Trestinin 30 nömrəli X4n sənəddləri mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********080300 saylı məktubuna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 3-21-3/2-462/2023 saylı məktubuna, AR Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Muğan Melosutikinti Trestinin 30 nömrəli X4na dair məlumat aşkar edilməmişdir. - xx.xx.2022-ci il tarixli DSMF-nin PHŞ Mil-Muğan filialının xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda, Muradxanlı İNM çoxsahəli L/h müəssisəsində xx.xx.1993-xx.xx.2001-ci illərdə işlədiyi dövrlər üzrə yoxlama keçirilmiş, Muğan melosutikinti Trestinin 30 nömrəli X4n və Muradxanlı İNM çoxsahəli t/h müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri X14 təhvil verilməməsi səbəbindən İddiaçı müvafiq dövrlərdə işləməsinin doğruluğunun yoxlanılması mümkün olmamışdır. - Məhkəmə iclasında şahid qismində ifadə verən X12 bildirmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri yoxdur, iş yoldaşı olmuşdur, 1975-1976-cı illərdə Muğan Melosutikinti Trestinin 30 nömrəli X4nda qazıcı vəzifəsində çalışmışdır, iddiaçı həmin ərəfələrdə onunla birlikdə həmin kolonda işləmişdir, aylıq əmək haqqı almışdır, 1976-cı il tarixdə özü işləmək üçün başqa idarəyə keçirilmiş, amma İddiaçı həmin kolonda işləməyə davam etmişdir. Kolon tərəfindən sənədlərin arxivə təhvil verilməmiş və əmək kitabçasında olan qeydlər əmrlər kitabına uyğun yazılmışdır, lakin əmrlər kitabının saxlanılmamışdır. Hal-hazırda yaşa görə əmək pensiyası alır. Əmək pensiyası təyin edilən ərəfədə həmin kolonda işləməsi barədə heç bir arxiv sənədi mövvuc olmamış, əmək kitabçasında göstərilən qeydlər nəzərə alınaraq ona yaşa görə pensiya təyin edilmişdir. - Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri yoxdur, iş yoldaşı olmuşdur, 1977-1980-cı illərdə Muğan Melosutikinti Trestinin 30 nömrəli X4nda fəhlə işləmiş, İddiaçı həmin ərəfələrdə onunla birlikdə 1979-cu ilədək həmin kolonda işləmişdir, aylıq əmək haqqı almışdır, 1980-ci il tarixdə özü ərizə ilə işdən azad olunmuşdur. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hərbi biletin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 2 il 21 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1972-ci il tarixədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixədək, xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlər cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan Melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun Muğan melosutikinti Trestinin 30 nömrəli X4n mövcudluğu barədə sorğular göndərilmiş, Muğan melosutikinti Trestinin 30 nömrəli X4n dövlət qeydiyyatına alınması və mövcud olması barədə ətraflı məlumat daxil olmamışdır. Lakin iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş şahidlər X12 və X2 ifadəsi ilə də təsdiq olunur. X7 pensiya işi nəzərdən keçirilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, DSMF tərəfindən 1975- 1976-cı illərdə Muğan Melosutikinti Trestinin 30 nömrəli X4nda qazıcı vəzifəsində işləməsi dövrü nəzərə alınaraq, F.Pənahova yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin kolonda işləməsi və əmək haqqı alması, o cümlədən kolonun fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolon mövcud olmuş, iddiaçı həmin kolonda işləmiş və əmək haqqı almış sadəcə olaraq kolonun sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Muğan Melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir .Odur ki, məhkəmə iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda dülgər işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Həmçinin cavabdeh orqan tərəfindən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Muğan Melosutikintinin 30 nömrəli Səyyar Mexaniləşdirilmiş kolonda əmək fəaliyyəti barədə qeydlərdə düzəliş olduğu aşkar edildiyini, işdən azad olunma tarixində və əmrində düzəliş edildiyini, həmçinin əmr möhürlə təsdiq edilmədiyini, bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının 5-ci bəndində İddiaçı xx.xx.1979-cu il tarixdə öz istəyi ilə işdən azad edilməsi barədə məlumat göstərilmiş, Muğan Melosutikintinin 30 nömrəli Səyyar Mexaniləşdirilmiş kolona məxsus möhür vurulmuş, əmək kitabçasının gün, ay, il qeyd edilən bölməsində və 28 saylı əmrin göstərildiyi bölmədə “düzəlişə inanmalı” sözləri yazılmış və imza edilmişdir. Məhkəmənin qənaətinə görə bu hal iddiaçının həmin aylarda işləməməsi anlamına gəlməməlidir. Başqa sözlə, başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə Muğan melosutikinti Trestinin 30 nömrəli X4n mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün kolona məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyasının dayandırılması üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolona məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması kolonda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə, daha doğrusu iddia tələbində göstərdiyi dövrlərə uyğun həmin müəssisədə işləməsi və əmək kitabçasının düzgünlüyü tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə görə, bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 8.1-ci bənidə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya daha əvvəl qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi dayandırarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdehin pensiya ödənişini dayandırma səbəbi isə ondan ibarət olmuşdur ki, onun apardığı araşdırma nəticəsində iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Muğan melosutikinti Trestinin 30 nömrəli Səyyar Mexanikləşdirilmiş kolonda işlədiyi dövrləri-yəni sosial siğorta stajını mübahisələndirmiş və 25 ildən az siğorta stajının olması müəyyən edilmiş və cavabdeh orqan tərəfindən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Muğan Melosutikintinin 30 nömrəli Səyyar Mexaniləşdirilmiş kolonda əmək fəaliyyəti barədə qeydlərdə düzəliş olduğu aşkar edildiyi, işdən azad olunma tarixində və əmrində düzəliş edildiyi, həmçinin əmr möhürlə təsdiq edilmədiyini, bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün olmadığı göstərilmişdir. Cavabdeh hesab etmişdir ki, mübahisəli dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Buna görə də, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün pensiya ödənişi dayandırılmalı və artıq ödənilmiş vəsait ondan geri tələb olunmalıdır. İddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil və sübut təqdim etməmişdir.Araşdırma zamanı, əmək pensiyası hüququnun mövcudluğu müəyyən edilmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq iddiaçının əmək pensiyası üzrə ödənişlər dayandırılmışdır. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almışdır. Xidməti yoxlama zamanı xx.xx.2019-cu il tarixində hüququ olmadığı halda yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar edilmiş və bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın dayandırılma ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli, iddiaçıya təyin edilmiş pensiya dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının bərpa edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1175/2022 nömrəli qərarda hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı təyin edilmiş pensiya dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı təyin edilmiş pensiya dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi (aldığı müavinət çıxılmaqla) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar