Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-91/2021 06.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı (Masallı rayonu, Böyük Xocavar kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydiyyatı alınması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu X8 Aqrar İslahat Komissiyasının 15 oktyabr 1999-cu il tarixli qərarına və aktlara əsasən ona verilmiş 0,25 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınaraq 0,25 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə Masallı Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Masallı rayonu Banbaşı bələdiyyəsi və X6 Təsərrüfatı Mərkəzi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi olmadığı üçün 1999-cu ildə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını (satılmasını) xahiş etmişdir. Masallı rayonu X8 Aqrar İslahat Komissiyasının 15 oktyabr 1999-cu il tarixli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,25 ha torpaq sahəsi satılmışdır. O, da öz növbəsində həmin torpaq sahəsinin satış qiymətini tam olaraq ödəmiş və ödəniş qəbzləri də vardır. Torpaq sahəsinin ona verilməsinə (satılmasına) dair qərardan çıxarış, akt və sair sənədləri vardır. Həmçinin torpaq sahəsinin hazırda onun istifadəsində olması barədə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı da vardır. Hər il həmin torpaq sahəsinə qanunla müəyyənləşdirilmiş şəkildə vergi ödəyir. Torpaq sahəsinə dövlət reyestrindən çıxarış və texniki pasport veriliməsi barədə müraciət etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə etdiyi müraciətə düzgün baxılmayıb, əsassız olaraq həmin müraciətdən imtina edilmiş və iş üzrə sənədlər əsassız olaraq ona qaytarılmışdır. Belə ki, həmin imtinada göstərilən torpaq sahəsinin Meşə Fonduna aid torpaq sahəsi kimi göstərilməsi qeyd edilmişdir. Halbuki həmin torpaq sahəsi Meşə Fondu torpaq sahəsinə aid deyildir. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyətlə bağlı hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, Masallı rayonu X8 Aqrar İslahat Komissiyasının 15 oktyabr 1999cu il tarixli qərarına və aktlara əsasən ona verilmiş 0,25 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınaraq 0,25 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, üçüncü şəxslər Masallı Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Masallı rayonu Banbaşı bələdiyyəsinə, X6 Təsərrüfatı Mərkəzinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 08.06.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Masallı rayonu X8 Aqrar İslahat Komissiyasının 15 oktyabr 1999-cu il tarixli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,25 ha torpaq sahəsi ləğv edilmiş DT və XK-nin təqdim etdiyi elektron baza xəritəsində X9 aid torpaq sahəsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən, alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Odur ki, yuxarıda göstərilən sənədlərdəki ziddiyyətlərə görə torpaq sahəsinin dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. İş materialında olan Böyük Xocavar YAİK-nin 15 oktyabr 1999-cu il tarixli 8 №li protokolundan çıxarışdan görünür ki, 1955-ci ildə əkilmiş və qorunması mümkün olmadığından naməlum şəxslər tərəfindən korlandığı üçün palıd ağaclarının 0,25 ha torpaq sahəsi ilə birlikdə satılması qərara alınmışdır. İş materialında olan Masallı rayon İHB Torpaq Komissiyasının 04 noyabr 1999-cu il tarixli aktından görünür ki, X4 ərizəsini nəzərə alaraq onun satın aldığı YAİK-nın balansında olan 0,25 ha torpaq sahəsinin ona satılmasını məsləhət bilir. İş materialında olan torpaqların alqı-satqısına dair 08 noyabr 1999-cu il tarixli aktdan görünür ki, Masallı rayonunun Böyük Xocavar kənd sakini İddiaçı Böyük Xocavar kənd YAİK-nın ərazisində 0,25 ha torpaq sahəsinin satılması barədə 1999-cu il 15 oktyabr tarixli 8 №li qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən Masallı rayon «SKAS» bankının 07046 (101401) saylı hesabına əvvəlcədən 760000 manat ödənilmişdir. İş materialında olan X6 Təsərrüfatı Mərkəzinin 22.07.2020-ci il tarixli məktubuna əsasən, Masallı rayonu X8 Aqrar İslahat Komissiyasının 15 oktyabr 1999-cu il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,25 ha torpaq sahəsi meşə fonduna aid deyil. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli 10/3598 №li ekspert rəyindən görünür ki, “xxxx” MMC-nin mühəndisləri Emin Mehdiyevin və Hüseyn İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar qeyd olunur: İddiaçı Masallı rayonu, Böyük Xocavar kəndində 0,25 ha torpaq sahəsi ayrılarkən üzərindəki palıd ağacları iddiaçının istifadəsində idi. Torpaq sahəsi isə Masallı Rayon İcra Hakimiyyətinin balansında olmuş və heç bir məhdudiyyəti olmadığından tam mülkiyyət hüququ üzrə İddiaçı satılmışdır. Qeyd edilən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hal-hazırda İddiaçı istifadəsindədir və digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılarkən X9 aidiyyatı olmamışdır. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçı tərəfindən tövlə inşa edilmişdir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları və döngə nöqtələrinin koordinatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materialında olan “xxxx” MMC-nin 25 yanvar 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Masallı rayonu, Böyük Xocavar kəndində 0,25 ha torpaq sahəsi ayrılarkən üzərindəki palıd ağacları iddiaçının istifadəsində idi. Torpaq sahəsi isə Masallı Rayon İcra Hakimiyyətinin balansında olmuş və heç bir məhdudiyyəti olmadığından tam mülkiyyət hüququ üzrə İddiaçı satılmışdır. Qeyd edilən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hal-hazırda İddiaçı istifadəsindədir və digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılarkən X9 aidiyyatı olmamışdır. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçı tərəfindən tövlə inşa edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Böyük Xocavar YAİK-nin 15 oktyabr 1999-cu il tarixli 8 №li protokolundan çıxarışa əsasən, 1955-ci ildə əkilmiş və qorunması mümkün olmadığından naməlum şəxslər tərəfindən korlandığı üçün palıd ağacları 0,25 ha torpaq sahəsi ilə birlikdə İddiaçı satılmışdır. Cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina dəlili ondan ibarətdir ki, sözügedən torpaq sahəsi ləğv edilmiş DT və XK-nin təqdim etdiyi elektron baza xəritəsində X9 aid torpaq sahəsi kimi göstərilmişdir. X6 Təsərrüfatı Mərkəzi 22.07.2020-ci il tarixli məktubunda bu dəlili təkzib etmişdir. Eyni zamanda mütəxəssis və ekspert rəyinə əsasən, həmin torpaq sahəsi iddiaçıya satılarkən Masallı Rayon İcra Hakimiyyətinin balansında olmuşdur. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi meşə fondu torpaqlarına aid olmadığından və iddiaçıya qanuni əsaslarla satıldığından iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 yanvar 2010-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən Avropa presedent hüququnda «mülkiyyət» və ya «əmlak» anlayışları çox geniş çərçivədə şərh olunur. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X5 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini «Miray Fransaya qarşı» iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab edir ki, «maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır» Məhkəmənin xatırlanmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasına qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X1rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. İşin faktiki hallarından, qanunvericiliyin qeyd edilən müddəalarından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək, məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla aldığı 0,25 ha torpaq sahəsi üzərində gözləmə mülkiyyət hüququ vardır, lakin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınması barədə zəruri şərt torpaq sahəsinə mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka digər hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yenə həmin Qanunun 10.1-ci maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsasdır və iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Cavabdeh inzibati orqan isə qanuni əsas olmadan həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, cavabdehin həmin imtina dəlili torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət deyildir. Ona görə ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılması barədə qərar hazırkı vaxtadək etibarsız hesab olunmamış, hazırda qüvvədədir. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu halda cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad). Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina qərarı kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə mnüddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin imtinasının qanuni əsası olmadığından iddia təmin edilməli, Masallı rayonu X8 Aqrar İslahat Komissiyasının 15 oktyabr 1999-cu il tarixli qərarına və aktlara əsasən İddiaçı verilmiş 0,25 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınaraq, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 108.1-108.2-ci maddəsinə görə, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. İddiaçı ödənilmiş dövlət rüsumunun və ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu ona aid edilməli və ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçıdan tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Masallı rayonu X8 Aqrar İslahat Komissiyasının 15 oktyabr 1999-cu il tarixli qərarına və aktlara əsasən İddiaçı verilmiş 0,25 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınaraq, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçı iddia qaldırması ilə əlaqədar ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-91/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-91/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver