Məhkəmə qərarları › İş №2-1(120)-91/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-91/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-91/2023 27.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, üçüncü şəxsin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon Bəcirəvan bələdiyyəsinə qarşı “İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə aktının ləğv edilməsi” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh İmişli rayon Bəcirəvan bələdiyyəsinə qarşı “İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə aktının ləğv edilməsi” barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsində göstərilir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunmasını, bələdiyyələr tərəfindən qanunverciliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. İmişli rayonu, Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı qərarında müzakirə edilmiş ikinci məsələ üzrə kənd ərazisində yerləşən "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulmasına dair qanunazidd qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 48.2-ci maddəsinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Qeyd edilən qərarın ləğv edilməsi məqsədilə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, 127-in İ nömrəli məktubla İmişli rayonu Bəcirəvan bələdiyyəsinə təklif göndərilmişdir. İdarənin təklif məktubu bələdiyyənin xx.xx.2021-ci il tarixli, 06 saylı iclasında müzakirə edilmiş, bələdiyyənin xx.xx.2021-ci il tarixli, 04 saylı məlum qərarı ləğv edilsə də, qeyd olunan iclas protokolu natamam olaraq bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqana (İddiaçınə) göndərilmişdir. Belə ki, iclas protokolunda qanunun tələbinə zidd olaraq iclasın katibi tərəfindən imza edilmədiyindən sözügedən protokol düzəliş olunması üçün bələdiyyəyə geri qaytarılmış, lakin hazırkı tarixə kimi həmin protokol düzəliş olunub idarəyə göndərilməmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 6-cı bəndində göstərilir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Beləliklə, bələdiyyənin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının sözügedən qərarı ilə bağlı regional idarənin təklifi təmin edilməmişdir. Qeyd olunanlara əsasən İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə aktının (qərarının) ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək, etirazda qeyd etmişdir ki, 2014-cü ildən "xxxx" MMC-yə İmişli rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İmişli rayonunun Bəcirəvan kəndi ərazisindən Araz çayının Bəcirəvan kənd sahili istiqamətindən 6 ha torpaq sahəsi qum tikinti materialı istehsalı üçün icarəyə verilmişdir. "xxxx" MMC 2015-ci ildən həmin ərazidə geniş qum istehsalına başlayaraq hər gün 50-100 kamaz və şaqman markalı yük maşını ilə qum istehsal edərək respublikanın paytaxtına və ayrı-ayrı rayonlara satış üçün göndərmişdir. İstehsal edilən və satılan qum tikinti materialının daşınması "xxxx" MMC-nin giriş-çıxış yolu üzərinə quraşdırılan müşahidə kamerası vasitəsilə qeydə alınmaqdadır. Ötən illər ərzində "xxxx" MMC, mədən vergisi haqqında qanunun əsaslarını pozmaqla vergi bəyannaməsi təqdim etməmiş, mədən vergisini yerli büdcəyə Bəcirəvan bələdiyy əsinin hesabına ödəməmişdir. 2018-ci ildən AZE MMC fəaliyyətini daha da, genişləndirmiş, lakin, istehsal edərək satdığı qum tikinti materialına görə mədən vergi borcunu ödəməkdən yayınmaqda davam etmişdir. 2019-cu ilin sonu 2020-ci ilin əvvəllərinə aid bir neçə ay üçün mədən vergi bəyannaməsini qismən təmin etməklə hər ay üçün 3000 (üç min) manat mədən vergisini Bəcirəvan bələdiyyəsinin büdcəsinə ödəmiş, lakin, bir neçə ay mədən vergisi istisna edilməklə istehsalçı müəssisə vergidən yayınmanı davam etdirmişdir. Bəcirəvan bələdiyyəsi və Bəcirəvan kənd ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq əraziyə baxış keçirilmiş, səyyari aktlar tərtib edilmiş, aidiyyatı orqanlara AZE MMC-nin mədən vergi borcundan yayınmasının qarşısının alınması ilə bağlı müraciətlər edilmişdir. Bəcirəvan bələdiyyəsi müvafiq iclas qərarı ilə AZE MMC-nin 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat mədən vergi borcunun olmasına dair qərar qəbul etmiş və qərarın icra olunması üçün İmişli icra və probasiya şöbəsinə göndərmişdir. Lakin, cavabdeh həmin qərardan Şirvan İnzibati Məhkəməsində iddia tələbi irəli sürməklə mədən vergi borcunu ödəməmək üçün müxtəlif dolayısı yollarla vaxt əldə etmişdir. Eyni zamanda növbəti aylar üçündə AZE MMC istehsal etdiyi qum tikinti materialına görə mədən vergisini və mədən vergi borcunu ödəməmiş AZE MMC- nin qum karxanasının giriş-çıxış yolunun kənarını quraşdırılan müşahidə kamerası AZE MMC-nin hər gün 50-100 şaqman və kamaz markalı yük maşınları ilə qum karxanasında yüklənərək qum aparmasını müşahidəyə almışdır. Bəcirəvan bələdiyyəsi bundan sonra yenə səyyari aktlar tərtib etmiş, aidiyyatı orqanlara istehsalçı müəssisənin mədən vergisini ödəməsi üçün qanuna müvafiq hərəkətlər etməyə çağırmışdır. İmişli rayon Bəcirəvan bələdiyyəsi növbəti iclas protokolu tərtib edərək 2020-ci ilin son 3 ayı və 2021-ci ilin İ rübü üçün qum istehsal edən AZE MMC-yə məxsus qum karxanasının 306.920 (üç yüz altı min doqquz yüz iyirmi) manat mədən vergi borcunun olmasına dair qərar qəbul etmişdir. İclas qərarı protokollaşmış, cavabdehə və aidiyyatı orqanlara ən başlıcası isə İddiaçınə göndərilmişdir. İstehsalçı müəssisə bundan sonrada istehsal etdiyi və satdığı qum tikinti materialına görə mədən vergisini ödəmir və mədən vergi bəyannaməsi təqdim etmir. xx.xx.2021-ci il tarixdə 04 saylı qərarla Bəcirəvan bələdiyyəsi AZE MMC-nin giriş-çıxış yolunun üzərinə şlaqbaunun qoyulması və mədən vergisindən yayman AZE MMC-nin mədən vergisini operativ olaraq yerindəcə alınması üçün tədbirlər görməsinə dair protokol tərtib etmişdir. xx.xx.2021-ci il tarixli 127 İN saylı məktubla Bəcirəvan bələdiyyəsinə İddiaçı təklif məktubu göndərmiş və təklifdə xx.xx.2021-ci il tarixli 04 saylı iclas qərarının ləğv edilməsini tövsiyyə edərək AZE MMC-nin vergidən yayınmasına sanki, bilərəkdən kömək etməyə çalışmışdır. Bununla yanaşı xx.xx.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyinin İddiaçı rəisi X6 bələdiyyəsinin növbəti iclas protokollarınında geri qaytararaq ləğv edilməsini xahiş etmişdir. Bəcirəvan Bələdiyyəsi İddiaçı təkliflərini nəzərdən keçirərək ümumi iclasın qərarını yenidən təsdiq edərək İddiaçınə və digər aidiyyatı orqanlara göndərmişdir. Bəcirəvan bələdiyyəsinin əsas etirazı bununla bağlıdır ki, İddiaçı rəisi İsgəndər Orucov bilərəkdən yaxınlıq və dostluq münasibətlərinə görə AZE MMCnin əsl sahibi su təsərrüfatı və melorasiya ASC-nin sədr müavini Zakir Quliyevin, DİN-nin sabiq idarə rəisi Məhəbbət Hüseynovun vasitəçiliyi ilə İddiaçınə rəhbər vəzifəyə gətirilmiş və İsgəndər Orucov öz maraqlarını dövlət və ümumixalq mənafeyindən üstün tutmaqla AZE MMC-nin mədən vergisindən və mədən vergi borcundan yayındırmaq öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda İsgəndər Orucovun iddiasının bir əsassızlığıda onunla bağlıdır ki, AZE MMC-nin yolu üzərinə qoyulması qərara alınmış şlaqbaun kənd sakinlərinin və fermerlərin giriş-çıxışını və hüququnu məhdudlaşdırmır, sadəcə olaraq İsgəndər Orucov AZE MMC-nin maraqlarını müdafiə etdiyindən və AZE MMC-nin rəhbərliyi qarşısında öhdəlik götürdüyündən Bəcirəvan bələdiyyəsinə qarşı qanunsuz hərəkətlər etməkdədir. Bundan başqa İsgəndər Orucovun İddiaçı adından Şirvan İnzibati Məhkəməsində qaldırdığı xx.xx.2021-ci il tarixli 04 saylı Bəcirəvan bələdiyyəsinin iclas qərarının ləğv edilməsinə dair iddiası bununla əsassız hesab edilməlidir ki, İddiaçı həmin qərar barədə tövsiyyəni Bəcirəvan bələdiyyəsinə göndərmiş. Bəcirəvan bələdiyyəsi tövsiyyəni nəzərə almaqla məsələni iclasın gündəliyinə yenidən daxil etmiş, iclasın sədri Məmi Atakişiyev, katibi isə bələdiyyənin müavini Əfsər Fərzəliyev olmaqla yeni qərar qəbul edilmiş, lakin, AZE MMC-nin giriş-çıxış yolunun üzərinə kamera müşahidə aparatının yaxınlığını şlaqbaunun qoyulması qüvvədə saxlanılmışdır. Əraziyə İmişli rayon icra hakimiyyətindən, ərazi idarəetmə şöbəsinin rəisi Mirzə Quliyev tərəfindən baxış keçirilmiş, kənd sakinlərinin və fermerlərin giriş-çıxışının ərazidə məhdudlaşdırılmaması və hüquqlarının pozulmasına gətirib çıxaran halların olmaması qeydə alınmamışdır. Ümumiyyətlə həmin yol yalnız AZE MMC-yə məxsusdur, digər dolayısı yollarla İddiaçı hərəkət və hərəkətsizliyi AZE MMC-nin mədən vergisindən və mədən vergi borcunu ödəməkdən yayınmağa xidmət edir. Qeyd olunanlara əsasən İddiaçı, Bəcirəvan bələdiyyəsinə qarşı irəli sürdüyü, Bəcirəvan bələdiyyəsinin xx.xx.2021ci il tarixli 04 saylı qərarının ləğv edilməsinə dair iddia tələbi rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçınə və cavabdeh İmişli rayon Bəcirəvan bələdiyyəsinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndələsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X3 iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunun tələblərinə zidd olan inzibati aktların (qərarların) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.8-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxılır. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclas protokolu İddiaçınə təqdim edilmiş, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə nöqsanların aradan qaldırılması və protokolun mübahisələndirilən hissəsinin qanuniliyinin yenidən müzakirə edilməsi məqsədilə cavabdeh İmişli rayon Bəcirəvan bələdiyyəsinə təklif məktubu göndərilmiş, bələdiyyənin xx.xx.2021-ci il tarixli, 06 nömrəli fövqəladə iclas protokolu ilə qeyd edilən qərar qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən mümkünlük şərtlərinə əməl olunaraq xx.xx.2021-ci il tarixdə cavabdeh İmişli rayon Bəcirəvan bələdiyyəsinə qarşı “İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə aktının ləğv edilməsi” tələbinə dair iddia qaldırılmışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, cavabdeh İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə aktı qanuna zidd olduğu üçün iddiaçı həmin qərarların ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan İmişli rayonu Bəcrəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli protokolundan görünür ki, İmişli rayonu Bəcrəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli protokolu ilə "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yolu sayılan hissədə şlaqbaun quraşdırılması və qərara əsasən yerindəcə mədən vergi borcu ödənildikdən sonra yük maşınlarının ərazini tərk etməsinə icazə verilməsi qərara alınmışdır. İşdə olan İmişli rayonu Bəcrəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 06 nömrəli protokolundan görünür ki, İmişli rayonu Bəcrəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli protokolunun ikinci məsələsi qüvvədə saxlanmışdır. İşdə olan İddiaçı İmişli rayonu Bəcrəvan Bələdiyyəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 154 nömrəli məktubundan görünür ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 6-cı bəndində göstərilir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmin Qanunun 48-ci maddəsinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Qeyd olunanlara əsasən bələdiyyənin iclas protokolu göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə geri qaytarılır. İşdə olan İmişli rayon Bəcrəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında vergi borcunu ödəməkdən yayınan İmişli rayon Bəcirəvan kəndi ərazisində fəaliyyət göstərən VÖEN № ********** olan AZE” MMC- nin mədən vergisi üzrə yaranmış ******* (üç milyon iki yüz otuz səkkiz min) manat mədən vergisi borcunun ödənilməsi barədə qərar İmişli rayon İcra və Probasıya şöbəsinə tədbir görülməsi üçün göndərilsin. İşdə olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icaata başlama haqqında qərarından görünür ki, İmişli rayonunun Bəcrəvan kənd ərazisində fəaliyyət göstərən "xxxx" MMC-dən 3.238.000 manat məbləğində pul vəsaiti tutularaq İmişli rayon Bəcrəvan bələdiyyəsinin hesabına ödənilməsinə dair icra işi üzrə icraata başlanmışdır. İşdə olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icaata başlama haqqında qərarından görünür ki, borclu "xxxx" MMC-dən 300.920 manat mədən vergisinin tutulub İmişli rayon Bəcrəvan bələdiyyəsinin hesabına ödənilməsinə dair icra işi üzrə icraata başlanılmışdır. İşdə olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icaata başlama haqqında qərarından görünür ki, borclu "xxxx" MMC-dən 397.190 manat mədən vergisinin tutulub İmişli rayon Bəcrəvan bələdiyyəsinin hesabına ödənilməsinə dair icra işi üzrə icraata başlanılmışdır. İşdə olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icaata başlama haqqında qərarından görünür ki, borclu "xxxx" MMC-dən 95610 manat mədən vergisinin tutulub İmişli rayon Bəcrəvan bələdiyyəsinin hesabına ödənilməsinə dair icra işi üzrə icraata başlanılmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri normativ aktların, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların, birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktların, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların, bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların, qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 1ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir («Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunu maddə 1, 3.1, 5.0.1, 6.0, 8.3, 8.4, 8.5). Məhkəmə qeyd edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda İnzibati nəzarət icraatının başlanması üçün əsas olur. İnzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli qərarı Vergi Məcəlləsinin 208.6-cı maddəsinin tələblərinin pozulmasına əsasən qəbul edilmişdir. Qəbul olunmuş inzibati aktın üçüncü şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, qərarda göstərilən dəlillərlə bağlı üçüncü şəxsin özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş və qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər: - bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Belə ki, məhkəmə hesab edir ki, İmişli rayonu Bəcrəvan bələdiyyəsi "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə xx.xx.2021-ci il tarixli, 04 saylı qərarı "xxxx" MMC-nin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, üçüncü şəxsin icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar üçüncü şəxsdən hər hansı izahat və ya sübut tələb edilməmişdir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş verməmiş, bu qərarın yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Məhkəmə qeyd edir ki, İmişli rayon Bəcrəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında vergi borcunu ödəməkdən yayınan İmişli rayon Bəcirəvan kəndi ərazisində fəaliyyət göstərən VÖEN № ********** olan AZE” MMC- nin mədən vergisi üzrə yaranmış ******* (üç milyon iki yüz otuz səkkiz min) manat mədən vergisi borcunun ödənilməsi barədə qərar İmişli rayon İcra və Probasıya şöbəsinə tədbir görülməsi üçün göndərilmiş və bundan sonra İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icaata başlama haqqında qərarı ilə İmişli rayonunun Bəcrəvan kənd ərazisində fəaliyyət göstərən "xxxx" MMC-dən 3.238.000 manat məbləğində pul vəsaiti tutularaq İmişli rayon Bəcrəvan bələdiyyəsinin hesabına ödənilməsinə dair icra işi üzrə icraata başlanmışdır. Məhkəmə, qanunvericiliyin yuxarıda təhlil olunmuş normalarına əsaslanaraq hesab edir ki, hazırki mübahisə predmeti olan qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş və onun mübahisə ilə bağlı fəaliyyəti qanuna zidd olmuşdur. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Məhkəmə, belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin, məhkəmə praktikasının tələbləri və yuxarıda qeyd edilənlər əsasında iddiaçı barəsində qəbul edilmiş qərar əsassız sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayonu Bəcrəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə qərarı ləğv olunmalıdır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İmişli rayonu Bəcrəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının "xxxx" MMC-yə məxsus qum karxanasının giriş və çıxış yoluna şlaqbaum qoyulması barədə qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar