Məhkəmə qərarları › İş №2-1(120)-910/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-910/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-910/2023 18.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının “Məmişov”dan “Mirzəbəyli”yə dəyişdirilməsi öhdəliyinin cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Saatlı rayonun Əbil kəndində anadan olmuş və həmin kənddə yaşayır. Ailədə 2 qardaşdılar. Qardaşının soyadı “Mirzəbəyli”, onda isə “Məmişov” qeyd olunmuşdur. Saatlı rayon Sarıcalar kənd icra nümayəndəliyinin 31 saylı, xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydində qardaşının soyadı valideynlərinin istəyi ilə babalarının (atasının atası) adına, əsasən, “Mirzəbəyli” qeyd olunmuşdur. Lakin onun doğumu qeydə alınarkən qanunvericiliyin dəyişdiyi əsas gətirilərək soyadı ata və anasının soyadına uyğun “Məmişov” qeyd olunmuş və Saatlı rayon Sarıcalar kənd icra nümayəndəliyində xx.xx.1998-ci il tarixli, 23 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Ailədə qardaşı ilə eyni soyadı daşımaq istədiyindən soyadının “Mirzəbəyli”-yə dəyişdirilməsi ilə bağlı Sabirabad Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Qeydiyyat şöbəsi ona imtina məktubu verərək, ərizəsinin icrasının mümkünsüz olduğunu bildirmiş, həmin məktubda- “sizin bəy nəslinə mənsub olduğunuzu təsdiq edən sənədlər olmadığından soyadınızı “Mirzəbəyli’’-yə dəyişdirməyimiz imkanımız xaricindədir, soyadınızın “Mirzəli”-yə dəyişdirilməsi məqsədəmüvafiqdir” sözlərini qeyd etmişdirlər. Bildirmək istəyir ki, bəy nəslinə mənsub olduğundan deyil, babasının adını yaşatmaq istədiyi üçün, qardaşı və digər əmisi uşaqları ilə eyni nəsil soyadı daşımaq istədiyindən bu soyadı qəbul etmək istəyir. Həmçinin, onu da qeyd edir ki, babası SSRİ dövründə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarında adı bəzi yerlərdə “Mirzəbək”, “Mirzabek” şəklində qeyd olunsa da, atasının və digər əmilərinin şəxsiyyət vəsiqələrində Azərbaycan dilinin orfoqrafik qanunlarına uyğun olaraq atalarının adı “Mirzəbəy” qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Saatlı rayon Sarıcalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixdə doğulmuş İddiaçı adına XXİ-ЖГ seriyalı 326740 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmiş və şəhadətnamədə onun valideynləri kimi X3 və X2 göstərilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, Saatlı rayon Sarıcalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixdə doğulmuş X1 adına XİX-ЖГ seriyalı 445280 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmiş və şəhadətnamədə onun valideynləri kimi X3 və X2 göstərilmişdir. İddiaçı soyadının “Məmişov”dan “Mirzəbəyli”yə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/771-76 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Sizin bəy nəslinə mənsub olması barədə sənədləriniz olmadığından soyadınızı “Mirzəbəyli”-yə dəyişməyimiz imkanımız xaricindədir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşlarınm sovadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Milli Məclisin 495 saylı, xx.xx.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmin qərarda “-bəyli” sonluğu nəzərdə tutulmadığından Sizin soyadınızı “Məmişov”-dan “Mirzəli”-yə dəyişməyiniz məqsədəmüvafıqdir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-lı”, “-li”, “-lu”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun soyad sonluğunun deyil, soyadın özünün dəyişdirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə cavabdehin Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli qərarına istinad etməklə qaldırılan məsələnin həllindən imtina olunması mövqeyi ilə razılaşmır. Çünki, iddiaçının istəyi soyadının “Məmişov”dan “Mirzəbəyli”yə dəyişdirilməsidir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir şəxs müvafiq hallar istisna olmaqla, soyadın seçimində sərbəstdir və bu, onun istəyindən asılıdır. Müvafiq hallar isə qanunvericiliklə (Qaydaların 6.5-ci bəndi) konkret müəyyən edilmişdir və məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçıya münasibətdə Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat olmadığı qeyd olunmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 18 yaşı tamam olmuş şəxs kimi soyadının birinci dəfə dəyişdirilməsi hüququna malik olduğundan (dəyişikliyin ilkin olmaması barədə tərəflər bildirməmişlər), qanunvericiliklə müəyyən edilmiş və soyadın dəyişməsini istisna edən hallar (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmə, götürülməmiş və ya ödənilməmiş məhkumluq, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi halları) ona münasibətdə mövcud olmadığından, cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İşin məhkəmə icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə surəti təqdim olunmuş ayrı-ayrı şəxslərə məxsus doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrində onların “Mirzəbəyli” soyadı daşıması məlum olur. Bu halın mövcudluğu iddiaçıya münasibətdə “bərabərlik” prinsipinin pozulması kimi qiymətləndirilə bilər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı soyadının “Məmişov”dan “Mirzəbəyli”yə dəyişdirilməsi öhdəliyi cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı soyadının “Məmişov”dan “Mirzəbəyli”yə dəyişdirilməsi öhdəliyi cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar