Məhkəmə qərarları › İş №2-1(120)-911/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-911/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-911/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-xx.xx.1996-cı illərdə işlədiyi dövrlərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlədiyi dövrlərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3072/2024 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-911/2025 saylı, qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, xx.xx.1991-xx.xx.1996-cı illərdə işlədiyi dövrlərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-ci il taixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırkı Lənkəran şəhərində yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olmaqda orada yaşayır. İlk əmək fəliyyətinə xx.xx.1973-cü ildə başlamış və xx.xx.1996-cı il tarixədək mülki sahədə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən Lənkəran “MMTT” zavodundan işdən azad olunmuşdur.xx.xx.1996-cı il ildən MTN Sərhəd Qoşunlarından gizir qismində həqiqi hərbi xidmətə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdə isə xidmət müddətini başa çatdığı üçün ehtiyata buraxılmışdır. 20 may 2004-cü il taixdə Lənkəran məişət Təmir “ATSC”-nə radio televizor ustası kimi işə qəbul olunmuş və 05 yanvar 2017-ci il tarixdə müqavilə müddəti başa çatdığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən işdən azad olunmuş, 23 may 2017-ci il tarixdə "xxxx" MMC-nin X4 elektrik vəzifəsə iş qəbul olmuşdur. 23 may 2017-ci il tarixdə öz ərizəsi əsasında həmin işdən azad edilmişdir. 19 fevral 2018-ci il tarixdə "xxxx" MMC-də Elektrik vəzifəsinə işə qəbul olunmuşdur. Hal-Hazırda da həmin vəzifədə çalışır. Bütün bu sadalanan əmək fəaliyyətin işə girmə və işdən azad olma əmrləri ona məxsus ola əmək kitabçalarında qeyd olunmuşdur. Yaşa görə ona təyin edilmiş 240 manat minimum əmək pensiyasının yenidən hesablanması və minimum 25 il iş stajının əlavələrinin hesablanmaqla 33 il iş üzrə hər il üçün əlavə ödənişin təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi filialı vasitəsi ilə dəfələrlə (nümayəndəsi vasitəsilə) müraciət etsə də onun müraciətlərinə müsbət nəticə verilməmiş və onun əmək pensiyasi yenidən hesablanmaqla illər üzrə əlavələr hesablanıb ona ödənilməmişdir. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi iş stajı 2006-ci ilədək 33 il təşkil edir. Lakin cavabdeh təşkilatın ona qeyri-rəsmi rəsmi olaraq verdiyi cavabdanda ona əlavələrin hansı səbəbdən hesablanmamasının müəyyən etməklə ona rəsmi cavab da verilməmişdir. Beləliklə cavabdeh təşkilat tərəfindən həmin stajın hesablanmaması barədə qərar qəbul edilmişdir. Ona görədə hüquqlarının bərpa edilməsi və pensiyasının yenidən hesablanmaqla ona təyin edilməsindən ötrü hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair 2- 1(120)-3072/2024 nömrəli inzibati iş vardır. Hesab edirik ki, icraatınızda olan 2-1(120)- 3072/2024 nömrəli iş üzrə iddia təiəbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İlk olaraq məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və 337,77 manat məbləğində olmaqla ödənişi davam etdirilir. İddiaçı 05 sentyabr 2024-cü il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına müraciət etmişdir. Qeyd edilən müraciətə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialında baxılmış və həmin Filial tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydində kiriİ qrafikalı möhürdən istifadə olunub, həmçinin səlahiyyətli şəxsin ad. soyadı və imzasında qaralama olduğu üçün oxunaqlı deyil) həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır, buna əsasən də sözügedən dövlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasının müsbət həlli mümkün deyildir. Bundan əlavə olaraq, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14105,09 manat pensiya kapitalı (2021-ci il üzrə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanmış və məbləğində (337,77 manat) dəyişiklik olmamışdır. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonrasığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib). Həmin Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22- 1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədlərin surətinə və əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixə kimi mübahisələndirilməyən əmək fəaliyyəti dövrü - 23 il 10 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən - 25 ildən azdır. İddiaçının mübahisələndirilən əmək fəaliyyyəti dövrü xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərdir. Belə ki, həmin dövrün doldurulma qaydası pozulduğundan (işdən çıxma qeydində kiril qrafikalı möhürdən istifadə olunub, həmçinin səlahiyyətli şəxsin ad, soyadı və imzasında qaralama olduğu üçün oxunaqlı deyil), yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun tərtib edilmədiyindən həmin dövrlərin faktiki sosial sığorta stajına daxil edilməsi və buna əsasən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi” Qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qərarın 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Həmçinin 2006-cı ilin 1 yanvar tarixədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. Nəticə olaraq təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək faəliyyəti dövrləri, o cümlədən 06,05.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət. xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla, İddiaçı 01.01,2006-cı il tarixə kimi faktiki sığorta stajı 23 il 10 ay təşkil etdiyi halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Beləliklə, İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən dövlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-3072/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə- Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Lənkəran şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Lənkəran şəhərində qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş Bağırov X1 şəhəri, M.Ağayev küçəsi, ev 13-də qeydiyyatdadır. - İşdə olan İT-İ seriyalı, ******* saylı, xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.2018-ci illərdə müxtəlif yerlərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən və ona əlavə olunmuş poçt qəbzindən görünür ki, İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. - İşdə olan 1454 nömrəli atestatdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980ci il tarixədək əyani təhsil almışdır. - İşdə olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən 04,05.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhər "xxxx" ASC-də xx.xx.2001-ci il tarixində tərtib olunmuş əmr kitabından başqa əvvəlki illərə aid əmr kitabları və maaş cədvəlləri saxlanılmamışdır. xx.xx.2001-ci ildə tərtib olunmuş əmr kitabında Televizor ustası İddiaçı 05 yanvar 2017-ci il tarixində müqavilə müddətinin başa çatması ilə əlaqədar işdən azad olunma əmri vardır. O, əmrin surətini sizə ünvanlayıram. Lakin xx.xx.2017-ci ilə kimidə maaş cədvəlləri saxlanılmamışdır. - İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-2-13/2- 26869/2025 və xx.xx.2025-ci il tarixli, 3-21-2-13/2-26871/2025 nömrəli eyni məzmunlu məktublarında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)- 911/2025 nömrəli (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli, **********737400 nömrəli, xx.xx.2025ci il tarixli **********927100 nömrəli) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) qeydiyyatının və fəaliyyətinin olub-olmaması, sosial sığorta ödənişlərinin olub-olmaması, cəmiyyətin təsis (dövlət reyestrindən çıxarış, nizamnamə, şəhadətnamə, ümumi yığıncağın qərarı və s.) sənədlərinin təqdim olunması haqqında müraciətinə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, vergi orqanının arxivində saxlanılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus qeydiyyat iş qovluğunda olan sənədlərə əsasən onun xx.xx.1998-ci il tarixdə D-2734 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması, xx.xx.2004-cü il tarixdə vergi orqanında ********** saylı VÖEN-lə uçota alınması, hazırda fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. LƏNKƏRAN MƏİŞƏT-TƏMİR” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu il tarixdən xx.xx.2025-ci il tarixinədək 6 291,46 manat sosial sığorta və işsizlikdən sığorta ödənişi olmuşdur. Əlavə olaraq qeyd edək ki, Cəmiyyətin təsis sənədləri Sizə göndərilir. Həmçinin qeyd edək ki, Cəmiyyətin 2019-cu ildən əvvəlki dövrlər üzrə DSMF ödənişləri barədə məlumatların Sizə təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 3-21-2-13/2-26869/2025 nömrəli məktubla aidiyyəti üzrə Dövlət Sosial Müdafə Fonduna müraciət olunub. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.1996-cı illərdə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisə tərəfindən xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulması (işdən çıxma qeydində kiriİ qrafikalı möhürdən istifadə olunub, həmçinin səlahiyyətli şəxsin ad. soyadı və imzasında qaralama olduğu üçün oxunaqlı deyil) aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1991xx.xx.1996-cı illərdə işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1991-xx.xx.1996-cı illərdə işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisə tərəfindən əmək kitabçasının doldurulma qaydası pozulması səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1991-xx.xx.1996-cı illərdə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən əmək kitabçasının doldurulma qaydası pozulması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.1991-xx.xx.1996-cı illərdə işlədiyi illərlə bağlı müəssisə tərəfindən əmək kitabçasının doldurulma qaydasının pozulması (işdən çıxma qeydində kiriİ qrafikalı möhürdən istifadə olunub, həmçinin səlahiyyətli şəxsin ad. soyadı və imzasında qaralama olduğu üçün oxunaqlı deyil) iddiaçının xx.xx.1991-xx.xx.1996-cı illərdə işləməməsi kimi qiymətləndirilməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh inzibti orqan tərəfindən iddiaçının həmin müəssəsdə işləməməsini başqa mötəbər sübutla sübuta yetirə bilməmişdir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1991-xx.xx.1996-cı illərdə işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1991-xx.xx.1996-cı illərdə işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar