Məhkəmə qərarları › İş №2-1(120)-915/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-915/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-915/2020 10.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X8 Biləsuvar rayon şöbəsinə qarşı «sosial sığorta stajı nəzərə alınaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxx 1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X8 Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli **********6 saylı məktubunda təqdim etdiyi əmək kitabçasında olan sığorta stajının X5 xx.xx.2019-cu il tarixli arayışına əsasən cəmiyyətin 1997-1998-1999-cu illərə aid sənədləri saxlanılmadığından həmin dövrdə olan sığorta stajının düzgünlüyünün yoxlanılıb təsdiq edilməsinin mümkün olmadığını və X1 stajı nəzərə alınmadan 1973- 1996-cı illərdə hərbi xidmət dövrü əlavə edilməklə 23 il 3 ay sığorta stajının olduğunu qeyd edərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1997-xx.xx.1998-ci illərdə X6 işlədiyi dövrün sığorta stajı kimi hesablanaraq ona əmək haqqına uyğun hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, 1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrlər əmək kitabçasında qeyd olunmuşdur. O, ərizə ilə Dövlət X8 Biləsuvar rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Həmin şöbənin xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına müəyyən edildiyi əsas gətirilərək xx.xx.1997-xx.xx.1998-ci illərə dair iş dövrünə dair sığorta stajının düzgünlüyünü müəyyən etmək mümkün olmadığına əsasən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə 1970, 1981-1996-cı illərdə Biləsuvar rayon (keçmiş Puşkin) Quşçuluq fabrikində və Əzizbəyov kolxozunda işləməyi barədə xx xxxxxx 2019-cu il tarixli arxiv arayışında qeyd olunan faktiki adam günü normaları və xx.xx.1997-xx.xx.1998-ci illərdə X6 işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(120)-915/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə 1970, 1981-1996-cı illərdə Biləsuvar rayon (keçmiş Puşkin) Quşçuluq fabrikində və Əzizbəyov kolxozunda işləməyi barədə xx xxxxxx 2019-cu il tarixli arxiv arayışında qeyd olunan faktiki adam günü normaları və xx.xx.1997-xx.xx.1999-cu illərdə X6 işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(120)-915/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X8 Biləsuvar rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********6 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Biləsuvar rayon şöbəsində İddiaçı sığorta stajı barədə təqdim etdiyi sənədlərə şöbədə baxılmışdır. xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı əmək kitabçasında 1997-1999-cu illərdə olan sığorta stajının yoxlanılması zərurəti yaranmış, lakin X5 xx.xx.2019-cu il tarixli arayışına əsasən cəmiyyətin 1997-1998- 1999-cu illərə aid sənədləri saxlanılmadığından sığorta stajının düzgünlüyünü yoxlayıb təsdiq etmək mümkün olmadığı üçün X2 həmin illəri sığorta stajı kimi nəzərə alınmadan İddiaçı 1973-1996-cı illərdə hərbi xidmət dövrü əlavə edilməklə 23 il 3 ay sığorta stajı vardır. Bu səbəbdən yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü tələb olunan sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. X9 xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta ödəyicisi kimi şöbədə qeydiyyatda olmuş, lakin verilən rüblük MDSS haqqı hesabatlarında işçi saylı göstərilmədiyindən vətəndaşın müəssisədə işləməsi qeyri-müəyyən olduğundan, 1997, 1998, 1999-cu illəri İddiaçı sığorta stajı kimi nəzərə almaq mümkün deyildir. 1980- 1996-cı illərdə «Əzizbəyov» adına kolxozda kişilər üçün 1 illik adam-gün norması 250 gün təşkil edir. Cavabdeh Dövlət X8 Biləsuvar rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının təsdiq olunmuş surətini, Biləsuvar Rayon İHB-nin Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Biləsuvar rayon Dövlət Arxivinin arxiv arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan X9 Biləsuvar rayon Bölməsinin məktubu və əmrlərindən çıxarışlar əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X10 Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X10 adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1954-cü il tarixdə doğulmuşdur. xx xxx 2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuşdur. İddiaçının xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd olunan digər iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının xx.xx.1975xx.xx.1977-ci illərdə Biləsuvar rayonu Quşçuluq fabrikində və 1980-1996-cı illərdə «Əzizbəyov» adına kolxozda işləməsi Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında öz əksini tapır. Lakin iddiaçının 1970-ci ildə işləməsi Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında və digər sənədlərdə öz əksini tapmır. Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1980-ci ildə faktiki adam günü 206 gün, 1981-ci ildə faktiki adam günü 270 gün, 1982-ci ildə faktiki adam günü 290 gün, 1983-cü ildə faktiki adam günü 281 gün, 1984-cü ildə faktiki adam günü 283 gün, 1985-ci ildə faktiki adam günü 274 gün, 1986-1987-ci illərdə faktiki adam günü 290 gün, 1988-ci ildə faktiki adam günü 271 gün, 1989-cu ildə faktiki adam günü 324 gün, 1990-cı ildə faktiki adam günü 364 gün, 1991-ci ildə faktiki adam günü 311 gün, 1992-ci ildə faktiki adam günü 364 gün, 1993-cü ildə faktiki adam günü 319 gün, 1994-1995-ci illərdə faktiki adam günü 296 gün və 1996-cı ildə faktiki adam günü 261 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1980-1996-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət X8 Biləsuvar rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********6 saylı məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, 1980-1996-cı illərdə «Əzizbəyov» adına kolxozda kişilər üçün 1 illik adam-gün norması 250 gün olmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1981-1996-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 16 il hesablanmalıldır. 1980-ci ilə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 206 × 12 = 2472/250≈9 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1980-1996-cı illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 16 il 8 ay iş stajına malik olduğu müəyyən edilir. İddiaçının xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan X9 Biləsuvar rayon bölməsində işləməsi ona məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçası ilə təsdiq olunur. Həmçinin iş materiallarında olan X9 Biləsuvar rayon şöbəsi üzrə 06 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx xxx 1997-ci il tarixdən X4 anbardar vəzifəsinə təyin edilmişdir. 08 nömrəli əmrdən çıxarış ilə isə müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1999-cu il 08 saylı X6 ərizəsi nəzərə alınaraq tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, hərbi xidmət müddəti, əmək kitabçasında qeyd edilən digər iş illəri, həmçinin Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçının Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə və xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan X9 Biləsuvar rayon bölməsində işləməsi barədə xx.xx.1973-cü il tarixli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona xx xxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, 1970-ci ildə işləməsi Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında və digər sənədlərdə öz əksini tapmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Həmçinin məhkəmə iddiaçının 1980-1996-cı illərdə Biləsuvar rayonu «Əzizbəyov» adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasına münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışını və xx.xx.1973-cü il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə və xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan X9 Biləsuvar rayon bölməsində işləməsi barədə xx.xx.1973-cü il tarixli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona xx xxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq (aldığı müavinət çıxılmaqla) yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X8 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia qismən təmin edilsin. İddiaçı Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 288 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə və xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan X9 Biləsuvar rayon bölməsində işləməsi barədə xx.xx.1973-cü il tarixli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona xx xxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq (aldığı müavinət çıxılmaqla) yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X8 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulsun.

2. İddia qalan hissədə təmin edilməsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar