Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-918/2021 20.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 (Neftçala şəhəri, S.Vurğun küçəsi, ev 80 A-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamının ləğv edilərək Cavabdeh başçısının 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədilə Neftçala rayonu ərazisindəki 9 saylı qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş 150 hektar torpaq sahəsindən icarəçi olaraq istifadə hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə ünvanlayaraq, Cavabdehnə qarşı Cavabdeh başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamının ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli qərardadına əsasən iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki 9 saylı qış-otlaq sahəsindən 150 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədlərin hazırlamıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinə tapşırılmışdır. Sərəncama uyğun olaraq Cavabdeh başçısı ilə 01.05.2009-cu il tarixli, 04 saylı Torpağın icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. Sərəncama əsasən torpaq sahəsinin sərhəddi yerdə (naturada) işarə qoymaqla müəyyən edilmiş və istifadə hüququna dair şəhadətnamə verilmişdir. Akt əsasında torpaq sahəsi ölçülərək ona təhvil verilmişdir. Həmin tarixdən torpaq sahəsi təyinatı üzrə onun istifadəsində olmuşdur. Eyni zamanda, Cavabdeh Başçısının digər sərəncamı ilə adı çəkilən torpaq sahəsinin ona icarəyə verilməsinə dair Cavabdeh Başçısının 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamı və 01.05.2009-cu il tarixli, 04 saylı icarə müqaviləsi ləğv edilərək torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Hesab edir ki, Cavabdeh Başçısının adıçəkilən sərəncamı əsassızdır. Bu səbəbdən də ləğv edilməlidir. Belə ki, qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki 9 saylı qış-otlaq sahəsindən 150 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Cavabdeh Başçısının 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamına əsasən bağlanılmış 01.05.2009-cu il tarixli, 04 saylı torpağın icarəyə verilməsinə dair müqavilə öhdəliklərini heç bir zaman pozmamışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, bütün ödənişləri vaxtında ödəmiş və torpaq sahəsinin istifadəsi ilə bağlı heç bir qanun pozunlusuna yol verməmişdir. Belə olan halda Cavabdeh Başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə istifadəsində olan torpaq sahəsindən istifadə hüququna xitam verilməsi əsassızdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Neftçala rayonu İcra Hakimiyyəti başçısının 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamı ilə Lerik rayonu Pirəsora kənd sakini İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədilə Neftçala rayonu ərazisində 9 saylı qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş, 150 hektar torpaq sahəsindən istifadə hüququna Rayon İcra Hakimiyyəti başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə xitam verilmişdir. Xitam sərəncamından çıxarış poçt vasitəsi ilə Lerik rayonu Pirəsora kənd sakini İddiaçı ünvanına göndərilmişdir. 12.07.2016-cı il tarixdən hazırki dövrə qədər icarə hüququ ilə İddiaçı icarəsində olmuş və icarə hüququna xitam verilmiş 150 hektar torpaq sahəsindən hər hansı bir fiziki və hüquqi şəxsin istifadə edilməsi müəyyən edilməmiş, həmin ərazidən torpaq sahəsinin icarəyə verilməsi həyata keçirilməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Mübahisəli sərəncamı 12.07.2016-cı il tarixdə qəbul olunmuşdur. İddiaçının vəkili 02 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı 2021-ci ilin mart ayında icarə hüquqlarının qeydiyyatı ilə bağlı sənədləşdirmə işləri aparmaq istəyərkən 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamdan məlumatı olmuş və dərhal Şirvan İnzibati Məhkəməsində hazırkı iddianı qaldırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsi 2009-cu ildən hal-hazıradək iddiaçının istifadəsindədir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) 12.07.2016-cı il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 12.07.2016-cı il tarixli, 67 saylı sərəncam qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ona aid hissədə ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cavabdeh 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qoyunçuluqla məşğul olmaq məqsədilə rayonun 9 saylı qış-otlaq ərazisindən 150 hektar örüş torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 01.05.2009-cu il tarixli, 04 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamı ilə İddiaçı 15 il müddətinə icarəyə verilmiş 150 hektar örüş torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında torpaq icarə müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Cavabdeh 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Neftçala rayonu üzrə qış-otlaq təyinatlı X3 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələrinin (aşağıda adları qeyd olunan: İddiaçı) icarədarlarının torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh 25.05.2021-ci il tarixli, HŞ-968 nömrəli məktubunda qeyd edilmişdir ki, icarə müqaviləsinə xitam verilmiş 150 hektar torpaq sahəsi digər şəxsə icarəyə verilməmişdir. İş materiallarında olan Cavabdeh 24.06.2021-ci il tarixli, SİİTPŞ-1160 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu İcra Hakimiyyəti başçısının 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamı ilə Lerik rayonu Pirəsora kənd sakini İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədilə Neftçala rayonu ərazisində 9 saylı qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş, 150 hektar torpaq sahəsindən istifadə hüququna Rayon İcra Hakimiyyəti başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə xitam verilmişdir. Xitam sərəncamından çıxarış 09.08.2016-cı il tarixli SİİTPŞ-nin 891 nömrəli məktubla poçt vasitəsi ilə Lerik rayonu Pirəsora kənd sakini İddiaçı ünvanına göndərilmişdir. 12.07.2016cı il tarixdən hazırki dövrə qədər icarə hüququ ilə İddiaçı icarəsində olmuş və icarə hüququna xitam verilmiş 150 hektar torpaq sahəsindən hər hansı bir fiziki və hüquqi şəxsin istifadə etməsi müəyyən edilməmiş, həmin ərazidən torpaq sahəsinin icarəyə verilməsi həyata keçirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 01.04.2009-cu il tarixli, 51A saylı sərəncamı İddiaçı qoyunçuluqla məşğul olmaq məqsədilə rayonun 9 saylı qış-otlaq ərazisindən 150 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə bir sıra icarədarın torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Həmin şəxslərdən biri də İddiaçıdır. Hazırda iddiaçı Cavabdeh 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi Cavabdeh 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə İddiaçı torpaqdan istifadə hüquqa xitam verilmişdir. Cavabdehin nümayəndəsinin izahatından müəyyən olunur ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas iddiaçının həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməməsi, başqa sözlə, icarə müqaviləsinin şərtlərinə əməl etməməsidir. Məhkəmənin qənaətinə görə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edibetməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib-etməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə qeyd etməlidir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları(torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən,eləcə də ”Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli,291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış 01.05.2009-cu il tarixli icarə müqaviləsinin 2.14-cü bəndinə görə tərəflər müqavilə qaydalarını pozduqda “...müvafiq orqanlara və ya məhkəmə qaydasında iddia qaldırılır...” Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Digər tərəfdən, qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləlilkə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı İddiaçı aid hissədə ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh başçısının 12.07.2016-cı il tarixli, 67 saylı sərəncamı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-918/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-918/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver