Məhkəmə qərarları › İş №2-1(120)-92/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-92/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-92/2021 04.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 (Şəki şəhəri, S.Mümtaz küçəsi ev 2/12-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1962-cı il tarixdə doğulmuş, Füzuli rayonu, Aşağı Aybasanlı kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli, **********8 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəyişərək, xx.xx.1990-cı il tarixdən xx xxxxxx 2004-cü il tarixədək Engels adına sovxozun uşaq baxçasında tərbiyəçi işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Füzuli rayonunun Aşağı Aybasanlı kəndində anadan olmuşdur. xx xxxxxxxx 1980-cı ildən xx xxxxxxxx 1981-ci il tarixədək Füzuli rayon “Mübariz” üzümçülük sovxozunda fəhlə, xx xxxx 1984-cü il tarixdən xx xxxxxxx 1990-cı il tarixədək “Mübariz” üzümçülük sovxozunun uşaq baxçasında müsiqi müəllimi, xx xxxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2004-cü il tarixədək Engels adına sovxozun uşaq baxçasında tərbiyəçi, xx xxxxxx 2004-cü il tarixdən halhazıradək 4 nömrəli uşaq baxçasında tərbiyəçi işləyir. İşlədiyi bu müddətlər əmək kitabçasında qeyd olunmuşdur. Füzuli rayon Dövlət Arxivinə müraciət etmiş, ona işlədiyi idarə və müəssisələrin arxiv sənədlərinin xx.xx.1993-cü ildə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilməsi barədə arxiv arayışı verilmişdir. Füzuli rayonundan məcburi köçkün düşmüşdür. 1994-2004-cü illərdə dondurulmuş əmək haqqı almışdır. xx xxxxxx 2004-cü il tarixdən hal-hazıradək Füzuli rayon Qayıdış 9 saylı qəsəbədə 4 saylı uşaq baxçasında tərbiyəçi işləyir. Yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin ona imtina məktubu göndərilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon Şöbəsinə qarşı "işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci i! iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiya təyin edilməsi üçün: 1) həmin uşağın sağlamlıq imkanları məhdudluğu məhz 8 yaşına qədər yaranmalı və 2) ana uşağın 8 yaşınadək qəyyumu təyin edilməlidir. Lakin 20 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışa əsasən Heydərova Günay Şahvələd qızının sağlamlıq imkanları məhdudluğu xx.xx.2000-ci il tarixdə müəyyən edilmişdir və həmin müayinə aktında G.Ş.Heydərovanın qəyyumu qismində anası yox, atası X4 qeyd edilmişdir. Yəni qeyd olunan tarixdən xx.xx.2011-ci il tarixədək olan dövr ərzində sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxs atası olaraq müəyyən edilmiş və əmək pensiyasına əlavələr edilmişdir. Məhz buna görə də İddiaçı sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etdiyinə görə yaşa görə pensiya hüququ yoxdur. İddiaçı "işlədiyi İllərin sığorta stajı kimi müəyyən edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 45.5.2-ci maddəsinə əsasən aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş, 25 il sosial sığorta stajı toplamış və onun xx.xx.2018-ci il tarixdən, yəni 56 yaş 6 aydan (x xxxx 2017-xx xxxx 2018-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 60 il 6 aydır, 5 il azaldıqda 56 yaş 6 aydan pensiya hüququ yaranır) yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 13214281 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Füzuli rayonunun Aşağı Aybasanlı kəndində anadan olmuş, Füzuli rayonu, Aşağı Aybasanlı kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1990-cı il tarixdən xx xxxxxx 2004-cü il tarixədək Engels adına sovxozun uşaq baxçasında tərbiyəçi işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azadılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu üçün sığorta stajının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 9 saylı Qayıdış qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 130 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Füzuli rayonu 9 saylı Qayıdış qəsəbəsi 113 nömrəli evdə yaşayır. 4 nömrəli körpələr evi uşaq baxçasında tərbiyəçi müəllimə işləyir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, Füzuli rayon sakini İddiaçı xx xxxxx 2018-ci il tarixdə sağlamlıq imkanı məhdud övladına qulluq etdiyi üçün beş il yaşa görə pensiyadan tez hüququ yaranmışdır. xx.xx.1980-cı il tarixdən xx xxxxxx 2006-cı il tarixə kimi 22 il 10 ay sığorta stajı vardır. İddiaçı təqdim etdiyi sənədlərdə 22 il 10 ay sığorta stajı vardır. Həmin illər mübahisə yaratmır. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 9 saylı Qayıdış qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı halhazırda Füzuli rayonu 9 saylı Qayıdış qəsəbəsi 113 nömrəli evdə yaşayır, qızı Heydərova Günay Şahvələd qızını xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi anası İddiaçı himayəsində olub. İşdə olan xx.xx.1993-cu il tarixli, XVİİ-ЖГ 436565 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Heydərova Günay Şahvələd qızı xx.xx.1993-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X4, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 9 saylı Qayıdış qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 47 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2004-cü ildən Füzuli rayonu Qayıdış qəsəbəsi 9, 4 saylı körpələr evi, uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyir. Qayıdış 9 qəsəbəsi 4 saylı körpələr evi uşaq bağçasında əvvəlki iş yerindən verilmiş şəxsi işinə əsasən qəbul edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu X9 Füzuli rayon filialının xx.xx.2020-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, Füzuli rayon Aşağı Seyidəhmədli kənd sakini Heydərova Günay Şahvələd qızı şöbədən xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci ilədək sağlamlıq imkanları məhdud uşaq kimi müavinət almışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Heydərova Günay Şahvələd qızının sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2000-ci il tarixdə müəyyən edilmişdir İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2011-ci il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Heydərova Günay Şahvələd qızına əlillik təyin edilmişdir. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 9 saylı Qayıdış qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 77 nömrəli arayışından görünür ki, Füzuli rayonu 9 saylı Qayıdış qəsəbəsi 113 nömrəli evdə yaşayan İddiaçı həqiqətən qızı Heydərova Günay Şahvələd qızını 8 yaşa qədər qulluq və tərbiyə etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X1 ilk dəfə xx.xx.2000-ci il tarixdə sağlamlıq imkanları məhdud övladı Heydərova Günay Şahvələd qızına qulluq etdiyinə görə (ailə üzvünə görə) əmək pensiyası təyin edilmiş və ona orta aylıq əmək haqqının 100%-i, 16 yaşına çatmamış əlil uşağına qulluq üçün 50%, əmək qabilyyəti olmayan ailə üzvünə görə 50% əlavələr edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində qeyd olunan iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1. Uşağın sağlamlıq imkanları məhdudluğunun olması 2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının övladı xx.xx.1993cü il təvəllüdlü Heydərova Günay Şahvələd qızının sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2000-ci il tarixdən (səkkiz yaşınadək) müəyyən edilmiş və iddiaçı sağlamlıq imkanları məhdud övladını 8 yaşa qədər tərbiyə etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1990cı il tarixdən xx xxxxxx 2004-cü il tarixədək Engels adına sovxozun uşaq baxçasında və xx.xx.2004-cü ildən pensiya hüqunun yarandığı tarixədək (xx.xx.2018-ci ilədək) Füzuli rayonu Qayıdış qəsəbəsi 9, 4 saylı körpələr evi (uşaq bağçasında) tərbiyəçi vəzifələrində işlədiyi müddət nəzərə alınmaqla tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Engels adına sovxozun uşaq baxçasında tərbiyəçi işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Engels adına sovxozun uşaq baxçasında tərbiyəçi işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar