Məhkəmə qərarları › İş №2-1(120)-92/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-92/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-92/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (Kürdəmir Rayon İcra Hakimiyyəti, "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən 30 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən 30 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-260/2024 nömrəli qərardadına əsasən, X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən 30 ha torpaq sahəsi üzərində icarə (mülkiyyət) hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Kürdəmir rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinin “X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən 30 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması və iş üzrə "xxxx" ASC zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/5477 nömrəli ekspert rəyi daxil olduqdan sonra iddiaçının tələbi əsasında Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 260/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 10/7072 nömrəli ekspert rəyi daxil olmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-92/2025 nömrəli qərardadına əsasən, Quşçuluq Kompleksi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxs "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək, göstərmişdir ki, iddiaçı Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının 08 iyun 2007-ci il tarixli 81 saylı sərəncamı ilə onun icarəsinə verilmiş 30 ha torpaq sahəsinin icarə (mülkiyyət hüququnun) qeydiyyata alınması barədə öhdəlik qoyulması barədə iddia qaldırmışdır. Həmin iddia mümkünsüzdür. Belə ki, həmin sərəncama artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X13 məhkəməsinə müraciət edərək iddiaçının icarəsinə verilmiş 30 ha torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsində olduğu üçün Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının 08 iyun 2007-ci il tarixli 81 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. X13 Məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iddiasının təmin edilməsi barədə 29 oktyabr 2009-cu il tarixdə 2/86-487/2009 saylı qətnamə qəbul edilmişdir. Kürdəmir Rayon İctra Başçısının 19 yanvar 2016-cı il tarixli sərəncamı ilə məhkəmənin yuxarıda göstərilən qətnaməsinin icra edilməsi məqsədilə X3 istifadəsinə (icarəsinə) 30 hektar torpaq sahəsi verilməsi barədə Kürdəmir rayon İcra Hakimyyərinin Başçısının 08 iyun 2007-ci il tarixli 81 saylı sərəncamı ləğv edilmişdir. Odur ki, iddianın mümkünlüyü haqqında məsələyə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, iddianın əsasını artıq 9 ildir ki, ləğv olunmuş sərəncam təşkil etdiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kürdəmir rayon X6 1990-cı il tarixli qərarı ilə müəssisəyə 200 hektar torpaq sahəsi ayrılmışdır. Daha sonra "xxxx" ASC 1997-ci il tərəfindən müəssisə özəlləşdirilərkən ona ayrılmış 200 hektar torpaq sahəsi ilə bir yerdə özəlləşdirilmiş, emissiya prospektində müəssisənin məlumatları hissəsində 200 hektar torpaq sahəsi göstərilmişdir. Özəlləşdirilmə prosesi həmin müəssisənin dəyəri torpaqla birlikdə dövlət büdcəsinə ödənilmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X13 məhkəməsinə müraciət edərək iddiaçının icarəsinə verilmiş 30 ha torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsində olduğu üçün Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının 08 iyun 2007-ci il tarixli 81 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. X13 məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iddiasının təmin edilməsi barədə 29 oktyabr 2009-cu il tarixdə 2/86-487/2009 saylı qətnamə qəbul edilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli məktublarla “hüquqi yardım” təqdim edilmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək hüzürü düşdüyü üçün məhkəmədə iştirak edə bilməyəcəkdir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən 30 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir və hüquqmüəyyənedici sənəd olaraq Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 81 saylı sərəncamı təqdim etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Şirvan Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, X13 Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli, 2/86-487/2009 saylı qiyabi qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2009-cu il tarixli məktubla Kürdəmir Rayon Məhkəmə İcraçıları Qrupuna göndərilmişdir. X13 Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli, 2/86-487/2009 saylı qiyabi qətnaməsi ilə cavabdeh Kürdəmir rayon Ərəbxana Bələdiyyəsi tərəfindən Laçın rayonu Çıraxlı kənd sakini X8 5 il müddətinə 35 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2001-ci il tarixli 2 nömrəli qərarı və icarə müqaviləsi, Laçın rayonu Çıraxlı kənd sakini X5 5 il müddətinə 25 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2008-ci il tarixli, 2 nömrəli qərarı və icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinin Kürdəmir rayon Ərəbxana kənd səkini X7ma 30 hektar torpaq sahəsinin uzunmüddətli icarəyə veri məsinə dair xx.xx.2007-ci il tarixli 81 nömrəli sərəncam, Kürdəmir rayon Ərəbxana kənd sakini X1 torpaq sahəsinin icarəyə məsinə dair sərəncamının etibarsız hesab edilməsi, "xxxx" səhmdar cəmiyyətinin istifadəsində olan dövlətə məxsus 200 ha torpaq sahəsində aparılan özbaşına tikinti işlərinin dayandırılması, Kürdəmir rayon Ərəbxana kənd sakini X4 tə'əfindən inşs edilmiş ölçüsü 4.0x5.0 metr olan çiy kərpicdən çoban evi və ölçüsü 6.0x15.0 metr olan mişar daşından ferma binasından ibarət özbaşına tikililər cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahələri əvvəlki vəziyyəllərine bərpa olunaraq dövlətə qaytarılması qət edilmişdir. Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 5 saylı sərəncamı ilə Kürdəmir rayonunun Ərəbxana kənd sakini X3 istifadəsinə (icarəsinə) 30 hektar torpaq sahəsi verilməsi barədə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 2007-ci il tarixli 81 saylı sərəncamı ləğv edilmiş və onunla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Sərəncamın surəti X3 vergi ödəyicisi kimi qeydiyyatdan çıxarılması üçün 9 saylı Ərazi Vergilər idarəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı olan ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Hazırkı iş materiallarına təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 2007-ci il tarixli 81 saylı sərəncamı təqdim edilmişdir, məhkəmə araşdırması nəticəsində müvafiq sərəncamın 2016-cı il tarixdə ləğv edilməsi müəyyən edilmişdir. Belə ki, Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılar göstərilmişdir: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İddiaçı mübahisəli torpaq sahəsi üzrə müvafiq ləğv edilmiş sərəncamdan başqa heç bir sənəd təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın qəbulunu cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə iddiaçının hər hansı bir subyektiv hüququ yaranmamışdır. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə, iddia mümkün sayılmamalıdır. Beləliklə, Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. İddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (Kürdəmir Rayon İcra Hakimiyyəti, "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən 30 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar