Məhkəmə qərarları › İş №2-1(120)-920/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-920/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-920/2022 18.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan zabit baş leytenant İddiaçı 2000-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini İstehkamçı-mühəndis ixtisası üzrə bitirmişdir. 2000-ci ildən 2002-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmət etmiş, 2003-cü ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “B” bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata təxris edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 may 2003-cü il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmü dəyişdirilərək haqqında AR CMnin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunmuşdur. Salyan rayon məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarı ilə barəsində olan şərti məhkum etmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsində etimad göstərilib çağırılaraq növbəti dəfə xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Bunun üçün Ağdam uğrunda, Suqovuşan uğrunda və Cəsur döyüşçü medalları ilə təltif edildmişir. Talış kəndi istiqamətində döyüş gedişatında 3-cü döyüş yol təminatının təşkilində, N saylı hərbi hissənin N nömrəli döyüş mövqeyinin sağ, Polad postunun isə döyüş mövqeyinin sol cinahı istiqamətində düşmən tərəfindən qurulmuş tank əlehinə mina sahəsindən tankların çıxarılmasında, Suqovuşan gölünün sol cinahının döyüş gedişatında minalanmasında öz qrupu ilə şəxsən iştirak etmişdir. Ermənistan kapitulyasiya aktına imza atandan sonra isə 585 yüksəkliyindəki postu daha əlverişli istiqamətə mina axtaran dəsti ilə şəxsən irəli çəkmiş və həmin yüksəklikdən postun təşkili və qurulmasında iştirak etmişdir. Barambat meşəsi istiqamətində yolun çəkilməsində öz qrupu ilə şəxsən iştirak etmişdir. Vətən Müharibəsi zamanı və daha sonra da rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən zabitlərdən biri olmuşdur. Hal-hazırda da ehtiyatda olmasına baxmayaraq rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən ehtiyatda olan zabitlərdən biridir. xx.xx.2021-ci il tarixində isə təkrar ehtiyata buraxılmışdır. İstehkamçı ixtisasını yüksək səviyyədə bilən zabitlərdəndir, istehkamçı zabit kimi bilik və təcrübəsinə arxalanır. Yuxarıda qeyd etdiyi xidmətlərini keçdiyi döyüş yolunu rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən zabit olduğunu nəzərə alaraq onu istənilən bölgədə işğaldan azad edilmiş torpaqlarda xidmətə təkrar bərpa edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı iddia ərizəsində, xx.xx.2020-ci il tarixdə başlayan Vətən müharibəsində hərbi xidmətə çağrıldığını, xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başladığını və xx.xx.2021-ci il də ehtiyata buraxıldığını göstərərək məhkəmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edirik ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasında “qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən göndərilmiş baş leytenant İddiaçı Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0762 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün minatəmizləmə taqımının komandiri vəzivəsinə təyin edilmiş və “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2361 Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olarar Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0213 nömrəli əmrilə N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün minatəmizləmə taqımının komandiri baş leytenant İddiaçı səfərbərlikdən tərxis edilərək qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Salyan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1/D-20928 nömrəli məktubunda qeyd edilir: Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinə ünvanladığınız ərizəyə (yenidən hərbi xidmətə qəbul olunmaq istəyiniz barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən məhkum edilmisiniz. Məlumat üçün təkrar olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirəm ki, Sizin yenidən həqiqi hərbi xidmətə qəbul olunmağınız qanunvericiliyin tələblərinə ziddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan rayon Polis şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 182-9516-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı, xx.xx.2003-cü il tarixdə Bakı şəhər Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 331.2; 331.3; 66.3-cü maddələri ilə 03 il 03 ay azadlıqdan məhrum edilmiş, Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il şərti sınaq müddəti təyin olunaraq, cəzası şərti hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0762 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün minatəmizləmə tağımının komandiri təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 0213 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün minatəmizləmə tağımının komandiri vəzifəsindən azad edilmişdir. İşdə olan N nömrəli hərbi hissənin N nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, hərbi hissənin şəxsi siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. İşdə olan N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 297 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, hərbi hissənin şəxsi siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. İşdə olan N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 53 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı maneə ləğvetmə bölüyünün minatəmizləmə tağımının komandiri, Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 fevral 2021-ci il tarixli, 0213 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən təxris edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 22 fevral 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İşdə olan Salyan rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində olan şərti məhkum etmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 182-5344-1222 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1979-cu ildə Azərbaycan Respublikası, Salyan şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan təqdimatdan görünür ki, İddiaçı törətdiyi cinayətə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum edildiyinə görə silahlı qüvvələrdən ehtiyyata buraxılması üçün vəsatət qaldırılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 143 nömrəli arayışında aşağıdakılar qeyd olunmuşdur; 1979-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tər-Tər, Ağdərə istiqamətində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri əsasında səfərbərlikdən təxris edilmişdir. İşdə olan N nömrəli hərbi hissənin xidməti xasiyyətnaməsində qeyd olunmuşdur ki, baş leytenant İddiaçı, bölükdə xidmət etdiyi dövr ərzində intizamlı və vəzifələrin öhdəsindən layiqincə gələ bilən bir tağım komandiri kimi özünü göstərmişdir. Şəxsi gigiyena qaydalarına riayət edir. Hərbi nizamnamələrin tələblərini bilir və tapşırıqlarını dəqiq və düzgün yerinə yetirir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər vətən müharibəsində aktiv iştirak etmişdir. Hərbi nəzakət davranış qaydalarına riayət edir. Bölüyün ictimai həyatında fəaliyyəti var. Xidmətində nöqsanlara yol vermir. Hərbi nəzakət və hərbi davranış qaydalarına riayət etmək qabiliyyəti normal səviyyədədir. Bölüyün şəxsi heyəti arasında hörmətə malikdir. Fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən dözümlüdür. İşdə olan Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi xasiyyətnamədə qeyd olunmuşdur ki, ünvan 3 ünvanda qeydiyyatda olan, Salyan şəhəri, H.Məmmədov küçəsi, 35 saylı ünvanda yaşayan, xx.xx.1979-cu il təvəllüdlü, ailəli, 3 uşaq atası, ali hərbi təhsilli, işsiz, İddiaçı yaşadığı müddət ərzində özünü tərbiyəli insan kimi aparmışdır. Vətəndaş yaşadığı müddət ərzində özünü tərbiyəli insan kimi aparmışdır. Vətəndaş yaşadığı müddət ərzində şəhər ərazi nümayəndəliyinə onun barəsində heç bir şikayət, narazılıq daxil olmamışdır. İşdə olan İ-5594 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1724 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İşdə olan İ-228 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1724 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 238 nömrəli məktubunda qeyd olunmuşdur ki, ehtiyatda olan baş leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, vətən müharibəsində Tər-Tər, Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş və MN-nin müvafiq əmri əsasında səfərbərlikdən tərxis olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 1/D-3559 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız 5 aprel 2022-ci il tarixli, 2-1(120)- 920/2Ü22 nömrəli məktubunuza cavab olaraq bildirirəm ki, ehtiyatda olan baş leytenant İddiaçı yenidən həqiqi hərbi xidmətə qəbul edilməsi ilə əlaqədar ünvanımıza daxil olmuş çoxsaylı müraciətlərinə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, ehtiyatda olan baş leytenant İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci və 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə məhkum edilmişdir. Ehtiyatda olan baş leytenant İddiaçı çoxsaylı müraciətləri ilə əlaqədar Müdafiə Nazirliyinin Hüquq idarəsinə dəvət olunaraq izah olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Əlavə olaraq bildirirəm ki, ehtiyatda oian baş leytenant İddiaçı hərbi xidmət keçməsi barədə məktubunuzda qeyd olunan məlumatın (şəxsi iş surətinin) əldə olunması üçün qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə, bölmə) müraciət olunması məqsədəmüvafiqdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 2000-ci ildən 2002-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmət etmiş, 2003-cü ildə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “B” bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata təxris edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 05 may 2003-cü il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmü dəyişdirilərək haqqında AR CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunmuşdur. Salyan rayon məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarı ilə barəsində olan şərti məhkum etmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsinə etimad göstərilib çağırılaraq növbəti dəfə xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Bunun üçün Ağdam uğrunda, Suqovuşan uğrunda və Cəsur döyüşçü medalları ilə təltif edildmişir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən məhkum edilməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunmasının mümkünsüz olması qeyd olunsa da, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tər-Tər, Ağdərə istiqamətində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri əsasında səfərbərlikdən təxris edilmişdir. Hətta, xidmətlərinə görə Ağdam uğrunda, Suqovuşan uğrunda və Cəsur döyüşçü medalları ilə təltif edildmişir. Bundan başqa məhkəmə xüsusilə qeyd etmək istərdi ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci və 331.3-cü maddələrə əsasən məhkum edilməsinə istinad edərək hazırki halda iddiaçının ilkin müraciətindən imtina etməsi də düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilmiş və 331.2-ci maddə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin şərəf və ləyaqətini alçaltması) Məcəllədən çıxarılmış, bununla da həmin əməl dekriminallaşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilərək həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması) ilə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə də məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bununla belə məhkəmə iddiaçının ilkin müraciəti, hazırki iddia tələbi və həmin tələbə qarşı cavabdeh inzibati orqanın münasibəti (etirazı) ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmiş, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının ilkn müraciəti zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar