Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-920/2024 15.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrün əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrün əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və xx.xx.2006-cı il tarixdə “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa” əsasən ona İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2020-ci il tarixdə əlillik müddətinin bitməsini bəhanə gətirərək onun ödənişini dayandırmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə İİ dərəcəli əlilliyi bərpa olunmuş və əlilliyə görə əmək pensiyası yenidən ödənməyə başlanılmışdır. xx.xx.2020-ci il tarixdə əlillik müddətinin bitməsindən xx.xx.2022-ci il tarixdə İİ dərəcəli əlilliyin bərpa olunmasına qədər olan dövr onun əlil olmamağı anlamına gəlmir, həmin tarixlər aralığında olan dövr üçün əlilliyə görə əmək pensiyası almalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olumasını xahiş etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-139958/2023 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə ödənilməmiş əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatda olan 2-1(120)-3344/2023 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, əlilliyə görə ödənilməmiş əmək pensiyasının hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-1-20701/2023 nömrəli cavab məktubunda İddiaçı xx.xx.2022-ci il tarixdən - əlilliyin bərpa edildiyi vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edildiyi qeyd olunmuşdur. Bundan sonra İddiaçı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə ödənilməmiş əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. İddiaçı “Əmək pensiyaları haqqında” Qanununun 12.1-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik’’ altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır.Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik’’ altsistemində olan məlumatlara əsasən əlilliyin müddəti xx.xx.2022-ci il tarixdən İİ dərəcə olmaqla bərpa olunduğu üçün B. Süleymanovun əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən bərpa edilmişdir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir.Sözügedən Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin Qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1 -cü maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 av ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, səxs ötürülmüş müddət də daxil olmaqla, əlillivi olan səxs hesab edilir.Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir.Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təvinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.”İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik təyin edildiyindən həmin tarixdən etibarən əlilliyə görə əmək pensiyası bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə ödənilməmiş əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-20701/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41 -ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2020-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyanın ödənişi həmin tarixdən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlilliyin müddəti xx.xx.2022-ci il tarixindən İİ dərəcə olmaqla bərpa olunduğu üçün əlilliyə görə əmək pensiyanızın ödənişi həmin tarixdən 266,73 manat (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) olmaqla bərpa edilmişdir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023- cü il tarixindən 283,39 manat müəyyən edilib.Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayından pensiyanın üzərinə əlavə edilməklə sizə ödənilib. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir.Müraciətlə əlaqədar olaraq bildirilir ki, əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət (1 il 9 ay 25 gün) keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. 2022-ci il üzrə nəzərdə tutulmuş 50 manat məbləğində maddi yardım (İV rüb üzrə) pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəkdir. İşdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ağcabədi rayonu, Xocavənd kəndində anadan olmuş, Ağcabədi rayonu, Aşağı-Avşar kəndində qeydiyyatdadır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 28 sentyabr 2023-cü il tarixli 3-17-1/2-223936/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə ödənilməmiş əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması’’ tələbinə dair 2-1(120)-3344/2023 nömrəli inzibati iş vardır.Həmin iş üzrə inzibati icraat materiallarının təsdiq olunmuş surəti göndərilir. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-4/2-28923/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2007-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-4/2-29185/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı ildə ilkin olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik (Diaqnoz: Şəkərli diabet İİ tip, insulin tələbli ağir forma. Hipertoniya xəstəliyi İİ st. ÜİX, gərginlik stenokardiyası) növbəti illərdə hər dəfə bir il olmaqla xx.xx.2015-ci il tarixinə kimi qüvvədə saxlanılmışdır.Sonrakı dövrdə vətəndaşın ümumi xəstəlik səbəbindən ikinci dərəcə əiilliyi xx.xx.2015-ci il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2020-ci ii tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddəti bitdikdən sonra İddiaçı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının ümumi xəstəlik səbəbi ilə rəsmiləşdirilmiş H00030311VDT nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci ildə Agentlikdə (Dz: Şəkərli diabet İİ tip ağır forma, insulin tələbli) əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılan müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq vətəndaşa ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixində orqanizmin funksiyalarının 70 faiz pozulması ilə 2 il müddətinə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarının 3cü maddəsinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.. ... 2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, bu qərarın 15-16-cı bəndlərində istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin müəyyən edilən hallarına görə iddiaçının əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə qiymətləndirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2007-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İddiaçı xx.xx.2006-cı ildə ilkin olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik (Diaqnoz: Şəkərli diabet İİ tip, insulin tələbli ağir forma. Hipertoniya xəstəliyi İİ st. ÜİX, gərginlik stenokardiyası) növbəti illərdə hər dəfə bir il olmaqla xx.xx.2015-ci il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə vətəndaşın ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2020-ci ii tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddəti bitdikdən sonra İddiaçı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının ümumi xəstəlik səbəbi ilə rəsmiləşdirilmiş H00030311VDT nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci ildə Agentlikdə (D-z: Şəkərli diabet İİ tip ağır forma, insulin tələbli) əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılan müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq vətəndaşa ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixində orqanizmin funksiyalarının 70 faiz pozulması ilə 2 il müddətinə əlillik təyinatı barədə qərar qəbul edilmişdir və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2020-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 1 il 9 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Belə olduğu halda yəni iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrün əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrün əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova