Məhkəmə qərarları › İş №2-1(120)-922/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-922/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-922/2020 28.09.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı, X12 və X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı, X18 və X23 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(120)-922/2020 saylı qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 28 sentyabr 2020-ci il tarixdə, saat 14.30-da məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda iddiaçıdan iddianın mümkünlük məsələsinin həll edilməsi üçün hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasına və yaxud pozulmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı, X12 və X13 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki,məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçıların tələbinin əsası ondan ibarətdir ki,keçmiş Jdanov şəhər X20 30 iyul 1969 cu il tarixli 7 saylı qərarı ilə babası X7 ayrılmış keçmiş Jdanov şəhəri (indiki Beyləqan) ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində atası, babasının razılığı ilə ev tikmişdir və həmin evdə onlar yaşamışdırlar. 1997-ci ildə atası X10 vəfat etmiş, onun vəfatından sonra həmin evdə yaşamaqda davam etmişdirlər. X1 19 oktyabr 2004-cü ildə vəfat etmişdir. Həmin vaxt babası ona ayrılmış torpaq sahəsinə və orada tikilən evə özünün adına heç bir hüquq müəyyənedici sənəd almamışdır. Yaxın vaxtlarda vərəsəlik qaydasında həmin torpaq sahəsinə olan hüququnu rəsmiləşdirmək istərkən ona məlum olmuşdur ki, əmisi X9 həmin torpaq sahəsinə öz adına DTXK-nin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş və X25 kitabında 12 oktyabr 2010-cu il tarixdə 1244 nömrə ilə uçota alınmış A 295626 nömrəli torpaq sahəsinin planı və ölçüsünü almışdır. Həmin torpaq sahəsinin planı və ölçüsünün qanunsuz verildiyinə görə ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə ərizə ünvanlamışdır. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi ərizəsini təmin etməmiş və özünün 10 fevral 2020-ci il tarixli, **********11 saylı məktubu ilə məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Odur ki, X4 adına DTXK-nin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş və X25 kitabında 12 oktyabr 2010-cu il tarixdə 1244 nömrə ilə uçota alınmış A 295626 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçılara dəfələrlə yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçılar həmin sübutları məhkəməyə təqdim etməmiş və özləridə məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Jdanov şəhər ZDS İcraiyyə Komitəsinin 30 iyul 1969-cu il tarixli, 7 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Jdanov şəhər ərazisindən ictimai obyektlər üçün nəzərdə tutulmamış sahələrdən X5 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 05 may 2010cu il tarixli, 28 nömrəli sərəncamından görünür ki, Beyləqan şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 411 nömrəli və 28 fevral 2007-ci il tarixli 536 nömrəli fərmanları ilə təsdiq edilmiş qaydada və formada “torpaq sahəsinin planı və ölçüsü” nün hazırlanmasına köməklik göstərilməsi qərara alınmışdır. İş materiallarında olan DTXK-nin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş və X25 kitabında 12 oktyabr 2010-cu il tarixdə 1244 nömrə ilə uçota alınmış A 295626 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli,28 nömrəli qərarı ilə 590.75 kv.m həyətyanı torpaq sahəsi X4 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə göndərdiyi 24 sentyabr 2020-ci il tarixli, 127 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-si üzrə Nümayəndəliyi Sizin xx.xx.2020-ci il tarixli, 2-1(120)-922/2020 nömrəli sorğunuza cavab olaraq bildirir ki, qeyd olunan 0.06 ha torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. Həmin torpaq sahəsindən X8 tərəfindən istifadə edilir və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Məlumat üçün bildiririk ki, X2 atası mərhum X3r və həmin fərdi yaşayış evi atası tərəfindən inşa edilmiş evdir. X8 ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Beləliklə də iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçılarİddiaçı, X12 və X13 hazırda mübahisələndirilən A 295626 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin aid edildiyi torpaq sahəsi üzərində heç bir əmlak hüquqları yoxdur. Həmçinin iddiaçılar mübahisəli torpaq sahəsindən və orada olan tikilidən istifadə etməsinə, o cümlədən həmin tikilinin onlara məxsus olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da iddiaçıların mübahisəli torpaq sahəsi və orada olan tikilidən istifadə etməsi və orada yaşaması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları:müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü;vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçıların hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçılar tərəfindən iddia edilən torpaq sahəsinin və orada olan tikilinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında onlara məxsus olmasıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hər hansı hüquqi əsasla onlara məxsus torpaq sahəsi barədə onların iradəsinə zidd başqa şəxsin (hazırkı iş üzrə üçüncü şəxsin) adına torpaq sahəsinin plan və ölçü sənədi verilmiş olsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən hazırda mübahisələndirilən A 295626 nömrəli torpaq sahəsinin planı və və ölçüsü sənədinin aid olduğu torpaq sahəsinin və orada olan tikilinin hər hansı hüquqi əsasla hazırda iddiaçılara məxsus olması müəyyən edilməmişdir. Bundan başqa şərti olaraq qəbul etsək ki, iddiaçılar X1nun qanun üzrə vərəsələridir, bu zaman iddiaçılar babası X6 vərəsəsi olmasına və miras əmlakının qəbul etməsinə dair sübutlarını məhkəməyə təqdim etməlidir. Məhkəmənin qənaətinə görə hazırkı vəziyyətdə iddiaçıların hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onlar ölmüş X1nun vərəsələri olduğunu təsdiq edən sübutlar təqdim etsin və ölmüş şəxsin yaranmış əmlak hüququ notariat orqanı tərəfindən miras kütləsinə daxil edilsin. Ancaq hazırkı işdə iddiaçılar ölmüş X1nun vərəsələri olduğunu təsdiq edən sübutları (notariat orqanına müraciət, vərəsəlik şəhadətnaməsi və s) təqdim etməmiş və ölmüş şəxsin yaranmış əmlak hüququ notariat orqanı tərəfindən miras kütləsinə daxil edilməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının ilkin olaraq iddia tələbi ilə əlaqədar cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. İş materiallarından görünür ki, iddiaçılardan İddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etmişdir, lakin digər iddiaçlar - X18 və X23 hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmişdir. Yəni, iddiaçılar X18 və X23 cavabdehin hazırkı iddia tələbinin onlara aid hissədə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X12 və X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi”tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, X12 və X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar