Məhkəmə qərarları › İş №2-1(120)-923/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-923/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-923/2020 11.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Sabirabad rayonu, Cavad kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Sabirabad RHK tərəfindən 29.09.N92-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılaraq N saylı hərbi hissənin tərkibinə atıcı vəzifəsinə daxil olmuşdur. Bu hərbi hissənin tərkibində Ağdərə ərazisində gedən aktiv döyüşlərdə iştirak etmiş, 22.03.N93-cü il tarixdən 02.11.N96-cı il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət edərək oradan ehtiyata buraxılmışdır. Lakin bu günə kimi müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 21.02.2020-ci il tarixli cavab məktubunda N saylı hərbi hissə komandirinin N93-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından ezamiyyətə getməyi barədə araşdırma apara bilmədiklərini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissələr N və N Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 20.06.2017-ci il tarixli, 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, hərbi biletinin surətini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 27.01.2020-ci il tarixli, 9/2-1099 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyətin Baş İdarəsinin 26.02.2020-ci il tarixli, 1/B-3094 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati- Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 17N7094 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.09.N74-cü il tarixdə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, Sabirabad rayonu, Cavad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 25.09.N92-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 29.09.N92-ci il tarixdən 02.11.N96-cı il tarixədək N və N nömrəli hərbi hissələrin tərkibində xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 27.01.2020-ci il tarixli, 9/2-1099 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissədən gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 22.03.N93-cü il tarixli, 32 nömrəli əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. Müdafiə Nazirliyinin 30.09.N96-cı il tarixli müvafiq əmrinə əsasən tərxis olunmuş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N96-cı il tarixli, 185 nömrəli əmrilə 02.11.N96-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat üçün Sabirabad RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezam getməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr N92, dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı 26.02.2020-ci il tarixli, 1/B-3094 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 21.02.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 27.01.2020-ci il 9/2-1099 nömrəli arayışına əsasən xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığınavə N nömrəli hərbi hissənin sentyabr N92-ci il dekabr, N93-ci il tarixli sənədləri Mərkəzi Arxivə daxil olmadığına görə ona müharibə adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı 21.04.2020-ci il tarixli, 9/2-4499 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədən gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 22.03.N93-cü il tarixli, 32 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. Müdafi Nazirinin 30.09.N96-cı il tarixli müvafiq əmrinə əsasən tərxis olunmuş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N96-cı il tarixli, 185 nömrəli əmrilə 02.11.N96-cı il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyat üçün Sabirabad RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezam getməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin fevral, mart N93-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı 02.05.2020-ci il tarixli, 363 nömrəli məktubunda qeyd edilmişdir ki, 05.09.N74-cü il təvəllüdlü Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olan hərbi vəzifəli İddiaçı 25.09.N92-ci il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən 126, N nömrəli hərbi hissələrində həqiqi hərbi xidmət keçmişdir və 02.11.N96-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.09.N96-cı il tarixli müvafiq əmrinə və N nömrəli hərbi hissə komandirinin 01.11.N96-cı il tarixli, 185 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və 06.11.N96-cı il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. Hərbi vəzifəli İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına şəxsən müraciət etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı bildirilmişdir ki, onun Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 27.01.2020-ci il tarixli, 9/2-1099 nömrəli arxiv arayışında xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissənin sentyabr N92-dekabr N96-cı il tarixli sənədlər Mərkəzi Arxivə daxil olmadığına görə ona müharibə veteranı adının verilməsi məqsədəuyğun hesab olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 29.09.N92-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılaraq N saylı hərbi hissənin tərkibinə atıcı vəzifəsinə daxil olmuş, 22.03.N93-cü il tarixdən 02.11.N96-cı il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət edərək oradan ehtiyata buraxılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 27.01.2020-ci il tarixli, 9/2-1099 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezam getməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr N92, dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 26.02.2020-ci il tarixli, 1/B-3094 nömrəli məktubunda N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığını və N nömrəli hərbi hissənin sentyabr N92-ci il dekabr, N93-ci il tarixli sənədləri Mərkəzi Arxivə daxil olmadığına görə ona müharibə adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki,qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməməsi, onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar