Məhkəmə qərarları › İş №2-1(120)-928/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-928/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-928/2025 20.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, İddiaçı ümumi xəstəlik ilə əlaqədar dərin əqli gerilik pozuntusu səbəbi ilə 95-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İ-ci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ilə “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” X10 nümayəndəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının vəkili iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, İddiaçı ümumi xəstəlik ilə əlaqədar səbəbi ilə dərin əqli gerilik pozuntusunun 95-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyinin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, İddiaçı ümumi xəstəlik ilə əlaqədar dərin əqli gerilik pozuntusu səbəbi ilə 95-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1967-cı ildə doğulmuş, 30 ildən yuxarıdır ki, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür edilməsi göstərməklə, “Dərin dərəcədə ifadə olunmuş əqli gerilik. Surdomutizm(lal-kar)İQ 19 Kənar şəxslərin köməyinə qulluğuna ehtiyacı var.” Xəstəliyindən əziyyət çəkməklə 2-ci qrup əlil idi, xx.xx.2019-cu ildə əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş, ona həmin müayinəyə görə ümumi xəstəlik səbəbindən müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. 4 il 1-ci qurup üzrə əlil kimi dövlət tərəfindən pensiya almış, 2023cü ilin sonlarında ona məlum olmuşdur ki, əlilliyi cavabdeh təşkilat tərəfindən ləğv edilmişdir. Bununla bağlı özü və ailə üzvləri müxtəlif instansiyalara şikayətlər etmişdir. Sonda ona cavabdeh təşkilatın məktubunda guya cavabdeh təşkilat tərəfindən “şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslərin sənədləri araşdırılmış və onun əlilliyi ləğv edilmişdir”. Cavabdeh təşkilatın onun əliliyinin ləğv edilməsi ilə bağlı şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslərin sənədləri araşdırması qanunsuzdur. Belə ki, mövcud Qanunvericiliyə görə əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilimiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən aparılır. Lakin həm Qərarda “şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslərin sənədləri araşdırılması” ilə bağlı heç bır müddəa yoxdur. Göründüyü kimi cavabdeh təşkilatın əlilliyinin ləğv etməsi ilə bağlı saxta araşdırma aparması qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., -Dərin dərəcədə ifadə olunmuş əqli gerilik Surdomutizm ( lal-kar) İQ < 19 Kənar şəxslərin köməyinə qulluğuna ehtiyacı var Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə. Biləsuvar rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0234003AAJA6 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.1.13 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-26001/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən 'Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin. V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxanda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ona aid olan hissədə ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3131/2024 saylı qərardadına əsasən əyani müayinə keçirilməsi nəticəsi olaraq verilmiş və qərara nəzər yetirilən zaman inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edildiyi, xx.xx.2019-cu il tarixli müddətsiz birinci dərəcə əlilliyin bərpa edildiyi, xx.xx.2024-cü il tarixdən isə “hissəvi reabilitasiya olnması” və ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatının aparıldığı müəyyən edilir. Qeyd edilən qərar əvvəlki qərarlardan fərqli nəticə doğurduğundan iddiaçının həmin qərarı mübahisələndirməsi mümkün hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024cü il tarixli, 3-17-4/2-S-3081/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisənin 0234003AAJA6 nömrəli göndərişi əsasında xx.xx.2019-cü il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əiillik təyin edilmişdir. Nəzərə çatdırılır ki, şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. İnzibati icraat Haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün İddiaçı xx.xx.2023cü il tarixində Agentliyə dəvət olunmuş, lakin İddiaçı Agentliyə müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Məhkəmənin 03 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçıya canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2- 20394/2024 nömrəli məktubundan görünür ki, məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əiiilik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin müraciəti qeydə alınmamışdır. Məlumat üçün bildiririk ki, məhkəmə qərardadları əsasında vətəndaşların əlillik vəziyyətlərinin obyektiv, operativ və ətraflı qiymətləndirilməsi Agentliyin Mərkəzi tibbi-sosial ekspert komissiyasında ixtisaslaşmış həkim-psixiatrlar və digər ekspertlər tərəfindən aparılır və tibbi zərurət olduqda onların xəstəliyə uyğun müayinələri (elektroensefaloqrafiya, exokardioqrafiya, aşağı ətraf damarlarının dopleri, USM, spirometriya, qanın analizi və s.) Agentlikdə həyata keçirilir. Məhkəmənin 23 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçıya canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2- 29385/2024 nömrəli məktubundan görünür ki, məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin müraciəti qeydə alınmamışdır. Növbəti dəfə vətəndaş xx.xx.2024-cü il tarixinə Agentliyə dəvət edilmiş, lakin həmin tarixdə müayinədə iştirak etməmişdir. Məlumat üçün bildiririk ki, məhkəmə qərardadları əsasında vətəndaşların əlillik vəziyyətlərinin obyektiv, operativ və ətraflı qiymətləndirilməsi Agentliyin Mərkəzi tibbi-sosial ekspert komissiyasında ixtisaslaşmış həkim-psixiatrlar və digər ekspertlər tərəfindən aparılır və tibbi zərurət olduqda onların xəstəliyə uyğun müayinələri (elektroensefaloqrafiya, exokardioqrafiya, aşağı ətraf damarlarının dopleri, USM, spirometriya, qanın analizi və s.) Agentlikdə həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, vətəndaşın əyani müayinə olunması barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-3131/2024 nömrəli məktubunuz tərəfimizdən xx.xx.2024-cü il tarixli, 3-17-4/2- 20394/2024 nömrəli məktubla cavablandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Biləsuvar rayon X7 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1- 30/2-305/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 0234003AAJA6 nömrəli göndərişə əsasən “Yüngül əqli gerilik” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda bu xəstəliyin davam edib etməməsi üçün vətəndaş İddiaçı Salyan Rayonlararası Psixiatiriya Xəstəxansına göndərilmişdir. Salyan Rayonlararası Psixiatiriya X4 Komisiyasının xx.xx.2025-ci il tarixli 584 nömrəli məktubuna əsasən "F73.0 Çox ağır əqli gerilik, Surdomutizizm (lal-karlıq) İQ-19% Kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-45/2025 nömrəli qərarından görünür ki, ... AR Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”nin Həkim Psixiatr Komissiyasının xx.xx.2019-cu il tarixli 912 nömrəli Tibbi rəyinə əsasən diaqnoz “Dərin dərəcədə ifadə olunmuş əqli gerilik. Surdomutizm (lal-kar). İQ<19. Kənar şəxslərin qulluğuna ehtiyacı var." şəklində göstərilsə də, aparılmış obyektiv müayinə nəticəsində xəstənin psixopatoloji vəziyyətinin “Yüngül əqli gerilik” diaqnozuna müvafiq olduğu müəyyən edilmişdir. Beləliklə anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19540/2023 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnoz öz təsdiqini tapmadı” qərarı ləqv edilsin, xx.xx.2019-cu il tarixli ümumi xəstəlik səbəbinddən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilmiş, xx.xx.2024-cü il tarixindən “Hissəvi Reabilitasiya olunması” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərarın: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Meyarlar üzrə: Əqli gerilik – F70-F73 Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). Qiymətləndirmə: 7.2.3. ağır dərəcəli əqli gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması (F70-F73) - 85-90 % müddətsiz “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən İddiaçı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., -Dərin dərəcədə ifadə olunmuş əqli gerilik Surdomutizm (lal-kar) İQ < 19 Kənar şəxslərin köməyinə qulluğuna ehtiyacı var. Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə. Biləsuvar rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0234003AAJA6 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.1.13 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı dörd il birinci dərəcəli əlil kimi dövlət tərəfindən pensiya almış, 2023-cü ilin sonlarında onun əlilliyi cavabdeh təşkilat tərəfindən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona xx.xx.2024-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıda “F70-F73” xəstəlikləri anadangəlmə olduqlarından əziyyət çəkməsini konkret demək mümkündür. İddiaçının hüquqi marağı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, ümumi xəstəlik ilə əlaqədar dərin əqli gerilik pozuntusu səbəbi ilə 95-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Eləcə də, Salyan Rayonlararası Psixiatiriya X4 Komisiyasının xx.xx.2025-ci il tarixli 584 nömrəli məktubuna əsasən şəxsin son müayinələri zamanı ona "F73.0 Çox ağır əqli gerilik, Surdomutizizm (lal-karlıq) İQ-19% Kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var” diaqnozu təyin edilmişdir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı üzrə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərarın 7.2.4 bəndinə uyğun gəlir: dərin əqli gerilik İQ <20: heç bir ünsiyyət formasını, minimal şəxsi gigiyenanı yerinə yetirə 7.2.4. 95-100 müddətsiz bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyri-mümkünlüyü Əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada hazırkı mübahisəyə münasibətdə inzibati orqanın qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, İddiaçı ümumi xəstəlik ilə əlaqədar dərin əqli gerilik pozuntusu səbəbi ilə 95-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən təyin edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, İddiaçı ümumi xəstəlik ilə əlaqədar dərin əqli gerilik pozuntusu səbəbi ilə 95-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar