Məhkəmə qərarları › İş №2-1(120)-93/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-93/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-93/2025 10.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsinə qarşı “Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə verilməsi barədə arayışa və mənzil-kommunal təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İstehsalat birliyi tərəfindən 2000-ci ilin sentyabr ayında tərtib edilən 65 nömrəli texniki pasporta əsasən qeyd olunan qeyri-yaşayış obyektinin üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsinə qarşı “ona məxsus qeyri yaşayış binasına mülkiyyət hüququnua dair daşınmaz əmlakın dövlət reyestrindən çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cəlilabad rayon İcra Hakimiyyəti, xx.xx.2023cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və xx.xx.2024-cü il tarixli qərardadı ilə Cəlilabad bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində cəlb edilməmələrinə dair Şirvan İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(120)-742/2023 saylı qərardadı ləğv edilmişdir. İddiaçının vəkili Vəkil iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə verilməsi barədə arayışa və mənzil-kommunal təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İstehsalat birliyi tərəfindən 2000-ci ilin sentyabr ayında tərtib edilən 65 nömrəli texniki pasporta əsasən qeyd olunan qeyri-yaşayış obyektinin üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad RİH-nin başçısı aparatında Memarlı və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə sənədi əsasında Cəlilabad şəhəri, Axundov küçəsində 36 kv.m olan qeyri-yaşayış binası inşa etdirmiş, obyekt elə həmin vaxtdan da fəaliyyətdədir. Apardığı tikinti işləri Cəlilabad rayon İH-nin Memarlı və Tikinti şöbəsi ilə razılaşdırılmış, binanın planı və smeta-layihə sənədləri rayonun baş memar tərəfindən təsdiq edilmişdir. Obyektin yerləşdiyi torpaq sahəsini isə xx.xx.2002-ci ildə Cəlilabad Bələdiyyəsindən 99 il müddətinə icarəyə götürmüş, ona məxsus obyektə hüquq müəyyənedici sənədlər əsasında 2000-ci ilin sentyabr ayında cavabdeh təşkilat tərəfindən 65 inventar nömrəli texniki pasport verilmişdir. Hazırda Dövlət Reyestrindən çıxarışa ehtiyacı vardır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ona xx.xx.2022-ci il tarixli məktubla Dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizəsindən imtina olunmuş, səbəb isə inşa etdirdiyi qeyriyaşayış binasının tikintisinin aparılmasına dair icazə verilməsi barədə qərar və digər sənədlərin olmaması göstərilmişdir. Ona məxsus obyektə texniki pasport verilən zaman lazım olan sənədlər tərəfindən cavabdeh təşkilata təqdim olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsinin imtinasının əsassız olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı 12 may 2022-ci il tarixdə Cəlilabad şəhərində yerləşən qeyri yaşayış binasına reyestrdən çıxarış və texniki pasport alınması ilə bağlı müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (istismara qəbul aktı) sənədləri tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati işlə bağlı Cəlilabad rayon İcra hakimiyyətinin nümayəndəsinin məhkəmə prosesinə cəlb edilməsi məqsədəmüvafiqdir. Göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub daşınmaz əmlakın (qeyri yaşayış binasının) qeydiyyata alınmasından 25 may 2022-ci il tarixli **********29 saylı məktubla imtina edilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər Cəlilabad rayon İcra Hakimiyyətinin və Cəlilabad bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Cəlilabad rayonu ərazisində yerləşdiyindən və Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhər sakini Qubadova Həlimə Vəkilağa qızına şəhərin “Qurtuluş” prospekti ilə Axundov küçəsi ilə kəsişdiyi yerdən cənubi-şərqdən çörək satışı köşkünün cənub tərəfindən 6x9 m ölçüdə ərazidən istifadə edilməsinə 6x4 m köşkün tikintisinə və 6x5 m ölçüdə talvar tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında mənzil-kommunal təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İstehsalat birliyi tərəfindən 2000-ci ilin sentyabr ayında tərtib edilən 65 nömrəli texniki pasportundan görünür ki, Qubadova Həlimə Vəkilağa qızına ticarət və ya ictimai iaşə obyektindən istifadə hüququna texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Cəlilabad bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 02 nömrəli protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhər sakini İddiaçı müraciəti nəzərə alınaraq ona 0.00154 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (istismara qəbul aktı) sənədləri tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati işlə bağlı Cəlilabad rayon İcra hakimiyyətinin nümayəndəsinin məhkəmə prosesinə cəlb edilməsi məqsədəmüvafiqdir. Göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub daşınmaz əmlakın (qeyri yaşayış binasının) qeydiyyata alınmasından 25 may 2022-ci il tarixli **********29 saylı məktubla imtina edilmişdir. İş materiallarında olan Cəlilabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 328 nömrəli arayışından görünür ki, Cəlilabad Bələdiyyəsi tərəfindən Cəlilabad şəhər M.F.Axundov küçəsi 18 saylı evdə yaşayan İddiaçı həqiqətən onunla Cəlilabad Bələdiyyəsinin 30 yanvar 2002-ci il tarixli 02 saylı iclas qərarı ilə 154 (bir yüz əlli dörd) kv.metr torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötəri doxsan doqquz il müddətinə 04 dekabr 2007-ci il tarixli 73 saylı icarə müqaviləsi bağlanılmışdır. Hal-hazırda icarəsindədir və icarə müqaviləsinə əsasən Cəlilabad bələdiyyəsinə hər il 23 (iyirmi üç) manat icarə haqqı ödəyir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1652 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Cəlilabad şəhəri, M.F.Axundov küçəsində 6 x 4 m ölçüdə köşkün tikintisinə və 6 x 5 m ölçüdə talvarın tikintisinə icazə verilməsinə əsas olan arayışın və həmin arayışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə müraciətinizə cavab olaraq bildiririk ki, rayon icra hakimiyyəti başçısının aparatında və rayon dövlət arxivində saxlanılan sənədlər araşdırılan zaman İddiaçı və ya Qubadova Həlimə Vəkilağa qızına köşkün və talvarın tikintisinə icazə verilməsinə dair heç bir hüquqi sənəd aşkar edilməmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 54 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Qubadova - İddiaçı Cəlilabad şəhəri Axundov küçəsində yerləşən köşkün və talvarın tikintisi ilə əlaqədar tərəflərindən heç bir məlumat aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında qoyulan suallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdikləri 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9316 saylı rəyində qeyd edilən suallar başqa iş üzrə aparılan ekspertiza işinin suallarına cavabların qeyd edildiyi müəyyən olunduğu üçün iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/1336/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 22.01,2024-cü il tarixli, 3-21-3-44/2-380/2024 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cəlilabad RİH başçısı aparatında Memerlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə sənədi ilə Elyasova (Qubadova) Həlimə Vəkilağa qızı tərəfindən inşa edilməsi kimi iddia olunan ümumi sahəsi 64 kv.m olan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin yeri və koordinatları müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cəlilabad RİH başçısı aparatında Memerlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə sənədi ilə Elyasova (Qubadova) Həlimə Vəkilağa qızı tərəfindən inşa edilməsi kimi iddia olunan ümumi sahəsi 64 kv.m olan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın üçüncü sualı üzrə: İddia olunan tikiliyə dair Cəlilabad RİH başçısı aparatında Memerlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə sənədi, təsdiq edilmiş smeta sənədi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 2000-ci il tarixdə tərtib edilmiş Texniki Pasport sənədlərinin mövcud olduğunu nəzərə alaraq həmin obyektin layihə sənədlərinin norma və qaydalara uyğun olduğu müəyyən edilir. Eyni zamanda aparılmış tədqiqatla müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan sahədə texniki pasportda qeyd olunan tikililərdən əlavə artırmalar edilmiş, qeyri-yaşayış binasına bitişik əlavə sahələr inşa edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Cəlilabad RİH-nin başçısı aparatında Memerlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə sənədi Elyasova (Qubadova) Həlimə Vəkilağa qızı tərəfindən inşa edilmiş tikilinin qeyri-yaşayış obyekti olması bir mərtəbəli olmaqla mişar daşından inşa edilməsi müəyyən edilmişdir. Həmin tikilinin əsas sahəsinin Texniki Pasporta uyğun olması, eyni zamanda əlavə artırma tikililərin inşa edilməsi, ümumilikdə təyinatı üzrə istismara yararlı olduğu, təcrid şəkildə ayrıca olaraq giriş-çıxışının olduğu müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X7rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin imtinası üçün dəlil gətirmişdir: - Təqdim etdiyi Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997ci il tarixli, 628 saylı icazə verilməsi barədə arayışın və mənzil-kommunal təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İstehsalat birliyi tərəfindən 2000-ci ilin sentyabr ayında tərtib edilən 65 nömrəli texniki pasportunu təqdim edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (istismara qəbul aktı) sənədləri tələb etmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Məhkəmə qeyd edir ki, Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhər sakini Qubadova Həlimə Vəkilağa qızına şəhərin “Qurtuluş” prospekti ilə Axundov küçəsi ilə kəsişdiyi yerdən cənubi-şərqdən çörək satışı köşkünün cənub tərəfindən 6x9 m ölçüdə ərazidən istifadə edilməsinə 6x4 m köşkün tikintisinə və 6x5 m ölçüdə talvar tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında mənzil-kommunal təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İstehsalat birliyi tərəfindən 2000-ci ilin sentyabr ayında tərtib edilən 65 nömrəli texniki pasportundan görünür ki, Qubadova Həlimə Vəkilağa qızına ticarət və ya ictimai iaşə obyektindən istifadə hüququna texniki pasport tərtib edilmişdir. Cəlilabad bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 02 nömrəli protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhər sakini İddiaçı müraciəti nəzərə alınaraq ona 0.00154 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından X6 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli qərarını mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan imtina iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1336/2025 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Rəyə əsasən iddia olunan ümumi sahəsi 64 kv.m olan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, Texniki Pasport sənədlərinin mövcud olduğunu nəzərə alaraq həmin obyektin layihə sənədlərinin norma və qaydalara uyğun olduğu, təyinatı üzrə istismara yararlı olduğu, təcrid şəkildə ayrıca olaraq giriş-çıxışının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə verilməsi barədə arayışa və mənzil-kommunal təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İstehsalat birliyi tərəfindən 2000-ci ilin sentyabr ayında tərtib edilən 65 nömrəli texniki pasporta əsasən qeyd olunan qeyri-yaşayış obyektinin üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkili iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.1997-ci il tarixli, 628 saylı icazə verilməsi barədə arayışa və mənzil-kommunal təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İstehsalat birliyi tərəfindən 2000-ci ilin sentyabr ayında tərtib edilən 65 nömrəli texniki pasporta əsasən qeyd olunan qeyri-yaşayış obyektinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar