Məhkəmə qərarları › İş №2-1(120)-933/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-933/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-933/2021 20.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın Rayon Təhsil Şöbəsinə qarşı «işlədiyi illərin adına açılmış əmək kitabçasında qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 20 may 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Laçın Rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1997-ci ildən 2019-cu ilə kimi Laçın rayon Korçay ibtidai məktəbində müəllimə işlədiyi illərin adına açılmış əmək kitabçasında qeyd edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin müvafiq sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən 2019-cu ilə kimi Yevlax rayon Aran qəsəbəsində yerləşən Laçın rayon Korçay ibtidai məktəbində müəllimə işləmişdir. Həmin məktəb 2019-cu il tarixdə bağlanmışdır. Onun məktəbdə işləməyinə dair və işdən çıxmağına dair əmrləri əmək kitabçasına işlənilməmişdir. O, qeyd edilən illərin əmək kitabçasına qeyd edilməsi ilə bağlı Laçın Rayon Təhsil Şöbəsinə müraciət etmişdir. Ona bildirmişlər ki, Laçın Rayon Təhsil Şöbəsinin 1997-2005-ci illərə aid əmr kitabları mövcud deyil və Arxivə təhvil verilməyibdir. Əmək haqqı almağı barədə Arxiv İdarəsindən arayışlar almışdır. Onun 1989-cu il tarixdən 1997-ci il tarixə kimi işləməyini təsdiq edən əmək kitabçası mövcuddur. Bununla bağlı cavabdehə rəsmi müraciət etmişdir. Cavabdeh 05.04.2021-ci il tarixli məktubla ona bildirmişdir ki, əmək stajı barədə məlumat vermək mümkün deyil. O, bununla razı deyil və hesab edir ki, onun məktəbdə işlədiyi illər təsdiq edilməlidir. Həmin sənədlərin arxivə verilməməsi onun günahı deyil, müvafiq məktəbin və Təhsil şöbəsinin rəhbərliyinin vəzifəsi idi. Hər kəsin dövlət hakimiyyətini həyata keçirən orqanın verdiyi sənədlərə etimad hüququ qanunla qorunur. Həmin məktəbin mövcduluğu ilə bağlı sənədləri də təqdim edir. Göstərilənlərə əsaslanaraq, onun 1997-ci ildən 2019-cu ilə kimi Laçın rayon Korçay ibtidai məktəbində müəllimə işlədiyi illərin adına açılmış əmək kitabçasında qeyd edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia edir ki, 1997-ci ildən 2019-cu ilə kimi Yevlax rayon Aran qəsəbəsində yerləşən Laçın rayon Korçay ibtidai məktəbində müəllimə işləmiş, həmin məktəb 2019-cu il tarixdə bağlanmış, onun məktəbdə işləməyinə və işdən çıxmağına dair əmrləri əmək kitabçasına işlənilməmiş, o, qeyd edilən illərin əmək kitabçasına qeyd edilməsi ilə bağlı Laçın Rayon Təhsil Şöbəsinə müraciət etmiş, lakin həmin orqan Laçın Rayon Təhsil Şöbəsinin 1997-2005-ci illərə aid əmr kitablarının mövcud olmadığı və Arxivə təhvil verilmədiyindən əmək stajı barədə məlumat verməyin mümkün olmadığı ona bildirilmişdir. Göründüyü kimi, onun hazırki iddia tələbini irəli sürməsinin səbəbi onun işlədiyi illərin əmək kitabçasına qeyd edilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh Laçın Rayon Təhsil Şöbəsi inzibati orqan olsa da, tərəflər arasında yaranmış mübahisə inzibati orqanın inzibati fəaliyyətini həyata keçirilməsi ilə bağlı yaranmış inzibati mübahisə deyil, əmək münasibətlərindən əmələ gələn mübahisə hesab olunur. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olsa da mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun maddə - 2.0.2). Hazirki mübahisənin predmetini isə əmək haqqı təşkil edir ki, bu da əmək münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr tərəfindən baxırlır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli qərarının 12-ci bəndi ilə müəyyən edilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İddiaçının işlədiyi müəllim vəzifəsi dövlət qulluğunda olan vəzifəsi hesab edilmədiyindən və onun dövlət qulluqçusu statusu olmadığından onunla cavabdeh arasında yaranmış mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia tələbi ilə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Laçın Rayon Təhsil Şöbəsinə qarşı «işlədiyi illərin adına açılmış əmək kitabçasında qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar